Səidə Qocamanlı feministləri dəstəklədi: "Bu, cəmiyyət üçün bir siqnal olsun"

“Son zamanlar Azərbaycanda qadınlar ərləri, qardaşları, qohumları, hətta qayın və qaynata tərəfindən şiddətə məruz qalır. Məhz bu səbəbdən feminist qadınların aksiyasını təqdirəlayiq hesab edirəm”. 

Bu fikirləri Sherg.az-a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.

Onun sözlərinə görə, qadın hüquqları yalnız Azərbaycanda yox, bütün dünyada çox vacib və müdafiə edilmiş hüquqlar olmalıdır:

“Çünki qadın ilk növbədə anadır, hər birimizin həyatını quran bir gücdür və ona qarşı olan hər hansı bir zorakılıq və ədalətsizliyin qabağı kəskinliklə alınmalıdır. Qadınların zorakılığa məruz qalması və öldürülməsi heç bir insani dəyərlərə sığan hal deyil. Hesab edirəm ki, həmin şəxslər ümumiyyətlə insan adına layiq deyillər və onlara qanunvericilikdə ən kəskin cəza verilməlidir. 

Çox istərdim ki, bu aksiya cəmiyyət üçün bir siqnal olsun. Hər kəsə məlum olsun ki, belə bir problem var. Hər birimiz problemin qarşısını almalıyıq. Yalnız hüquq müdafiəçiləri, QHT-lər yox bütün cəmiyyət üzvləri məsələni gündəmdə saxlamalıdır. Bilməliyik ki, belə hallara göz yumsaq, bu, cəmiyyətdə daha ağır fəsadlara yol aça bilər”.

Qeyd edək ki, Oktyabrın 20-də Nizami küçəsində, “Torqovı” adlanan ərazidə bir qrup feminist qadın aksiya keçirib. Aksiya iştirakçıları qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib. Onlar “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarlarını səsləndiriblər.