“Azərbaycan-NATO münasibətlərinin əsası 1994-cü ildə Heydər Əliyev tərərfindən Sülh naminə Tərəfdaşlıq sənədinin imzalanması ilə qoyulub”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bildirib ki, bu münasibətlər indiyə qədər davamlı olaraq inkişaf etdirilərək hər iki tərəfin maraqları çərçivəsində öz yerini tapıb:
“2003-cü ildə Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatlarına hərbi və logistik dəstək verməsi əlaqələrin hansı səviyyədə olmasına nümunədir. Hazırda Azərbaycanın 120 nəfərlik qərargah zabit heyəti hərbi alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir.
Bu istiqamətdə hərbi daşımalar üçün Ələt dəniz limanından istifadə nəzərdə tutulur. NATO-nun hazırki missiyası və Bakıdakı görüşlərin məqsədi İranla olan gərginliklə bağlıdır. İki əks qütbün - Rusiya və NATO generallarının Bakı görüşləri Azərbaycan üçün çox əhəmiyyətlidir”.
Politoloq bildirib ki, Azərbaycanın NATO-ilə sıx əməkdaaşlığı enerji təhlükəsizliyi ilə yanaşı həm də regionda sabitliyin saxlanılmasına xidmət edir:
“Gürcüstanın NATO ilə daha yaxın əməkdaşlıq etməsinə baxmayaraq, Rusiya bu ölkəni dərin krizisə salmağa nail olub. Hətta təşkilatın Ermənistana yaxınlaşmasından sonra da eyni proseslər davam etməkdədir. Azərbaycan isə iki əks qütbün arasında bacarıqla manevr etməyi bacarır. Lakin buna baxmayaraq, ərazilərimiz hələ də işğal altındadır.
Güman edirəm ki, NATO İranı Rusiyadan qoparmağa nail olarsa, bu problemin həll olunmasında açar rolunu oynaya bilər. NATO və Rusiya generallarının davamlı olaraq görüş yeri kimi Bakını seçməsi Azərbaycanın regiondakı əhəmiyyətinin göstəricisidir”.