Yevda Abramovun təklifini təpki ilə qarşıladılar

Rusiyadan Bakıya “Qəhrəman şəhər” adı istəmək dövlətçiliyimiz üçün zərərlidir
Son günlər Bakıya "Qəhrəman şəhər” adının verilməsi məsələsi gündəmə gəlib. Millət vəkili Yevda Abramov Milli Məclisin ötən iclasında Bakının Böyük Vətən müharibəsində oynadığı rola diqqət çəkərək bu adın verilməsini zəruri sayıb. MM sədrinin birinci müavini Ziyafət Əsgərov da təklifə müsbət yanaşıb. Bir müddət əvvəl spiker Oqtay Əsədovun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin qarşısında bu məsələni qaldırdığını bəyan edən vitse-spiker deyib ki, bütün hallarda bu, Rusiyadan asılıdır.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə öz "facebook” səhifəsində Bakıya "Qəhrəman şəhər” adının verilməsi üçün Azərbaycanın Rusiya Dövlət Dumasına müraciətinin Azərbaycan dövlətçiliyinə zidd olduğunu vurğulayıb: "Bakıya "Qəhrəman şəhər” adı verilməsi ilə bağlı iki gün öncə Milli Məclisdə məsələ hörmətli həmkarım Yevda Abramov tərəfindən qaldırılıb. Yevda müəllim təklif etdi ki, ona olan müraciətlər əsasında Rusiya Dövlət Dumasına rəsmi məktub göndərək ki, bu tarixi haqsızlığı ortadan qaldırsınlar. Bu ideya Milli Məclisin həmin iclasına sədrlik edən hörmətli Ziyafət Əsgərov tərəfindən də dəstəkləndi və bildirdi ki, bu barədə rəhbərlik səviyyəsində Rusiya Dövlət Dumasının rəhbərlərinə müraciət edilib. O zaman söz alaraq bildirdim ki, bu çox ciddi bir siyasi səhvdir, çünki biz müstəqil dövlətik, Bakı da Rusiyanın hansısa şəhəri deyil, müstəqil Azərbaycan dövlətinin paytaxtıdır. Rusiyaya müraciət edəcəyik ki, xahiş edirik bizim paytaxtımıza "Qəhrəman şəhər” adı verin? Hansısa Azərbaycan şəhərinə hansısa adı vermək Milli Məclisin işidir, ona görə də bu təklifi Azərbaycan dövlətçiliyi üçün zərərli hesab edirəm”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə "kavpolit.ru” saytına müsahibəsində Bakıya qəhrəman şəhər statusunun verilməsinə müsbət yanaşdığını və bu təşəbbüsü tam dəstəklədiyini bəyan edib.
Onun sözlərinə görə, Bakı şəhəri Böyük Vətən Müharibəsində qələbə üçün çox şeylər edib: "Belə bir ifadə var ki, bu, mühərrik müharibələri olub. Məlumdur ki, mühərriklər yanacaqsız işləmir. Bakı şəhəri qələbə üçün sutkada 24 saat çalışıb. Bundan başqa, Azərbaycandan müharibəyə 660 minə yaxın insan çağırılıb. Həmin vaxt Azərbaycanda əhalinin sayı 5 milyon olub. Ölkədə qalan qadınlar, uşaqlar istirahət bilmədən cəbhə üçün işləyiblər. Mühəndisləri neft hasil etmək lazım olduğundan saxlamışdılar, lakin bütün bunlara baxmayaraq onlar da cəbhəyə yollanmağa çalışırdılar. Həmin bu çətin müharibə illərində yeni nəsil təyyarələri yüksək oktanlı
yanacaqla təmin etmək lazım idi, kimyaçı-alim Yusif Məmmədəliyev benzinin oktan ədədini artıran xüsusi maddə icad etdi”. Səfirin sözlərinə görə, Bakıya "Qəhrəman şəhər” statusunun verilməsi ədalətli olardı: "Biz bu gün müxtəlif ölkələrdə yaşayırıq, lakin Bakıya qəhrəman şəhər statusunun verilməsi, cəbhə üçün gecə-gündüz çalışaraq həyatlarını itirmiş insanların xatirəsinə verilmiş hörmət olacaq. Bu daha bir xatırlatma olacaq ki, müharibəni birlikdə udmuşuq. Müharibəni təkcə ruslar deyil, Sovet İttifaqının bütün vətəndaşları udub. Ona görə də, fikrimcə, Bakıya "Qəhrəman şəhər” statusunun verilməsi vacib ictimai-siyasi akt olardı. Qələbəyə əhəmiyyətli töhfə verənləri yad etmək çox düzgün olardı”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə məsələyə daha geniş aspektdən yanaşıb. İkinci Dünya savaşının günahkarının təkcə almanlar olmadığını deyən ADP sədrinin sözlərinə görə, ruslar da Almaniya ilə eyni məsuliyyəti daşıyır: "1939-cu ildə ruslar Polşaya, Pribaltikaya hücum edib, Moldovanı tutmasaydılar, İrana qoşun yeritməsəydilər, Hitler SSRİ ilə vuruşmayacaqdı. Amma 9 Mayı faşizm üzərində qələbə günü kimi qeyd edən sovet hökumətinin özü 1939-cu ildə işğalçılıq siyasəti yeridib. Əslində həmin dönəmdə sovet hökuməti Almaniyaya doğru işğal edə-edə gedirdi”.
