Zəmanənin gəncliyi...
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Bir millətin gələcəyi onun gəncliyinin, təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideyalarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər, gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməli, gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmalıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər müəyyən mənada Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.
Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar.
Torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır. Qarabağ müharibəsi veteranları ilə gənclərimizin görüşlərinin təşkil olunması, müharibədə fədakarlıq göstərən igidlərimizlə aparılan söhbətlər gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır.
Gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir
Gənclərin vətənpərvərlik hissindən danışan millət vəkili Zahid Oruc deyib ki, Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır: "Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə, gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclü və müasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Çünki dövlətin gənclər siyasəti var. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir”.
Adətən insan özünü tanımayanda başqasına oxşamağa çalışır
"Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu idarə heyətinin rəhbəri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Vüqar Zifəroğlu isə bildirib ki, yalnız gənclərdə deyil, ümumiyyətlə, hər bir kəsdə milli mənlik şüurunun artırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün daimi və sistematik iş aparılmalıdır: "Bu gün biz qloballaşma dövründə yaşayırıq və əslində bu gün qlobal məkanda dəyərlərin savaşı getməkdədir. Müasir texnologiyalardan və media kommunikasiyanın vermiş olduğu imkanlardan geniş şəkildə istifadə edərək bu gün total informasiya müharibələri ilə müşayiət olunan mədəni ekspansiyaların şahidi olmaqdayıq. Belə bir zamanda hər millət özünəməxsus olanı təbliğ etməklə yanaşı, ondan bərk yapışaraq öz milli kimliyini tanıtmalı və tanımalıdır. Yalnız bununla millət öz simasını müəyyənləşdirən dəyərlər sistemini yaşada və nəsildən-nəsilə ötürə bilər. Bu baş verməsə isə bir müddət sonra həmin millət öz simasını itirər və sadəcə olaraq başqa xalqların içində əriyib yox olar. Ümumilikdə isə bu sahədə əsas çatışmazlıqlar maarifləndirmə sahəsindədir. Dövlət səviyyəsində işlər görülür, lakin ictimai sektorun bu məsələdə aktiv iştirakı vacibdir. Fikrimcə, milli dəyərlərin təbliği və maarifləndirməni əsas qayələri olaraq götürən QHT-lərə bu istiqamətdə fəaliyyət göstərmələri üçün daha geniş imkanlar yaradılmalıdır”.
V.Zifəroğlunun sözlərinə görə, həddən artıq Qərb mədəniyyətinə hərislik milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə mənfi təsir göstərir: "Azərbaycan gənclərində kənar təsirlərə meyillilik kifayət qədərdir. Əfsuslar ki, Qərb təsiri, yaşam tərzi bu gün kütləvi şəkildə təbliğ edilməkdədir. Həm media, həm də bədii-kütləvi ədəbiyyat vasitəsi ilə”.
Vüqar müəllim hesab edir ki, milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafını əngəllərdən qorumağın ən optimal yolu maarifləndirmədir: "Bu məsələdə maarifləndirmə işinin aparılması ən səmərəli metodlardan biridir. Yəni praktiki olaraq ən gözəl metoddur. Məsələn, milli-mənəvi dəyərlərlə bağlı müxtəlif yazılar yazılmalı, tədbirlər keçirilməlidir. Son zamanlar bununla bağlı kifayət qədər işlər görülüb və görülür. Ancaq bütün bunlarla kifayətlənmək və arxayınlaşmaq olmaz. Daha artıq dərəcədə çalışmaq və fəaliyyət göstərmək lazımdır. Konkret olaraq gənclər arasında milli-mənəvi dəyərlərin elementlərini, xüsusiyyətlərini təbliğ etmək lazımdır. Xüsusən də bizim milli kökümüzlə bağlı təbliğat işi aparmaq lazımdır. Adicə musiqini götürək. Milli mənlik şüurunun, dəyərlər sisteminin ən vacib elementlərindən biri də milli musiqi sayılmalıdır. Araşdırmaq lazımdır ki, gənclər bizim milli musiqimizə nə dərəcədə aludədir, nə dərəcədə ondan bəhrələnir. Bununla belə, tariximizlə, ədəbiyyatımızla, digər incəsənət növləri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Bu cür problemləri ancaq bu yolla həll etmək olar. Çünki adətən insan özünü tanımayanda başqasına oxşamağa çalışır. Ona görə də ilk növbədə biz özümüzü tanıtmalıyıq ki, gənclərimiz özlərini avropalıdan daha aşağı səviyyədə görməsin. Onda hansısa kompleks olmasın. O üzdən, gənclər milli mənlik şüurunu dərk etməkdən ötrü öz mədəniyyətini gözəl bilməlidir”.
