Zahid Orucun təklifləri dəstəklənir

Əliməmməd Nuriyev: “Səhiyyə sözünü dəyişdirmək mümkündür, digər söz isə vətəndaşlıq alınan ifadədir”




Hər zaman maraqlı təklifləri ilə gündəmə gələn millət vəkili Zahid Oruc Milli Məclisdə son çıxışı zamanı Səhiyyə və Ədliyyə Nazirliklərinin adlarının dəyişdirilməsini təklif edib. Həmçinin Z.Orucun qənaətincə, yuxarıda qeyd edilən adlar Azərbaycan dilinə uyğun gəlmir və ədliyyə sözü adillik, ədaləti təmin edən anlayışını verirsə, onda belə də qalmamalı, yox, bu anlayışı ehtiva etmirsə, dəyişdirilməlidir.

Deputatın səsləndirdiyi fikirlər isə bir sıra ictimaiyyət nümayəndələri tərəfindən dəstəklənir və məntiqli təklif kimi qiymətləndirilir. Bununla belə təklifə fərqli yanaşmalar da mövcuddur.

"Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyevin fikrincə, Z.Oruc hər zaman maraqlı və məntiqli təkliflərlə çıxış edir: "Xüsusilə də Azərbaycan dilinin qaydaları baxımından Səhiyyə Nazirliyinin adı ilə bağlı məsələni yenidən nəzərdən keçirmək olar və təkliflə razılaşmaq mümkündür.

Ədliyyə adının dəyişdirilməsini qəbul etmir və qeyd edir ki, Azərbaycan dilində qəbul edilən və işlənən ifadədir. Həmçinin Zahid bəyin dediyi məzmunu da ifadə edir. Ədliyyə ifadəsi neçə onilliklərdir işlədilən və vətəndaşlıq alan bir sözdür. Xüsusilə də terminologiya baxımından hüquqi terminlər sırasına daxildir. Bu sözün dəyişdirilməsi həddindən artıq müzakirə və mübahisələrə gətirib çıxara bilər. Ona görə də bu məsələdə fərqli düşünürəm”.

Hüquqşünasın fikrincə, texnologiyalar inkişaf etdikcə, dilimizə yeni sözlər daxil olur: "Dilçilər çalışmalıdırlar ki, belə yeni sözlərin qarşılığını tapsınlar və bu, dilimizin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Çünki son illər dilimizə gələn sözlər Azərbaycan dilinin ədəbi qaydalarına uyğun səslənmir və bu sözlərin qarşılığını tapmaq çətin olur”.

Bakı Dövlət Universitetinin müəllimi Zeynal Məmmədli bunun çox normal təklif olduğunu qeyd edir və adların daha anlamlı şəkildə dəyişdirilməsini məqsədəuyğun hesab edir: "Bir vaxtlar özünü doğruldan adlar indi daha anlaşılan formaya salınmalıdır. Çünki vətəndaş cəmiyyətindən söhbət gedirsə, doğrudan ədliyyə sözü çox insanlar üçün aydın deyil, ancaq ədalət sözü daha çox başadüşüləndir. Həmçinin səhiyyə sözü tez anlaşılan söz olmasa da, sağlıq və sağlamlıq ifadələri daha çox uyğun gəlir”.

Bununla belə Z.Məmmədli adların müxtəlif təbəqələrlə müzakirələr aparılaraq ortaq məxrəcə gəlinib dəyişdirilməsinin tərəfdarıdır.

Vüqar Şahinoğlu