S.Cəlaloğlunun qənaətincə, İkinci Dünya müharibəsinə sadəcə faşist Almaniyasının səbəb olduğunu və SSRİ-nin qalib çıxmasını iddia edənlər həmin müharibənin mahiyyətini bilməyən adamlardır: "Müharibə ərəfəsində Hitlerin ən yaxın müttəfiqi Stalin olub. SSRİ ilə Almaniya müqavilə imzalayıb və həmin sənəd əsasında da Hitler Fransanı, Çexoslavakiyanı, Avstriyanı və digər Avropa ölkələrini maneəsiz işğal edib. Əgər Stalin Hitlerlə razılaşmasaydı, Almaniya bu qədər irəliləyə bilməzdi. Yəni ki, 2-ci Dünya savaşındakı qalibiyyətinə görə rusları qəhrəman xalq kimi göylərə qaldırmaq absurd məsələdir. Əgər 2-ci Dünya müharibəsinə görə kimsə məsuliyyət çəkəcəksə, bunu ruslarla almanlar birlikdə çəkməlidir”.
Bakının Böyük Vətən müharibəsində oynadığı rola görə "Qəhrəman şəhər” adının alması üçün Rusiya Dövlət Dumasına müraciətə gəldikdə isə bu yanaşma kökündən yanlışdır: "Bu mənada Fazil Mustafa ilə razıyam ki, Azərbaycan müstəqil dövlətdir. Bizim öz milli-mənəvi dəyərlərimiz var. Bu səbəbdən də bütünlükdə keçmiş SSRİ və ya rus imperiyasının dəyərlərindən imtina etməliyik. Əgər bu gün Çingiz İldırımın adı dəyişdirilib, Qəzənfər Mustafayevin, Əliheydər Qarayevin adı yoxdur, 26-lar yığışdırılıbsa, hansı məntiqlə 2-ci Dünya müharibəsində oynadığı rola görə, paytaxtımıza "Qəhrəman şəhər” statusu tələb etməliyik? İkinci Dünya müharibəsi bizim qalibiyyətimiz deyil. Sadəcə olaraq, sovet hökuməti bizi öz siyasətinə qurban verib. Biz həmin müharibədə həlak olan vətəndaşlarımızın xatirəsini əziz saxlasaq, kifayətdir. Çünki onların heç bir günahı olmayıb və hökumət onları zorla "böyük vətən” uğrunda döyüşməyə vadar edib. Bu gün Rusiyanın 2-ci Dünya müharibəsindəki uğurlarını təbliğ etməklə biz faktiki olaraq SSRİ-nin işğalçılıq siyasətini gizlətmiş oluruq. Rusiyadan soruşan yoxdur ki, həmin dönəmdə SSRİ ordusu Moldovada nə axtarırdı? Ruslar huri mələkdirsə, Kantın anadan olduğu Kalininqrad niyə bu gün Rusiyanın tərkibindədir? Müharibəni də ilk başladan elə Rusiya olub. Onlar müqaviləni pozduğu üçün Hitler də döyüşlərə başladı. Bu müharibədə günah keçisi və qəhrəman axtarmağa dəyməz. Səbəbkar Hitler və Stalindir. Mahatma Qandinin 2-ci Dünya müharibəsinin nəticələri ilə bağlı Ruzveltə yazdığı məktubda qeyd olunub ki, 2-ci Dünya müharibəsi şərə qarşı mübarizədə başqa bir şərin qələbəsidir. Bu səbəbdən də həmin məktubda Qandi Ruzvelti təbrik belə etməmişdi. Deməli, keçmiş SSRİ-də bizə qəhrəman kimi təqdim edilən qüvvələr, şəhərlər şərə xidmət edənlərdir. Ruslar Bakını da məcburi şəkildə şərə xidmət etməyə vadar ediblər. Ona görə də, Biz Bakını "Qəhrəman şəhər” kimi təqdim edib, bir daha şərə xidmətini ön plana çəkə bilmərik. Bu gün bu məsələni qaldıranların nəzərinə çatdırıram ki, 2-ci Dünya müharibəsində Bakı "Qəhrəman” yox, "qurban” şəhər olub.
Şəymən