Azərbaycanda olan ahılların sayı açıqlandı

Hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə ahıl vətəndaşların sayı 400 minə yaxındır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Hazırda Azərbaycanda əmək pensiyaçılarının mühüm bir hissəsini də ahıl vətəndaşlar təşkil edir.

Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının müvafiq Sərəncamı imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar verilir. Eyni zamanda, cari il aprelin 1-dən müharibə əlilləri üçün təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün aylıq təqaüd (50 manat) təsis edilib. İkinci Dünya müharibəsinin iştirakçılarına Prezidentin aylıq təqaüdü isə 150 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə digər müvafiq kateqoriyalardan olan vətəndaşlarla bərabər İkinci Dünya müharibəsi ilə əlaqədar səbəbindən əlillyi olanların da mənzil və minik avtomobili ilə təminatı həyata keçirilib.

Son illərdə nazirliyin digər bir çox sosial xidmət müəssisələrində olduğu kimi, mühüm bir hissəsi ahıllardan ibarət 235 nəfərin yaşadığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində də müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib.

"Sosial xidmət haqqında" Qanuna əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 minədək tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin edilir. Onlardan 7700-ü ahıl şəxslərdir. Sosial-məişət xidməti kimi onlara sosial işçilər tərəfindən ev təsərrüfatında təmizlik işlərinin aparılmasında, yemək hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və psixoloji yardımın, hüquqi məsləhətlərin alınmasında və s. işlərdə köməklik göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında hazırda 10 şəhər və rayonda (Bakının Binəqədi, Xəzər, Sabunçu, Pirallahı rayonlarında, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində, Abşeron, Lənkəran, Xaşmaz rayonlarında) ahıllar üçün günərzi xidmət mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunur, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılır.