“Yol hərəkətinin təşkilində problemlər var”

Ərşad Hüseynov: “Yol hərəkəti təhlükəsizliyinə dair yanaşmalarımız 50 il bundan əvvəlki səviyyədə qalıb”




"Son 10 ildə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı 33,1 faiz artıb”. Bunu Səhiyyə Nazirliyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə Regional Məntəqəsinin böyük həkimi Sevinc Hüseynova bildirib. Onun sözlərinə görə, hadisələr zamanı ölənlərin sayı 31,3 faiz, yaralananların sayı isə 32,6 faiz artıb:


"Hər il avtomobil yollarında baş verən qəzalarda yüzlərlə insan həlak olur və ya ömürlük şikəst qalır. Statistik rəqəmlər ölkədə təcili yardım sahəsində yeni strukturun yaranmasına zəmin yaradıb. Xəstələrə, yol-nəqliyyat hadisələrində xəsarət alan şəxslərə vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, xəstəxanalara çatdırılması mühüm işdir”.

Avtomobil qəzalarının artma səbəblərini şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov söyləyib ki, ölkəmizdə 2005-ci ildən başlayaraq avtomobillərin sayının artması prosesi gedir: "2013-cü ildə ölkəmizə 100 min avtomaşın gətirilib. Bu, 2005-ci illə müqayisədə 2 dəfə çoxalma deməkdir. Sonra yolların təmir-tikinti işləri görüldü. Yüksək hərəkət üçün şərait yarandı. Amma sürücü hazırlığı yol hərəkəti mədəniyyəti, yol hərəkəti təhlükəsizliyinə dair yanaşmalarımız 50 il bundan əvvəlki səviyyədə qalıb. Deyərdim ki, hələ bir az da geriləyib. Bunu etiraf etmək lazımdır. Yol-nəqliyyat hadisələrinin artmasına səbəb olan amil budur. O da düzdü ki, yol hərəkətinin təşkilində də müəyyən problemlər yaşanır. Nişanlar, işıqforlar, hərəkətin təhlükəsizliyi yaxşı tənzimlənməlidir. Belə məsələlər var. Amma əsas olan məsələ insan amildir. Yol hərəkətini təşkil edəndə insandı, yollarda qayda pozub, adam öldürən də insandı. Burada əsas məsələ insan amilidir”.


Ayyət Əhməd