MƏŞHUR “10 SENTYABR” HEKAYƏSİNƏ FƏRQLİ BAXIŞ

 
Tanınmış şair-yazıçı, publisist Rəşad Məcidin illər öncə işıq üzü görən və bu günlərdə bir neçə sayt tərəfindən təkrar paylaşılan məşhur “10 sentyabr” hekayəsini yenidən oxudum. Bir daha fərqinə vardım ki, indiyədək aktuallığını qoruyub saxlayan, bundan sonra da qoruyacağı şübhə doğurmayan hekayə haqqında düşüncələrim dəyişməyib

Düşüncələrimi o zaman deyil, məhz indi qələmə almağımın səbəbi isə sosial şəbəkələrdə yazılan müxtəlif şərhlər və rəylər oldu. Təəssüf ki, oxucuların böyük əksəriyyəti hekayənin ancaq üst qatına istinad edərək fikir yürüdür, hekayəni daha çox anti-Amerika ovqatlı bir əsər kimi qiymətləndirirdilər. Mənim düşüncələrim isə bir qədər fərqli idi. Ona görə də əsasən hekayənin alt qatı ilə bağlı olan fikirlərimi bölüşməyə ehtiyac duydum. 
Bu hekayənin məndən ötrü başqa bir özəlliyi ondan ibarətdir ki, obrazların dili, müəllifin təhkiyyəsi və ayrı-ayrı məkanların təsviri ilə 30 illik dövrün mənzərəsini gözlərim önündə canlandıra bilirəm. Yəni hadisələrin şahidiyəm, obrazların kiçik fərqlərlə yaşıdıyam. Bir az sadəlövh, bir az zəhmətkeş, bir az qüssəli, bir az da yeyib-içən o taksi sürücüsü də mənim üçün yad deyil. Ən azı əmim oğludur, qonşumdur, tələbə yoldaşımdır, əsgərlik dostumdur. Bir az yaşlaşsa da, dünyagörüşündə də elə ciddi bir irəliləyiş yoxdur. Olsa-olsa, müxtəlif mənbələrdən aldığı pərakəndə məlumatların sayı artıb, xarici vətəndaşları tez-tez görməsi adiləşib və nəhayət, Amerika, amerikalılar haqqında təsəvvürləri genişlənib. Daha çox dəyişən isə idarə etdiyi maşının modelidir. İndi “jiquli” deyil, “opel”, “çeşka”, “mersedes” sürür.

 Heç qüssəsi də azalmayıb. Əməliyyat xərcləri əvvəlkindən də artıqdır. Hətta ən insaflı həkimin ən kasıb xəstələrə güzəşt etmək imkanları da məhdudlaşıb. Çünki o, ən yaxşı halda özünə çatası məbləğdən imtina edə bilər, əməliyyatın aparıldığı müəssisənin haqqını isə mütləq ödəməlidir.  
Bütün bunları sadalamaqda əsas məqsədim hekayənin bu gün də aktual olduğunu xatırlatmaqdır. Danılmaz faktdır ki, bədii əsərin dəyəri ərsəyə gəldiyi andan qət etdiyi zaman məsafəsinə görə ölçülür. Yəqin razılaşarsınız ki, ədəbiyyat söhbətlərində də müasirlərimizdən çox klassiklərimizin adını çəkirik. Fikirlərimizi əsaslandırmaq üçün Mirzə Fətəli Axundovdan, Mirzə Cəlildən, Mirzə Ələkbər Sabirdən sitatlar gətirməyi xoşlayırıq. Həmişə də onların dahiliyini çox sadə bir arqumentlə sübut etməyə çalışırıq: “100 il əvvəl yazdıqlarına baxın, elə bil bu gün yazıblar”.  Deməli, o böyük ədiblərin öz dövrlərində yazdıqları bu günlə səsləşməsəydi, biz onları dahi adlandırmazdıq. 

“10 sentyabr” hekayəsinin yazılmasından isə vur-tut 16 il keçib. Dahiliyin zaman ölçüsünü 100 il götürsək, hələlik günümüzlə səsləşsə də, müəllifin həmin mərtəbəyə yüksəlməsinə 84 il qalır. Cəmiyyətimizin yaxşılığa doğru sürətlə inkişafı fonunda yuxarıda qeyd etdiyim arqumentlə nəinki müəllifin o mərtəbəyə yüksəlməsini istəmirəm, hətta klassiklərimizin o mərtəbədən aşağı düşməsini arzulayıram...
Hekayənin məndə yaratdığı təəssüratlardan “sui-istifadə” edərək mövzudan kənara çıxmağıma, şəxsi fikirlərimə də xeyli yer ayırmağıma baxmayaraq, başlıca mahiyyətdən uzaqlaşmadığıma əminəm. Əsərin sadə süjet xətti də, “əllərində bir neçə dolu paket olan gömbul kişi və arıq ortaboylu qadın” da yadımdan çıxmayıb. “Gombul”u həyatda korluq çəkməyən əcnəbi bir kişi, “Arıq”ı isə fiqurasını korlamayan əcnəbi bir qadın obrazı kimi qəbul etmək fantaziyam da yerindədi. 

Hekayəni oxumayanlar üçün qısaca xatırladım ki, əsərdə amerikalı ər-arvadın taksiyə minməsi, çantalarını unudub taksidə qoyması, taksi sürücüsünün içərisində min yeddi yüz dollar olan çantanı sahibinə çatdırması və bu kiçik süjet xəttinə söykənən epizodlar, dialoqlar, daxili düşüncələr, fərziyələr öz əksini tapıb.  

