“Yeni həyat” qəzeti

Akif Aşırlı
1918-ci ilin oktyabr-noyabr aylarında cəmi 5 sayı işıq üzü görən "Yeni həyat” qəzeti həm də Hacı Zeynalabdin Tağıyevin naşiri olduğu sonuncu mətbu orqan olaraq jurnalistika tariximizə yazılıb. Redaksiyası Bakıda Nikolayevski küçədə, 7 nömrəli binada yerləşən bu qəzetin məsul-müdiri Azərbaycanın siyasi tarixində ziddiyyətli fəaliyyəti ilə yaddaşlarda qalan "İttihadi İslam” partiyasının sədri doktor Qarabəy Qarabəyov olub.
"Yeni həyat”a qədər Qarabəyov rusca və türkcə nəşr olunan "İttihad” qəzetinin yaradıcısı və istiqamətvericisi kimi dövrün mətbu aləmində Müsavat partiyasına müxalif siyasətçi kimi tanınırdı.
"Mənafeyi-milliyəyə xadim gündəlik türk qəzetəsi” olan "Yeni həyat”ın bir nüsxəsi 50 qəpik idi. Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından az sonra, ilk sayı 1918-ci ilin 27 təşrin - əvvəlində, yəni oktyabrda işıq üzü görüb. Ənənəvi klassik qəzetçilik üslubunda nəşrə başlayan qəzetlər ilk səfihəsində öz məqsəd və məramını, məsləyini oxuculara çatdırırdısa, "Yeni həyat” bu ənənədən imtina edərək öz təbirincə yeniliyə imza atdı. Qəzetin ilk sayında baş məqalə yerində Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Türkiyənin hərbiyə naziri, Qafqaz füthüatı Ənvər paşanın barəsində şairanə bir məqalə dərc etdi. Xatırladaq ki, "Yeni həyat” nəşrə başlayanda Qafqaz İslam Ordusu Qarabağın daşnaklardan azad olunması planı üzərində işləyir, Şimali Qafqazda da hərbi əməliyyatlar aparırdı.
Öz siyasi mövqeyini açıqlayan "Yeni həyat”ın məsulu-müdiri Qarabəyov yazırdı: "Hər kim nə deyirsə desin, hər kim nə düşünürsə düşünsün, mənim qənaət-siyasim vardır ki, Nuru paşa və onun ərkani əmiri, zabitan bəylər və əfəndilərin təhti komandanlığında bulunan əsgərlərin bayraqdarlıqları altında Qafqazya son dərəcə Ənvər olmuş və olacaqdır da”. Məqalənin yarımbaşlığı olan "Hilali-Ənvər” qismində üzünü Ənvər paşaya tutan müəllif 35 milyonluq islamiyyənin ruz zəfərinin bu gün həqiqət olduğunu deyir və qeyd edir ki, sizin Qafqaz fütuhatı olmağınızın özü yeni həyatdır. Qafqazda yeni dövlətlərin yaranmasında, yeni ideya və arzuların bərqərar olmasında Qafqaz İslam Ordusu hərəkatının əhəmiyyətini mətbuat meydanına yenicə qədəm qoymuş "Yeni həyat”ın timsalında qiymətləndirən müəllif yazır: "Bir sənədən bəri Qafqazya müsəlmanları üçün səhneyi-faciə şəkli alıb, son zamanlar büsbütün sönmək üzrə olan həyatımız cənab-haqqın inayət və mərhəmət, şücaətkar və cəmiyyətpərvər türklərin İslamiyyət və türklük naminə ixtiyar etdikləri əzm-fədakarlıqları sayəsində yenidən parlayan istiqbalımızın böyük ola biləcəyi həqqində ümidlər bəxş etməkdədir. Artıq ruhumuza, namus və heysiyyatımıza vurulan yaraların acıları qəlbimizi sızıldatmayır... Artıq düşmən səsləri eşidilməyir”. Qafqaz müsəlmanlarının öz müstəqil dövlətlərinə sahib olduqlarını və bu istiqlalı qorumaq üçün fədakarlıqlar göstərmələrini vacib şərtlərin siyahısına yazan məqalə müəllifi müqayisəli təhlil də aparırdı. 1917-ci il fevral inqilabından sonra milli dirçəliş üçün əlverişli tarixi siyasi şəraitin yarandığını, ancaq bundan Qafqaz müsəlmanlarının, xüsusən Azərbaycan türklərinin yetərincə istifadə etmədiklərini önə çəkən "Yeni həyat” faktlar da göstərirdi. Təbii sərvətlərlə zəngin olan məmləkətin maddi imkanlarından yetərincə istifadə edilməməsinin ağır nəticələr doğurduğunu vurğulayan müəllif "gələcək dövlət üçün nələri həyata keçirdik” sualını oxuculara ünvanlayırdı. Və bu sualın cavabını siyasi liderlərin, milli burjuaziya nümayəndələrinin bacarıqsızlığı və uzaqgörən olmamaları ilə əlaqələndirirdi: "Rus inqilabından keçən bir sənədən çox keçən zamanda qonşularımız erməni və gürcülər kimi millətimizi ittifaqa və ittihada dəvətlə gizli təşkilatlar, müntəzəm alaylar və ordularmı tərtib etdik?”. Təbii ki, bu suala "yox” cavabı verən müəllifin bu mövqeyi "İttihad” partiyasının Azərbaycan Cümhuriyyəti hökumət üzvlərinin əksəriyyətini təşkil edən Müsavat Partiyasına müxalifətdə olmasından qaynaqlanır və siyasi təbliğat mahiyyəti daşıyırdı.
"Yeni həyat”ı öz dövrünün digər qəzetlərindən fərqləndirən əsas cəhət onun dilinin qəlizliyi, məqalələrdə həddindən artıq ərəb, fars qarışıq kəlmələrdən istifadə etməsi idi. "Azərbaycan”, "Bəsirət”, "Açıq söz”, "İqdam”, "İqbal”, "Yeni İqbal” kimi qəzetlərin dili "Yeni həyat”a nisbətən rəvan, anlaşılandır. Görünür, "Yeni həyat”ın dili, üslubunun fərqliliyi onun müsəlman həmrəyliyi prinsiplərindən, ideologiyasının terminologiyasından, bir növ islam ittihadçılığından doğur. Və ən əsası da odur ki, "Yeni həyat”da ən çox Məhəmməd Hadinin yazıları dərc olunurdu. Azərbaycan ədəbiyyatında romantizmin banilərindən olan M.Hadinin publisistikasının geniş şəkildə tədqiqata cəlb olunmamasının əsas səbəblərindən biri də onun dilinin qəlizliyi ilə bağlıdır.
İlk sayının 2-ci səhifəsində "Yeni həyat” öz məsləyini açıqlayaraq qeyd edirdi ki, mətbuata aşina olan zavata məlumdur ki, hər bir qəzetə və risalə həyat səhnəsinə çıxdıqları vaxt məsləkimiz ünvanlı uzun uzadı, ucu- bucağı görünməyən bir məqalə yazır. Bu prinsipi qəbul etmədiyini, fərqli bir qəzetçilik siyasəti həyata keçirəcəyi vədini verən baş məqalə müəllifi yazırdı: "Zira qəzetəmizdə görünəcək imzalar həqiqəti isbat edəcəkdir”. Qəzetin öz təbirincə, aləmi-vücuda açılmış olan bu yeni mətbuat orqanının məsləyini anlamaq üçün Tofiq Fikrətin aşağıldakı misralarını oxumaq kifayətdir :
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq yaşa, ey sevgili millət yaşa, var ol.
Zalımın topu var, gülləsi var, qəlpəsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü var.
Bakının elektrik "Turan” mətbəəsində çap olunan "Yeni həyat” ilk sayından etibarən elanların qəbuluna başladı. Nədənsə, qəzet abunə kompaniyasının təşkili barədə elan dərc etmədi. Qəzetin Nikolayevski caddədə, 7 nömrəli evdə "Ünas” məktəbində yerləşən redaksiyasında hər gün saat 10-dan saat 1-ə dək elanlar qəbul olunurdu. Qəzetin əldə olunan saylarından bəlli olan odur ki, nəşri davamlı olmayan "Yeni həyat”ın reklam və elanlarının dərci baxımından bəxti o qədər də gətirməyib. Çox az sayda elan və reklamla kifayətlənməli olub.
"Bakı xəbərləri”, "Hadisat”, "Ədəbi sütunlar”, "Mətbuat xəbərləri” rubrikalarında öz ideya istiqamətinə uyğun materiallar dərc edən "Yeni həyat” xarici ölkələrin müxtəlif mətbuat orqanlarından, agentlik məlumatlarından istifadə etmirdi. Redaksiya əldə etdikləri məlumatları oxuculara çatdırmağa üstünlük verirdi. Məsələn, "Hadisat” rubrikasında bir xəbəri olduğu kimi dərc etməklə qəzetin xəbər siyasətinə işıq salmaq olar: "Əldə etdiyimiz məlumata görə, Qafqaz İslam Ordusu Şimali Qafqazda hərbi əməliyyatları uğurla davam etdirir, hazırda Qiya və Cim kəndlərinin 8 km-nə vüsul olub”. Qəzetin 5-ci sayı, noyabrın 1-də çap olunan xəbərlərin təqdimatı da eynən bu cürdür: "Aldığmız xəbərə görə, Gəncə hərbi məktəbində təhsilini bitirən 300 zabitimiz ordumuza daxil olurlar”. Qəzetin digər sayında Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 77 nəfər rus zabitinə təqaüd və ərzaq ayırması barədə xəbər verərək, pulun və ərzağın ordunun vəsaiti hesabına ödəniləcəyi bildirilirdi. Əslində isə həmin məbləğ Azərbaycan Cümhuriyyətinin ordu üçün ayırdığı büdcə vəsaiti hesabına ödənilirdi. "Yeni həyat” ordu quruculuğuna çox böyük önəm verir, bu sahədə müxtəlif məzmunlu materiallar dərc edirdi. Məqalələrin birində bölgədəki ictimai-siyasi hərbi vəziyyəti təhlil edən müəllif yazır: "Azərbaycan və Şimali Qafqaz müsəlmanlarının din və inamlarını, istiqlaliyyətini qorumaq üçün Anadoludan qopub gələn zabit və hərbiçilərə kömək etməlidirlər”.
Müəllif əsgərlik yaşına çatan müsəlman türkləri Qafqaz İslam Ordusu sıralarına qatılmağa çağırırdı. Lakin ordu quruculuğu sahəsində kifayət qədər problemlər vardı ki, onlardan biri də insanların hərbi xidmətə o qədər də həvəs göstərməməsi idi: "Biz əsgərlikdən qaçmağa və o müqəddəs xidmətdən azad olmaq üçün dürlü-dürlü tolaylar çıxarırıq. Kim kəndisini jandarmalığa yazdırır, ya da nəzarətlərə qeyd etdirirlər. Kimi onun-bunun himayəsinə sığınır və əlhasil əsgər olmaq istəmir. Böylə millət dirilməz və yaşamaz. Onu yalnız Osmanlılar dirildər və Osmanlılar yaşadar”. Azərbaycan türklərinin o dönəm hərbi xidmətə həvəs göstərməməsi qismən qəbul olunsa da, problemin qoyuluşunda müəllif həddindən artıq mübaliğəyə yol verir. 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda Qafqaz İslam Ordusu tərkibində döyüşlərin ilk mərhələsində 1100 nəfər azərbaycanlı gənc hərbiçi mübarizə aparırdı. Sonrakı mərhələlərdə ordu tərkibində azərbaycanlı türklərin sayı 5000 nəfərə qədər idi. Bu tarixi faktı Qafqaz İslam Ordusunun bolşevik-daşnak və ingilis birləşmələrinə qarşı mübarizə tarixini araşdıran Türkiyə tarixçiləri də təsdiqləyirlər.
"Yeni həyat” xəbər təqdimatında yalnız özlərinin əldə etdikləri məlumatlara, müxbirlərin şahidi olduğu hadisələrə söykəndiyindən "Hadisat” rubrikasında Bakıda baş verən müxtəlif hadisələri oxuculara çatdırırdılar. Qəzetin 1 noyabr tarixli 5-ci sayındakı "Polis müdriyyəti baş katibi Cahangir bəy Haqverdibəyovun toqif olunması” xəbəri də bu qəbildəndir. Malakan bağında gəzən vaxt polis məmuru C.Haqverdibəyovun quldurlar tərəfindən qarət olunaraq qətlə yetirildiyini nəql edən müxbir hadisəni görənlərin olduğunu bildirir və qeyd edir ki, ətrafdakı insanlardan heç kim Cahangir bəyə kömək etməyib. Hətta bağın ətrafında olan evlərin eyvanından bu qətli izləyənlərin hadisəyə müdaxilə etmədiyini təəssüflə təsvir edən müəllif yazır: "Bu hadisənin geniş şəkildə tədqiqata ehtiyacı var”.
Qəzet bölgələrdə baş verən hadisələrə də toxunur, oxucu məktubları dərc edirdi. "Qazaxdan” sərlövhəli məqalə bu mahaldakı kriminal hadisələrdən, cinayətə meyilli insanların təxribatlarından bəhs edir. Bölgədə bəzi siyasi təxribatçı qüvvələrin mövcudluğunu söyləyən oxucu qeyd edir ki, Azərbaycanın dövlət müstəqilliyi əleyhinə olan qüvvələr qonşu Gürcüstandan təlimatlandırılır və bu siyasi təxribatçılar Azərbaycanın müstəqilliyini qorunmasında fəal iştirak edən Türkiyənin əleyhinə təbliğat aparırlar. Hökumətin diqqətini Qazaxda baş verənlərə yönəltməyə çalışan müəllif təxribatçılar zərərsizləşdirilməsə, təhlükə törədəcəyini xatırladır. "Yeni həyat” bədii ədəbiyyata da yer verir, şair və yazıçıların əsərlərindən parçalar nəşr edirdi. M.Hadinin "Ədəbi sütunlar”dakı şeirləri, M.N.Qaragözovun "Qızdırmalılarla söhbət” rubrikasındakı kiçik felyetonları müntəzəm şəkildə "Yeni həyat”ın səhifələrində oxuculara çatdırılırdı.
Azərbaycan mətbuat aləmində cəmi 5 sayı ilə tarixləşən "Yeni həyat” milli jurnalistika sisteminə əsaslı yeniliklər gətirməsə də, qəzetin ideya-siyasi istiqaməti və bu baxış bucağından doğan fərqli yanaşmalar bu günümüz üçün də aktualdır.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb