Bakıda quşlar üçün yuva quruldu - VİDEO


“Gəlin dünyanı birlikdə gözəlləşdirək!” Təbiətsevərlər bu şüar altında birləşdilər. Mərkəzi Nəbatat Bağı bu gün öz qapılarını qonaqların üzünə açdı. APA TV-nin xəbərinə görə, uşaqlı-böyüklü hər kəs təbiəti qorumaq, quşlar üçün yuvalar və yemləmə evcikləri quraşdırmaq üçün toplaşdılar.


ETSN-nin sektor müdiri Mehman Nəbiyev aksiyanın məqsədini açıqlayıb: “Bura gələn uşaqlar şəhərin mərkəzinə yaxın bir yerdə quşların və təbiətin qorunmasının nə qədər vacib olduğunu görsünlər istəyirik. Onlarda təbiətə qarşı sevgi yaransın”.
Layihə rəhbəri Rəşad Qədimov da deyir ki, ekoloji tədbirin keçirilməsində məqsəd gənc nəslə təbiətə qayğıkeş yanaşmağı öyrətmək, əhalidə ekologiyaya və ətraf mühitin qorunub saxlanmasına pozitiv yanaşmanın formalaşmasına kömək etməkdir: “Biz bir neçə il əvvəl də belə bir aksiya həyata keçirmişdik. O zaman quraşdırılan evciklərdə artıq quşlar yuva qurublar. Hətta o zamanlar əkdiyimiz bitkilər də artıq böyüyüb. Biz layihələrin keçirilməsi məqsədimizə tam nail ola bilirik”. 
Aksiya çərçivəsində 30 yeni yuva və 10 yemləmə evciyi quraşdırılıb.

Qeyd edək ki, tədbirdə bir sıra dövlət və qeyri-dövlət təşkilatları yaxından iştirak edib.