Zülmətdən İŞIĞA, işıqdan YURDA...


Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 Bir neçə gün öncə Pirallahı rayonunda böyük bir sevinc yaşanırdı. Qaçqın və məcburi köçkün ailələrinin üzünə gün doğmuşdu. Daha 306 ailə üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilirdi. Yeni mənzillərdə yaşayacaq insanların sevincini gözlərindən duymaq olurdu. Necə olmasa da yeni mənzilə köçürlər, daha onların da qapıları tez-tez döyüləcək.
Öz evlərində, işıqlı otaqlarında  illərlə yolunu gözlədiyi qohum-əqrəbalarını gülər üzlə qarşılayacaqlar. Allah hamını arzusuna qovuşdursun. Yeni mənzilə köçməyin sevincini təkcə bu təbəqə belə coşqu ilə qarşılamır. Hər bir insan, hətta öz cibinin pulu ilə aldığı mənzilə ilk qədəmlərini basanda gözləri dolur, problemlərinin bir qismini aşdığını hiss edir. Sağ olsun, dövlətimiz öz vətəndaşına sahib çıxır, onları nəmli, darısqal, yarıqaranlıq otaqlardan xilas edir. Kaş ki, bu sevinci onlar bir də öz doğma dədə-baba torpaqlarında yaşasınlar.
Pirallahıda yaşananlara şahidlik edənlər yalnız məcburi köçkün ailələri deyildi. Yeni mənzillərin verilməsi mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da qatılmışdı.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verib ki, Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlət başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən yaradılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri də görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət yetirilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.
Təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.
 Məcburi köçkünləri təbrik edən Prezident İlham Əliyev deyib ki, bu, çox gözəl hadisədir. Bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir.Prezident vurğulayıb ki, son illərdə böyük işlər görülüb, həm Bakı şəhərində, həm də bütün bölgələrdə. Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür.Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. 
 Laçın rayonundan olan məcburi köçkün Kəmalə Musayeva da sevinənlər arasındadır. O deyib ki, Prezidentin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün doğma Azərbaycanımız gündən-günə yenilənir, sürətli və dinamik inkişaf yolundadır. K.Musayeva ictimai-siyasi prosesləri də izləyir:“Hörmətli Mehriban xanım, biz çox yaxşı xatırlayırıq ki, Siz Birinci vitse-prezident təyin olunandan sonra ilk müşavirənizi məhz məcburi köçkünlərin və qaçqınların sosial problemlərinin həllinə həsr etdiniz. Siz xeyirxah, nəcib əməlləriniz ilə bizim xalqımız, Vətənimiz üçün seçilmişlərdənsiniz. Bunun üçün biz Sizə çox minnətdarıq".Kəmalə Musayeva daha sonra deyib ki, Pirallahı rayonunun da siması gündən-günə, ildən-ilə yenilənir. Çox qısa müddətdə burada yeni zavodlar istifadəyə verilib. Şpris zavodu açılıb, dərman zavodu tikilir, yeni-yeni parklar salınır. Məcburi köçkünlər üçün belə gözəl qəsəbə salınıb. Pirallahı rayonunun sakinləri üçün sosial evlər tikilir. On nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışdığını bildirən Kəmalə Musayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını xüsusi ilə vurğulayıb.

