“Bəzi dərmanların içliyi Azərbaycan dilində yazılmır”
Zəhərlənmə də olacaq, ölüm də...
Ölkəyə keyfiyyətsiz dərmanlar əsasən yaxın və uzaq şərq ölkələrindən gətirilir
“Bəzi dərmanların içliyi Azərbaycan dilində yazılmır”
“Bəzi dərmanların içliyi Azərbaycan dilində yazılmır”
"Bəziləri dərmanın içindəki təlimatı internetdə texniki yolla tərcümə edir, birtəhər dozanı müəyyənləşdirir”
Son günlər dərman preparatlarından zəhərlənmə hallarının sayı kəskin şəkildə artıb. Təəssüflər olsun ki, qeydə alınan zəhərlənmələr bir çox hallarda da ölümlə nəticələnir. Belə ki, paytaxtın Yasamal rayonu ərazisində yaşayan Yeganə Bağırova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, Y.Bağırovanını həyatını xilas etmək mümkün olmayıb.
Hazırda dünyanın əksər ölkələrinin keyfiyyətsiz dərmanlardan əziyyət çəkdiyini deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hazırda dünyada keyfiyyətsiz dərmandan milyonlar qazanan "qara əllər” var: "Onlar hara girmək mümkündürsə, oraya yol tapır və müxtəlif vasitələrlə dərman satışına nail olurlar. Keyfiyyətsiz dərman satanların digərlərindən fərqi ondadır ki, onlar satan şəxsə satış müqabilində daha çox "haqq” verirlər. Bu isə asan gəlir əldə etmək istəyənləri şirnikləndirir”. AİB sədri deyib ki, əgər əvvəllər dərmanlar ölkəmizə müxtəlif firmalar tərəfindən gətirilirdisə, indi bu, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Ekspert hesab edir ki, dünyada saxta dərmanları ifşa etmək mexanizmi yoxdur:
"Azərbaycan Səhiyyə Nazirliyi bu sahədə ciddi iş aparır, amma saxta dərmanları aşkarlamaq o qədər də asan məsələ deyil. Hətta dünyaya dərman xammalının böyük hissəsini verən Hindistanda belə, saxta dərmanlar var”.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın qənaətinə görə, dərmandan zəhərlənmə halları reallıqda rəsmi rəqəmlərdən xeyli fərqlidir: "Azərbaycana daxil olan dərmanların böyük əksəriyyətinin keyfiyyət parametrləri xeyli aşağıdır. Səhiyyə Nazirliyində dərman maddələrinin keyfiyyətinə nəzarət etməli olan qurum fəaliyyət göstərir. Həmin qurum yaradıldıqdan sonra bu problemin qarşısı qismən alınsa da, problemi tamamilə həll etmək mümkün olmayıb. Respublikamıza keyfiyyətsiz dərmanlar əsasən yaxın və uzaq şərq ölkələrindən gətirilir. Ucuz işçi qüvvəsi hesabına işləyən şirkətlərin istehsalı olan həmin dərmanlar insan orqanizmi üçün son dərəcə ziyanlıdır”.
A.Qeybullanın sözlərinə görə, bəzən elə hallara da rast gəlinir ki, dərman maddələrinin tərkibində olan təsiredici maddələrin miqdarı adekvat dərəcədə olmur. Bunu kompensasiya etmək üçün dərman maddələrinin tərkibinə vurulan kənar qatqıların miqdarı artırılır. Bu amillər də zəhərlənmə hallarının artmasında müəyyən rol oynayır.
Xəstələrin, dərmanları adətən həkim məsləhəti ilə qəbul etdiklərini nəzərə alsaq, baş verən zəhərlənmə hallarında onların da müəyyən məsuliyyət daşıması fikirləri ilə A.Qeybulla da razılaşır: "Bu gün Azərbaycanda firma dərmanı deyilən bir anlayış geniş yayılıb. Əksər həkimlər həmin firmalar tərəfindən təqdim olunan dərmanları yazmaq məcburiyyətindədir. Çünki əksər hallarda ölkə ərazisinə gətirilən dərmanlar həmin firmaların istehsalı olur və həkimin seçim aparması üçün əlavə imkan yoxdur. Bu mənada həmin firmaların dərmanları təyin olunur. Həkimlər də dərmanları yazarkən onların göstəricilərinə və təsir imkanlarına əsaslanır. Bu dərmanlar adətən onların içliyində olan təlimatlara əsaslanaraq təyin edilir. Bu zaman əsas məsuliyyəti həmin dərmanları istehsal və təqdim edən firmalar daşıyır. Burada həkimlərin yalnız mənəvi məsuliyyətindən söhbət gedə bilər. Onlar dərmanların təyin olunmasında maksimum diqqətli olmalıdır”.
Ekspert dərmandan zəhərlənmə hallarının artması səbəbini dozanın düzgün hesablanmaması, insanların bu dərmanların əks-təsirindən xəbərsiz qalmasında görür: "Bəzi dərmanların içliyi Azərbaycan dilində yazılmır. "Dərman vasitələri haqqında” qanunda onların istifadəsi haqda təlimatlara dair tələblər qoyulub. Qanunun tələblərinə görə, Azərbaycan Respublikasında istehsal olunan və ya ölkəyə idxal edilən dərman preparatlarının təlimatında Azərbaycan dilində bəzi məlumatlar - dərmanın əks-göstərişləri, əlavə təsirləri və digər dərman vasitələri ilə qarşılıqlı əlaqəsi açıq şəkildə göstərilməlidir. Amma buna baxmayaraq, bəzən xarici firmaların istehsalı olan dərman preparatlarında yuxarıda sadalanan məlumatlar hələ də istehsalçının öz dilində verilir. Həkim konkret doza göstərməyibsə, onda xəstə öz bildiyini edir. Bəziləri dərmanın içindəki təlimatı internetdə texniki yolla tərcümə edir, birtəhər dozanı müəyyənləşdirir. Amma istənilən halda bu preparatın hansı dərmanlarla birgə qəbulunun əks nəticə verəcəyi barədə məlumatı almaq mümkün olmur. Bu da yenə zəhərlənməyə yol aça bilər”.
Şəymən