Zəmanə dəyişir

Küncə qoyulan şagirdin valideyni müəlliməni döyüb




Əmircan qəsəbəsindəki  97 saylı məktəbdə qəribə olay baş verib. Valideyn müəlliməni şillələyib. Təəssüf ki, bu tip hadisələr son zamanlar tez-tez yaşanır. Deyəsən, məktəblərdə güc nisbəti dəyişir. Həm də müəllimlərin zərərinə. Əvvəllər müəllimlər şagirdləri kötəkləyərdi. Məsələn, mənim təhsil aldığım məktəbdə biologiya müəlliməsindən hətta iri oğlanlar da "it kimi” qorxurdular.

Fənni gərəyi uzun çubuğu vardı, elə ki, əsəbiləşdi, uşaqlara tərəf vıyıldadırdı. Bu, ibtidai insanların ov səhnəsini də xatırladırdı. Daha gerisini düşünmürdü ki, bu çubuq birdən gedib hansısa şagirdin gözünü dələr, başını deşər. Ona görə də onun dərsində hamı quzu balası kimi sakit otururdu; ortada "çubuq heybəti” vardı.

Amma zəmanə dəyişdi. İndi nəinki tələbələr, hətta orta məktəb şagirdləri də at oynadırlar. Müəllimin bıçaqlanması, döyülməsi faktları o qədərdir ki. Əlbəttə, bunlar hamısı arzuolunmaz hallardır. Ancaq nədəninə də baxmaq lazımdır. Necə olur ki, valideyn özündə cəsarət tapıb müəlliməni şillələyir, təhqir edir. Nəyin üstündə? Deyilənə görə, şillələnməyə məruz qalmış müəllimə valideynin uşağını bir neçə dəfə tənbeh edib və küncə qoyub. Valideyn də bunu sinirə bilməyib. Və əvəzini bu şəkildə çıxıb. Hazırda qarşılıqlı iddialar əsasında məhkəmə prosesinin keçirilməsi gözlənilir. Müəllimə valideyndən, valideyn də müəllimədən şikayətçidir. Bəs məktəblərin nizam-intizam qaydalarında şagirdin tənbeh edilməsi qaydaları necə əksini tapıb?

Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev "Şərq”ə açıqlamasında pedaqogikanın öz qayda və tələbləri olduğunu dedi:

- Pedaqogikada cəzalandırma və rəğbətləndirmə qaydaları var. Getsinlər, "Pedaqogika”nı öyrənsinlər. Müəllimənin şagirdi tənbeh etmək, danlamaq, şagirdə töhmət vermək, bir sinifdən başqa sinfə yerini dəyişmək hüququ var. Amma şagirdə fiziki güc tətbiq etmək, vurmaq, döymək olmaz. Müəllimə şagirdə bir çırtma da vura bilməz. Güncdə saxlamaq isə konkret fiziki güc tətbiqi hesab edilməsə də, hər halda fiziki bir hərəkətdir və onun da şagirdlərə tətbiq edilməsi məqsədəuyğun sayılmır. Yuxarı siniflərdə bunu heç etmək olmaz. İbtidai siniflərdə isə bəzən bu metoda əl atılır. Amma yaxşı olar ki, etməsinlər. Çünki pedaqogikada şagirdin cəzalandırılması metodlarına bu, aid deyil. Baş vermiş həmin hadisədə valideynin müəllimə qarşı hərəkəti isə konkret cinayətdir. Valideyn müəllimə qarşı güc tətbiq edib, onu vurub. Burada konkret cinayət əməli var və o valideyn məhkəmə qarşısında cavab verməlidir. Hələ valideyn müəllimənin şagirdi təhqir etməsini sübuta yetirməlidir. Amma valideynin öz hərəkəti artıq göz önündədir və məktəb kollektivi də buna şahiddir. Valideyn çox nahaq yerə müəlliməyə güc tətbiq edib. Edib, hüquq qarşısında qoy cavabını da versin.

Ə.Ağayev baş vermiş hadisədə məktəbin də günahının olduğunu dedi:

- Burada məktəb rəhbərliyi də günahkardır. Deməli, bu məktəbdə valideynlərlə maarifləndirici iş aparılmır, valideynlərlə məktəbin əlaqəsi zəifdir, valideynlərlə görüşmürlər, ailələrlə maraqlanmırlar. Elə ailələr var, eqoistdirlər, öz uşaqlarını hamıdan üstün bilirlər. Bilirsiz, mən ailələr barəsində "imkanlı, imkansız” ifadələrini işlətmək istəmirəm. Çünki insanlara münasibət insanın tipindən asılıdır. Elə insanlar var, təkəbbürlüdürlər və bu xüsusiyyət onların varlı-kasıb olmasından da asılı deyil. Elə imkanlı ailələr var ki, mərifətli, alicənabdırlar. Böyük-kiçik yeri biləndirlər. Bəziləri də fərqlidir. Yəni, insanın müəllimə və ya başqa birisinə münasibəti onun imkanlı-imkansız olmasından asılı deyil. Amma varlı, vəzifə sahibi olan valideynlər də var ki, uşaqlarına bir kimsənin "gözün üstdə qaşın var” deməsinə təhəmmül etmir. Bilirsiz, bunlar hamısı ailədə tərbiyədən asılıdır. Uşağın necəliyi də ailənin göstəricisidir. Hər uşaq bir ailədən çıxır və məktəbdə də, cəmiyyətdə də ailəsini təmsil edir. Ona baxıb ailəsinə, ata-anasına qiymət verirlər. Görünür, "güncə qoyulan şagird” müəlliməni hövsələdən çıxarıb. Amma gərək müəllimə də şagirdin valideynini məktəbə çağıraydı, vəziyyəti ona bildirəydi, uşağın dərsdə özünü necə apardığını bildirəydi. Bəlkə də bildirib, ölçü götürülməyib. Yəqin, məsələni məhkəmə araşdıracaq. Bildiyim qədər hər iki tərəf məhkəməyə müraciət edib. Amma valideynin günahı indidən məlumdur.

Məlahət Rzayeva