102 müasir qəsəbə salınıb
Prezidentin qaçqın və məcburi köçkün ailələrinə, şəhid ailələrinə diqqəti, qayğısı bu bölgənin ziyalılarının ürəyincədir, ictimaiyyət nümayəndələri görülən işləri dəyərləndirir. Sabiq millət vəkili Həvva Məmmədova deyir ki, Prezidentin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır:"Cənab Prezidentin ardıcıl olaraq həyata keçirdiyi sosial siyasətin əsasını aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, əlillərin məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Təsadüfi deyil ki, köçkünlər üçün tikilən kompleksdə yalnız mənzillər deyil, məktəblər, bağçalar da var. Hətta mənzillərdə mətbəx avadanlıqlarına qədər bütün şərait yaradılıb. Prezidentin apardığı siyasətin məqsədində vətəndaş amili dayanır. Bu siyasət təkcə bu gün deyil, 15 ildir ki, davam edir. Aparılan təhlillər və müqayisələr göstərir ki, prezidentin siyasətində hər zaman vətəndaşlarımıza xidmət amili əsas meyardır. Hazırda ölkəmizdə 100-dən artıq yeni qəsəbə tikilib istifadəyə verilib. Köçkün əhalinin bütün şəraiti yaxşılaşdırılıb, onların övladları ödənişli ali məktəblərdə pulsuz təhsil alırlar”.
H.Məmmədova qeyd edib ki, heç bir ölkədə məcburi köçkünlərə bu qədər gözəl şərait yaradılmır:"Prezidentin məcburi köçkünlərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı qiymətləndirilməlidir. Heç bir ölkədə qaçqın və məcburi köçkün ailəsinin üzünün gülməsinə, onların yeni mənzillə təmin olunmasına rast gələ bilmərik. Bu, yalnız Azərbaycan prezidentinin sosial qayğıya ehtiyacı olanlara göstərdiyi böyük diqqətin nümunəsidir.Sosial qayğıya ehtiyacı olan vətəndaşlarımız hər zaman dövlətin diqqətindədir. Təsadüfi deyil ki, son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb. Bu qəsəbələrdən 3-ü ötən il istifadəyə verilib.Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir.Eyni zamanda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Ötən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub".
Bu gün yalnız Bakı şəhərində yataqxanalarda yaşayanlar qalıb

Millət vəkili Elman Məmmədov bildirir ki, dövlət büdcəsindən qaçqın və məcburi köçkün, eyni zamanda şəhid ailələrinə kifayət qədər vəsait ayrılıb:"Ölkə başçısının imzaladığı bütün fərman və sərəncamlarda ilk növbədə qaçqınların və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ön planda durur. Bu gün yalnız Bakı şəhərində yataqxanalarda yaşayanlar qalıb. Onlar da yeni ilə qədər mənzillərə köçürüləcəklər.Bütün bayramlarda dövlət ilk olaraq qaçqın və məcburi köçkünləri sevindirir. Bu, yalnız Azərbaycan prezidentinin sosial qayğıya ehtiyacı olanlara göstərdiyi böyük diqqətin nümunəsidir”.
Dövlətimiz çalışır, amma o qədər gözə görünən və görünməyən düşmən qüvvələr var ki...
Yazıçı Elçin Hüseynbəyli son zamanlar məcburi köçkünlərin mənzil problemlərinin həlli istiqamətində, eləcə də təhsil və sosial təminat məsələlərində Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyevanın çox və effektli işlər gördüyünü vurğulayır. O qeyd edir ki, bütün bunlar ölkə vətəndaşları, ictimaiyyət nümayəndələri tərəfindən qiymətləndirilir, təqdir edilir. Yazıçı problemlərin olduğuna  da diqqət çəkir:“Həmişə onu da vurğulamışam ki, qaçqına, məcburi köçkünə nə qədər yaxşı şərait yaratsan da, yurd itkisini əvəz edə bilməz. Yurdu dağılan insanların aurası da məhv olur: qız sonalaya bilmirsən, ölünü məzarlıqda dəfn edə bilmirsən, qonşuluq, qohumluq əlaqələrini müntəzəm saxlaya bilmirsən. Əlbəttə, həmin şəhərciklərdə az da olsa iş yerləri açılır. Bu da əsasən məişət sahələridir. Əsas problem torpaqsızlıqdır. Ona görə də hamılıqla bu barədə düşünməli və hərəkət eləməliyik. Dövlətimiz çalışır, amma o qədər gözə görünən və görünməyən düşmən qüvvələr var ki, onlar imkan vermir. Hər halda çox ağrılı problemdir və vəziyyətdən çıxmaq üçün hamımız birgə fəaliyyət göstərməliyik.
İşğal olunmuş ərazilər şagirdlərə küçə-küçə, bulaq-bulaq, meşə-meşə öyrədilməlidir 

