Bakıda oktyabr ayı üçün yüksək temperatur qeydə alınıb 

“Payız fəslinin ikinci ayı, oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başlayıb. Havanın temperaturu iqlim norması daxilində tərəddüd edir”.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoruUmayra Tağıyevadeyib.

O bildirib ki, yaxın günlərdə də komfort temperatur şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş əhval yaradacaq: “Ayın 7-dək cənub-şərq, cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək. Temperatur 24-27 dərəcəyə yaxın olacaq. Havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə yağış ehtimalı var.

Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi şimal rayonlarında və Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək”.

U.Tağıyeva əlavə edib ki, çoxillik meteoroloji müşahidələrə görə bu gün (2 oktyabr) üçün ən yüksək temperatur Bakıda qeydə alınıb. Belə ki, 2012-ci il oktyabrın 2-də Bakıda ən yüksək isti - 30,5 dərəcə, 1941-ci ilin 2 oktyabrında isə ən aşağı isti - 8,1dərəcə qeydə alınıb.