Zəlimxan Məmmədli aydınlaşma üçün Gürcüstana çağırılacaq

“Bu ayın sonu ola bilər ki, Vətənə gedim”



Xəbər verdiyimiz kimi, Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərini də ziyarət edib. XİN rəhbəri yerli sakinlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib və soydaşlarımızın problemlərini dinləyib.

"Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov çıxışında azərbaycanlıların Gürcüstanda seçkidən-seçkiyə yada düşdüyünü və onların əsas problemlərinin hələ də həll olunmamış qaldığını bildirib. Ə.Əsgərov son iki ayda Azərbaycana gediş-gəlişin daha da çətinləşdiyini nazirin diqqətinə çatdırıb: "Borçalılar şəxsi maşınlarla Azərbaycana keçə bilmirlər. Gürcüstanda yaşayan hər 10 azərbaycanlı ailədən 8-nin Azərbaycanla əlaqəsi var. Lakin onlar öz qohumlarının yanına gedə və kənd təsərrüfatı məhsullarını satmaq üçün Azərbaycana apara bilmirlər”. Nazir Azərbaycandakı "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun Gürcüstana buraxılmaması barədə məlumatlandırılıb. E.Məmmədyarov bu və ya digər məsələlər haqqında rəsmi Tiflislə danışıqlar aparıldığını və deyilən məsələlərin həllinə çalışacağını vurğulayıb.

Səfərin nəticələrini dəyərləndirən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə açıqlamasında qeyd edib ki, nazirin yanaşmalarında nikbinlik müşahidə olunurdu: "Məxsusi olaraq, sərhəd keçid məntəqəsi və təhsil sistemindəki problemlər, o cümlədən yeni iş yerləri və bizim Gürcüstana buraxılmamağımızla bağlı məsələlər müzakirə olunub. Nazirin və səfirin Gürcüstanda olması deməyə əsas verir ki, göstərilən problemlərə dair profilaktik tədbirlər görüləcək”.

Bu ölkəyə buraxılmamalarına gəlincə, Z.Məmmədli söyləyib ki, Gürcüstandakı nümayəndələri Givi Paçxataşvili Azərbaycana qayıdıb və bu gün (dünən-red) onunla görüşəcək: "Təmsilçimiz Gürcüstanın Daxili və Xarici İşlər Nazirliyində, eləcə də Təhlükəsizlik Nazirliyi və Administarsiyasında müəyyən görüşlərdə olub. Dəqiq deyil, amma ola bilər ki, bu ayın sonu Gürcüstana gedim. Bəzi məsələləri aydınlaşdırmaq üçün ora dəvət oluna bilərəm”.

Ayyət Əhməd