Yeni təklif var

Evlənmək istəyənlər tibbi müayinə ilə yanaşı, psixoloji uyğunluqdan da keçsinlər"
"Cütlüklərin psixoloji testlərdən keçirilməsi gələcək ailə həyatı üçün müsbət olardı. Çünki hazırda cəmiyyətimizdə cütlüklər niyə, hansı səbəbdən evləndiklərini belə bilmirlər"



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinə ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif edir.

Trend-in məlumatında bildirilir ki, bu təşəbbüslə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur:
"Buna görə də nikah öncəsi tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir. Bu istiqamətdə "Ailə psixoloqu" İnstitutunun yaradılmasına, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var. Bu barədə hazırladığımız "Ailə strategiyası"nda da tədbirlər nəzərdə tutulub. Bu sənədin qəbul edilməsi əhalinin həmin xidmətdən istifadəsi üçün imkanlar yaradacaq".

Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl açıqlanan məlumatda bildirilirdi ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin olmaması, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmaması, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır.
Psixoloji uyğunluğun yoxlanması boşanmaların qarşısını ala bilərmi? Evlənməyə hazırlaşan cütlüklər psixoloji testlərdən keçməyə razı olacaqlarmı. Nəzərə alsaq ki, Azərbaycanda cütlüklər evliliklə bağlı adət-ənənədən kənar hər hansı məsələyə şübhə ilə yanaşır və adətən barışmaz mövqedə dayanırlar. Evlilik öncəsi tibbi müayinədən keçməyə razı olmayan cütlüklərin psixoloji testlərə müsbət baxacağı böyük sual altındadır.

Psixoloq Fərqanə Mehmanqızı «Şərq»ə açıqlamasında psixoloji uyğunluğun yoxlanılmasını vacib saydığını dedi:

- Psixoloji uyğunluğun yoxlanması vacibdir. Evliliyə hazırlaşan cütlüklərin psixoloji testlərdən keçirilməsi gələcək ailə həyatı üçün müsbət olardı. Çünki hazırda cəmiyyətimizdə cütlüklər niyə, hansı səbəbdən evləndiklərini belə bilmirlər. Evlənməyə hazırlaşanlardan soruşsaq ki, çoxu məntiqli bir cavab verə bilməyəcək. Cavablar müxtəlif olacaq; hamı evlənir, biz də evlənirik. Adət belədir, deyəcəklər. Qızlar evdə qalmamaq üçün evlənir. Oğlanlarsa, «elə bilərlər, nəsə əyər-əskiyimiz var, evlənmirik» düşüncəsi ilə evlənirlər və sairə. Evlilik çox mürəkkəb bir işdir. Ailə həyatı hədsiz məsuliyyətli bir ortamdır. 2 fərqli insanın birgə yaşayışı çox çətindir. Ona görə də əvvəlcədən ailə həyatına, birgə yaşayışa hazır olub-olmadığını öyrənmək vacibdir. İlk növbədə psixoloji testlər insanın özünü tanımasına kömək edir. Psixoloji testlər vasitəsilə hansı vəziyyətdə necə davranacağını, hansı dərəcədə güzəştə gedə biləcəyini müəyyənləşdirirsən. Amma onu da deyim ki, psixoloji testlər 5-10 illik müddətini əhatə edir. 

Yəni 5-10 ildən sonra hər bir insanın psixoloji durumunda dəyişiklik baş verə bilir. Bu da ətrafda baş verən hadisələr, insanın özünün olduğu mühit, insanlarla nə dərəcədə münasibətdə olmasından asılıdır. Hansısa psixoloji testdə qadın və ya kişi nümunəvi ailə başçısı kimi görünə bilər. Lakin bir müddət sonra, müəyyən hadisələr fonunda psixoloji durum dəyişə bilir. Psixoloji testlərdən uğurla keçmək ailə həyatının tam normal axarla gedişatına təminat demək deyil. Testlər irəlidə hər şeyin yaxşı olacağına tam təminat vermir. Psixoloji testlərin ən böyük üstünlüyü insanın özünü tanımasına, bilmədiyi hansısa keyfiyyətinin, cəhətinin üzə çıxmasına yardımçı olmasıdır. Bunun özü də böyük üstünlükdür, çünki ailə həyatı qurmağa hazırlaşan şəxs ilk növbədə özünə bələd olmalı, hansı situasiyada necə davrana biləcəyini özü üçün müəyyənləşdirməlidir. Bunun ailə həyatında cütləklərə böyük köməyi dəyər.

F.Mehmanqızı Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrində psixoloqların işləməsini vacib sayır:

- VVAQ şöbələrində psixoloqlar da əyləşməli və evliliyə qərar verən cütlüklərlə söhbət aparıb, psixoloji testlərdən keçirməlidirlər. Bu da tibbi müayinə kimi zəruri olmalıdır.

F.Mehmanqızı hesab edir ki, psixoloji testlər Azərbaycan reallığına uyğun hazırlanmalıdır:

- Bəzən bizimkilər hər şeydə Avropa təcrübəsinə önəm verməyi üstün tuturlar. Lakin bu, düzgün deyil. Psixoloji testlər Avropa ölkələrində geniş yayılıb. Biz o testləri olduğu kimi özümüzdə tətbiq etməməliyik. Çünki o testlər Avropa yaşam tərzinə uyğundur. Şərq insanının psixologiyası, əlbəttə ki, fərqlidir. Genetik yaddaşımız da fərqlidir. Hazır materialların üzərində işlənilib Azərbaycan yaşam tərzinə uyğunlaşdırılmalıdır.

Məlahət Rzayeva