Gənclərin milli-mənəvi tərbiyəsinə cəmiyyətin və insanların təsir göstərmə imkanları çox azdır
Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsində kifayət qədər çatışmazlıqlar olduğunu vurğulayan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın qənaətincə, orta məktəblərdə bu istiqamətdə maarifləndirici tədbirlər görülsə, müəllim dəyərləri, təhsilin hədəfləri məsələsində gənclər daha dolğun düşüncəyə sahib olardı: "İndiki şərtlər daxilində gənclərin milli-mənəvi tərbiyəsinə cəmiyyətin və insanların təsir göstərmə imkanları çox azdır. Bu gün gənclərimizə insanlardan daha çox texnoloji vasitələr təsir göstərir. Buna görə də gənclər milli mənlik şüuru və vətənpərvərlik hisslərinin inkişafı sahəsində çox böyük problemlər yaşayırlar. Əslində, bugünkü Azərbaycan gəncliyi böyük bir çaşqınlıq içərisindədir desək, yerinə düşər. Bu çaşqınlıqdan xilas olmaq üçün də daha dolğun insanların onları tərbiyələndirməsi, onların dünyagörüşünün və düşüncələrinin inkişafına nail olması vacibdir. İndiki şərtlər isə çox ağır olduğu üçün gənclərdə milli mənlik şüurunun inkişafını və vətənpərvərlik hisslərinin tərbiyəsini qənaətbəxş hesab etmirəm”.
Millət vəkilinin sözlərinə görə, gənc nəsli milli-mənəvi dəyərlərə kökləmək üçün mühit çox vacib faktordur. Bu gün gənc nəslin özünüdərk prosesi üçün Azərbaycanda normal universitet, orta məktəb mühiti yoxdur. Bütün bunlar isə kompleks şəkildə gənclərdə mənəvi aşınmalar yaradır. Bir 45 dəqiqə dərslə zəmanə gənclərində milli şüuru inkişaf etdirmək qeyri-mümkündür "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev isə deyib ki, bu mövzuda maariflənmə işində bəlkə də bir az gecikmişik: "Bu məsələdə prinsip etibarı ilə fərdi yanaşma tələb olunsa da, ümummilli maraqlar kontekstində qlobal düşünməyə məcburuq. Əgər fərdin daxilində milli mənlik şüuru inkişaf edirsə, növbəti prosesdə vətənpərvərlik hissi özü-özündən yaranmağa, formalaşmağa başlayır. Bu günə kimi bizə təlqin olunan bağça-məktəb, universitet, hərbi xidmət tərbiyəsi əlbəttə ki, milli mənlik şüurunun inkişafında mühüm rol oynayır, amma təcrübə göstərir ki, bununla kifayətlənmək, prosesi özbaşına buraxmaq düzgün yanaşma deyil. Bir 45 dəqiqə dərslə zəmanə gənclərində milli şüuru inkişaf etdirmək qeyri-mümkündür. Bu problem kompleks yanaşma tələb edir. Bu da nədən ibarətdir? Bağçadan-məktəbdən- universitetdən başlanan bu prosesə yazılı və elektron media da dəstək verməlidir. Əlbəttə ki, bu dəstək "biz milli şüuru inkişaf etdiririk” formatında olmamalıdır. Hazırlanan proqramlarda, yazılan yazılarda bu məsələ sətiraltı ifadə olunmalıdır. Təəssüf ki, yazılı media bu məsələyə qismən yer ayırsa da, nə yazıq ki, televiziyalarımız üçün hələ də milli şüurun inkişafı məsələsi prioritet deyil. Məsələnin ikinci və ən əsas tərəfi milli şüurun inkişafının millətçilik prizmasından təbliğ olunmasıdır. Bu təbliğat kökündən yanlışdır və Azərbaycan müstəqilliyinin ilk illərində bu təbliğat metodunun acı təcrübəsini yaşayıb. Milli mənlik şüuru Azərbaycan kimi etnik palitrası zəngin olan ölkələrdə fərqli yanaşma tələb edir. Biz gənclərin milli mənlik şüurunu azərbaycançılıq ideologiyası prizmasından inkişaf etdirməliyik. Azərbaycanı parçalanmadan qurtarmış Ulu öndər Heydər Əliyevin də uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Təbii ki, azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyev özü idi. O, dağılmış dövləti, zədələnmiş milli birliyi azərbaycançılıqla bərpa etdi, möhkəmləndirdi. Xalq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən xarici və daxili qüvvələr zərərsizləşdirildi. Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisi oldusa, digər yandan, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunu təsdiqlədi. Azərbaycançılıq ideologiyasının təməl prinsipi həm də vətənpərvərliyi ehtiva edir. Yəni biz məqsədimizə qısa bir zamanda çatmaq üçün problemə daha çox bu istiqamətdən yanaşmalıyıq. Çünki bizim kimi ölkələrin başqa yolu yoxdur”.
Şəymən Aşırlı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.