Ziyanlı kitabların ölkəyə gətirilməsi ideoloji müharibədir

İnternet üzərindən aparılan dini təbliğatlara da nəzarət olunmalıdır




Azərbaycanda ekspertizası aparılan dini ədəbiyyatlara dair vəziyyət açıqlanıb. Ölkəmizə zərərli dini ədəbiyyat axınının qarşısı alınıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən il hüquq-mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxış keçirilib.

Müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş təhlükəli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb. Ötən il 884 adda dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 86 adda kitabın ölkəyə gətirilməsinə razılıq verilməyib. Ölkədə çap olunmaq məqsədilə ekspertizaya 166 adda dini ədəbiyyat təqdim olunub. Onlardan 3-də dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığından çapına icazə verilməyib. Bununla yanaşı, hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 952 adda dini ədəbiyyata baxılıb. Onlardan 336 adda dini ədəbiyyatın zərərli olduğu müəyyən edilib.

Bu cür ədəbiyyatların təhlükə mənbəyi olduğunu söyləyən ilahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında deyib ki, ictimai formada təbliğat aparmağın və insanları üz-üzə qoymağın yeganə yolu dindir. Ekspertin qənaətincə, ziyanlı kitabların gətirilməsi ideoloji müharibədir: "Hazırda Azərbaycanda islamdan kənar ideologiyalar mövcuddur. Artıq ideoloji natarazlıqlar ailələrin dağılmasına səbəb olur. Ona görə də problemin qarşısının alınması yönündə əlaqədar qurumların addımı təqdirəlayiqdir. İdeoloji müharibə çox xətərlidir. İnsanları üz-üzə qoymaq çox böyük təhlükədir. Əlbəttə, belə ədəbiyyatlar cəmiyyətdə çaşqınlıq və ya fikir ayrılığının yaranmasına yol açır. Mənəviyyatımızı ciddi zərbə altında qoyur. Məsələn, telekanallarda bəzi qadınlar qeyd edirlər ki, türk, ingilis və fransızların ideologiyası ilə yaşayır. Ailəli olmaq istəmir. Və yaxud ailəsi varsa, yoldaşından ayrılıb, tək yaşamağa üstünlük verir. Bunlar artıq milli və mənəvi dəyərlərimizə tamamən ziddir”.

İnternet üzərində aparılan dini təbliğatlara diqqət çəkən müsahibimiz vurğulayıb ki, buna da nəzarət olmalıdır: "Dövlət öz vətəndaşını pis əməllərdən qorumalıdır. Nəzarət olmalıdır. Düşünürəm ki, aidiyyəti strukturlar internet üzərindən təbliğata qarşı da tərdbirlər görür”.

Ayyət Əhməd