“Əslində amerikalı paxlavanı çeynəmir, az qala diri-diri udurdu” – deyə təəccüblənən taksi sürücüsünün hərəkətləri isə bizi qətiyyən təəccübləndirmir. Axı özümüzün də içərisində olduğumuz, hər gün rastlaşdığımız hərəkətlərdən niyə təəccüblənməliyik ki?! Gəlin bir anlığa əksini düşünək. Əgər amerikalı xəbər tutsaydı ki, 100 dollara ehtiyacı olan o taksi sürücüsü onun acığına qızının əməliyyatı üçün yığdığı pullardan on dənə onminlik götürüb dostlarına kabab qonaqlığı verəcək, təəccüblənməzdi e, gözü kəlləsinə çıxardı. Amma hekayədə amerikalıların azərbaycanlı haqqında düşüncələrinin yox, azərbaycanlıların amerikalı haqqında düşüncələrinin önə çəkildiyini nəzərə alaraq fikirlərimi bu konteksdən sərgiləməyim məqbuldur. Həmin düşüncələri içki məclisində hekayənin baş qəhrəmanının dilindən eşidirik: “İstəyirəm öz sağlığımıza, öz xalqımızın sağlığına içək. Mən həmişə demişəm ki, Amerikadan bizə xeyir gəlməz. Bu gün öz sözümə bir daha inandım. Kim olsaydı, min yeddi yüz dollara görə çıxarıb yüz dollar verərdi. Amma bunlar bir şirvan da vermədilər. Həm də mənə elə baxdılar ki, elə bil dədələrinə borcum var. Rus olsa verərdi, nemes də verərdi, - bir az durdu, əlləri ilə gicgahını ovxalayıb – erməni də verərdi, amma amerikalı vermədi”. 

  Taksi sürücüsünün timsalında orta statistik azərbaycanlı düşüncələrinə siyasi mülahizələrini də qataraq özünü oxucuya daha yaxından tanıdır:

“Qınamayın, dostlar!  Mən qonaqlığı sözümün düzlüyünə əmin olduğum üçün verirəm. Allah yetirəcək, uşağı aperasiya elətdirəcəm. Hərdən öz-özümə deyirdim ki, ömründə bir amerikan görməmisən, nə tanıyırsan onları? Bu gün gördüm və inandım ki, səhv etməmişəm. Bunlar soveti – gül kimi hökuməti dağıtdılar, bizi bir-birimizə qırdırdılar, işsiz-gücsüz qoydular, nökərə çevirdilər – özlərinə öz xeyirlərinə görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə də qoymurlar. Barı Qarabağı qaytaraydılar”.

Əsərdə maraqlı obrazlardan biri də taksi sürücüsünün arvadıdır. Qonşular onun “vergili” olduğunu bilir, yanına məsləhətə gəlirdilər. Bir dəfə gecəki yuxusunu danışıb ortancılı qızının xəstələnəcəyini söyləmişdi. Bundan iki həftə sonra qızının doğrudan da xəstələndiyini görən və onu həkimə aparan taksi sürücüsü arvadında qeyr-adi nəsə olduğuna inanmağa başlamışdı. Bu inanclı qadının amerikalı ər-arvad haqqında “Ürəkli adama oxşamırlar”, lap sonda “Pis yuxu görmüşəm. Yekə-yekə binalar alışıb yanırdı”, “Nəsə olacaq, yaman qorxuram. İçmə, sən Allah, tərgit bu zəhirmarı” deməsi, dediklərinin öz təsdiqini tapması hekayənin kulminasiya nöqtəsi və sonluğudur. Eyni zamanda oxucunu baş verənlərin üst qatından alt qatına endirərək düşünməyə, nəticə çıxarmağa vadar edən bir qüvvədir. 

  Hekayənin alt qatında birini yaxşı tanıdığımız, birini isə yaxşı tanımağa cəhd göstərdiyimiz iki fərqli cəmiyyətin qarşılaşdırılmasını, müqayisəsini də görürük. Burada bəlkə də ilk baxışdan diqqət çəkməyən incə bir məqam var: amerikalının bizdə təəccüblə qarşılanan, fövqalədə bir qəhrəmanlıq sayılan hadisəyə çox soyuqqanlı yanaşması: “Yəni belə də olmalıdır də, qeyri-adi nə var ki?” Bir qədər dərindən düşünsək bu qənaətə gələrik ki, amerikalı obrazı ondan Qarabağı qaytarmağı uman, göstərdiyi "mərdliyin" (ona görə dırnaqda yazıram ki, bu, amerikalı üçün mərdlik deyil, adi bir borcdur) müqabilində mükafat gözləyən taksi şoferindən mənfi obraz deyil. Çünki amerikalı özünəgüvən yaradan bir cəmiyyətin, taksi şoferi isi onu qızını əməliyyat etdirməkdən ötrü ümidini özgənin 100 dollarına bağlamağa məhkim edən cəmiyyətin üzvüdür.
Tipik azərbaycanlının inancına görə, əgər amerikalı simic ər-arvad 10 sentyabrda taksi sürücüsünə 100 dollar versəydi, 11 sentyabrda Amerikadakı göydələnlər yanıb külə dönməzdi. Necə deyərlər, XIX əsrdə Parisi dağıdan mistik qüvvələr XXI əsrdə  okeanın o tayına keçməzdilər.
Müəllifin ideyası təbii ki, özünə məxsusdur. Bir oxucu kimi öz düşüncələrimi istədiyim kimi çatdırmaq da mənim haqqımdır.  Son qənaətim belədir ki, özümüzə güvənməklə, əyər-əskiyimizi düzəltməklə cəmiyyətimizi özgələrdən imdad gözləməyən güclü bir cəmiyyətə çevirməliyik.  Elə hekayənin alt qatından bizə tuşlanan mesaj da budur.

Arif MƏMMƏDLİ