Daha bir qanunsuz heyvan kəsiminin qarşısı alındı - FOTO

Nizami rayonunda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması ilə bağlı reyd keçirilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il iyunun 11-dəki sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirlərini davam etdirir.
AQTA əməkdaşları agentliyin 1003 Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qanunsuz heyvan kəsiminin qarşısını almaq məqsədi ilə reydlər keçiriblər. Reydlərdə Nizami rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.

Reyd zamanı qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.