Yay tətilində hansı bədii ədəbiyyatı oxumusunuz?

Məktəb rəhbərləri şagirdlərdən siyahı istəyəcək



Təhsil naziri Mikayıl Cabbarov məktəblilərdə mütaliəyə marağı artırmaq üçün məktəb direktorlarına ciddi tapşırıqlar verib. Belə ki, məktəb rəhbərləri şagirdlərdən yay aylarında oxuduğu bədii kitabların siyahısını istəyəcək və bu iş məcburi qaydada həyata keçiriləcək. Nazirin bu təşəbbüsünə səbəb kimi imtahanlarda yüksək nəticə göstərən şagirdlərin bəsit dünya görüşünə malik olmaları göstərilir. Ona görə də şagirdlər arasında mütaliənin populyarlaşdırılmasına başlanılacaq. Deyilənlərə görə, bu tədris ilində şagirdlərin mütaliəyə marağını artıran tədbirlər planı və yaxud Dövlət Proqramı hazırlanacaq.

Nazirliyin addımını dəyərləndirən müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist Elnur Astanbəyli "Şərq”ə açıqlamasında söyləyib ki, məsələnin bir neçə tərəfi mövcuddur: "Birincisi odur ki, nazir uşaqların dünya görüşünün artırılmasına bu qədər önəm verirsə, öncə, dərsliklərə baxmalıdır. Orta məktəb ədəbiyyatlarına Hüseynbala Mirələmovu daxil edirlərsə, uşaqlardan hansı dünya görüşü tələb oluna bilər. Dərsliklərə baxaraq, vəziyyətin nə qədər dözülməz olduğunu demək çox asandı. İbtidai siniflərdən başlayaraq, yuxarı siniflərə qədər Azərbaycan dili və ədəbiyyatı dərsliklərinə salınan mətnlərə yenidən baxmaq lazımdır. Keçilən mətnlərin hansı estetik və bədii tələblərə cavab verdiyini gözdən keçirmək lazımdı. Dərsliklərin vəziyyəti elə bir səviyyəyə gətirilməlidi ki, uşaqlarda oxu zövq və öyrənmək eşqi alovlansın. İnanmıram ki, o zövqü bugünkü dərsliklər verə bilsin. Hazırda dərsliklər çox zəif,

çox aşağı səviyyədədir. Bu nöqsanlar yoluna qoyulduqdan sonra uşaqların yay tətilində nə oxuyub, oxumayacaqları barədə düşünmək olar”.

Yazıçı qeyd edib ki, ölkəmizdə məktəbə qədər təhsilin səviyyəsi çox aşağıdı: "100 minlərlə uşaq bağça üzü görmür. Baxın, xarici ölkələrdə 3-4-cü sinifdə keçirilən məsələləri biz yuxarı siniflərdə tədris edirik. Uşaq ədəbiyyatlarında elə klassik əsərləri var ki, bizdə onları uşaqların yetkin dövründə öyrədirlər. Məsələn, Avropada Qavroşu uşaqlar ikinci sinifdə tanıyırlar. Bizdə isə 10-cu sinifdə. Baxın, rus və türk telekanallarında uşaq verilişlərinə baxarkən bir şeyi müşahidə elədim. Rus və türk uşaqları elə məntiqlə danışırlar ki, adam onların məntiqinə və ya söz bazasına heyran olur. Çox məntiqi əsaslara söykənərək danışırlar. Bizdə nəinki azyaşlılar, heç Universitetə 700 balla qəbul olunanlar o cür məntiqli danışa bilmir. Azərbaycan gənclərinin sanki söz bazası yoxdur. Özlərini ifadə etməkdə çətinlik çəkirlər. Danışanda söz tapmırlar. Bu da ədəbiyyatdan uzaq düşmələri səbəbindən yaşanır. Uşaqlara ədəbiyyatı, mütaliəni elə bağçadan aşılamaq lazımdır. Bunun üçün də uşağın diqqətini çəkən mətnlər seçilməlidir. Bizdə belə şeylər mümkünsüzdür. Hanı bizim bağça təhsilimiz? Bu barədə düşünmək lazımdı. Ona görə də nazirliyin təşəbbüsünü ikinci dərəcəli sayıram”.

Müsahibimiz deyib ki, bu il 700 bal toplayanlar məktəblərin deyil, valideynlərin pulunun göstəricisidir: "Məktəbin verdiyi təhsillə yüksək bal toplayan tələbə bəlkə də yoxdur. Əksər şagirdlər dərsdən sonra əlində kitab-dəftər hazırlığa gedir. Bunlar faktdı. Problem həll olunmalıdır. Məktəblər normal təhsil vermirlər. Uşağım hazırlığa gedəcəksə, məktəb nəyə xidmət edir? Məktəblərdə yaxşı təhsil vermək üçün nə çatışmır? Vəsait ayrılırsa, bundan niyə doğru-dürüst istifadə olunmur?”

Həmsöhbətimizin sözlərinə görə, nazirliyin addımı imitasiya xarakteri daşıyır: "Bir nəşriyyatın sifarişi əsasında şeir antalogiyası hazırladım. Metodist rəyi olmalıydı. Şeirlər yaşlara uyğun bölünməli idi. Heyrətə gəldim ki, metodist həmin şeirlərin altına 12-13 yaş yazıb. Halbuki onu 6-7 yaşlı uşaqlar üçün düşünmüşdüm. Metodist deyir ki, bu şeiri 6-7 yaşlı uşaqların qavraması mümkünsüzdür. Çox sadə şeirlər idi. Bu da önu göstərir ki, uşaqlarda oxuma vərdişləri çox gec başlanır. Yuxarı siniflərdə də təmayülləşmə gedir. Ədəbiyyat oxuma isə təmayülləşənə qədər olmalıdır. Çünki qrup seçdikdən sonra onun kənar dərslərə ehtiyacı qalmır. Bütün gücünü həmin qrupdakı fənlərin öyrənilməsinə sərf edir. Onun üçün bədii ədəbiyyat maraqsız olur”.

Ayyət Əhməd