Yazar Feyziyyə də məcburi köçkün ailələrinin sevincini bölüşür, amma onun təklifləri də var:

 - Gülüstan evlərini içi dolu qoyub illərlə çadırlarda, vaqonlarda, məktəblərdə, yataqxanalarda ömürlərinin yarısını keçirmiş, ev rahatlığına həsrət yaşlanmış, böyümüş, doğulmuş insanların yeni mənzillərə daşınmaq sevincini onların özü qədər kimsə duymaz. Hamımız onların nələr yaşadığını çox yaxşı bilirik – hər birimizin qohumumuz, yaxınımız var onların arasında. Mən isə Xocalı qətliamı ilə bağlı bir il layihə etdiyimə görə Xocalı köçkünlərinin yayının da, qışının da necə məşəqqətli keçdiyinin şahidi olmuşam. Təkcə bu şəhərin köçkünlərini görmək bəs edirdi ki, onların hər birinin hansı şəraitdə yaşadığını anlayasan. Onların hər biri böyük sınaqdan, imtahandan ləyaqətlə çıxdılar. Şükürlər olsun ki, ölkədə məcburi köçkün adını daşıyan insanların böyük qismi yeni mənzillərlə təmin olundu. Bu evlər onların halal haqlarıdı. Bu haqları onlara tanıyan insanlara eşq olsun!
Ən böyük haqqımız isə Qarabağ və ətraf rayonlardır ki, indi orada düşmən at oynadır. Dünyanın heç bir xəzinəsi, mülkü Vətən torpağını, Vətən adını əvəz edə bilməz. Hamımız erməni işğalındakı ərazilərimizin bir gün yenidən bizim olacağına inanırıq, zamanını, vədəsini bilməsək də. Amma o vədə yetişənə qədər bu millətin yüksək intellektli gənclərinin yetişməsi üçün mükəmməl təhsilə ehtiyacı var. Düşünürəm ki, məcburi köçkün məktəblərində, əsasən, bölgələrdəki məktəblərdə şagirdlərə xüsusi qayğı ilə yanaşılmalı, fərqli proqramlar tərtib edilməlidir. Bugünkü şagirdlər hər nə qədər müharibəni görməmiş olsalar da, canlarında müharibə qorxusu, qaçqınlıq əzabı, şəhidlik və qazilik ağrılarını daşıyan travmalı insanların övladlarıdır. Çox istərdim ki, ucqar kəndlərdən başlayaraq bütün bölgə məktəbləri yüksək səviyyədə təmir edilsin və yeni avadanlıqlarla, kompüterlərlə və ağıllı lövhələrlə təmin olunsun. Məktəblərdə beynəlxalq səviyyədə layihələr edilməli, məcburi köçkün məktəblərində xarici dil tədrisi mükəmməl səviyyəyə çatdırılmalıdır. Yaxşı olardı ki, işğal altında olan rayonların şagirdlərinin həm biri-birləri, həm də yerli məktəb şagirdləri ilə görüşləri mütəmadi təşkil edilsin. Bu görüşlərdə şagirdlər köçkün düşdükləri bölgələri ilə bağlı böyüklərindən, nənələrindən, babalarından eşitdikləri əhvalatları, müxtəlif hadisələri, məşəqqətli işğal günlərini, məcburi köçkün həyatının çətinliklərini biri-birlərinə hekayə kimi danışsınlar və bu mövzuda müxtəlif inşa müsabiqələri təşkil olunsun. İşğal olunmuş ərazilər şagirdlərə küçə-küçə, bulaq-bulaq, meşə-meşə öyrədilməli, əzbərlədilməlidir. Beləliklə də, torpağı işğal altında olan vətənin gəncləri öz torpaqlarını unutmaz. Beynəlxalq tədbirlərdə öz vətəninin haqqını tələb edə və öz torpaqlarına dönüşü uğrunda böyük addımlar atmış olarlar.

Yusif Yusubov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür