Tibbdə “40 gün” anlayışı yoxdur: Körpə 1 aylığında artıq özünü qoruya bilir

Sosioloq, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu sosial şəbəkədə “Yeni nəslin keyfiyyəti” adlı silsilə məqalələrlə çıxış edib. 

Söhbət nəsil inkişafından gedir. Xüsusilə, körpələrin dünyaya gəldiyi ilk aylarda valideynlərin necə davranmalı olduğu sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.



Uşaq anadan olanda birinci 40 gün…


Qədim adət-ənənəyə görə, körpə anadan olanda birinci 40 gün ərzində onu çox qoruyurlar. Bunu çox düz edirlər! Təəsüf ki, indiki gənclərin bir çoxu uşağı qorumağı gerilik, avamlıq, cəhalət hesab edir. Amma energetika ilə bağlı elmi araşdırmalar artdıqca, alınan nəticələri təhlil etdikcə belə qənaətə gəlmək olar ki, ata-babalarımız çox düzgün ediblər. Hələ az ediblər! Niyə?

Təsəvvür edin ki, birdən-birə tamamilə yeni mühitə düşən, yeni temperatura, energetik sistemə, qidaya alışmalı olan körpə nə qədər ciddi dəyişikliklərlə məruz qalır?! Onun hər saatı, hər dəqiqəsi, anı belə olduqca mühümdür. Bu anlarda, saatlarda həmin körpə inşa edilən bir bina vəziyyətindədir. Adam yer üzünün ilk işıqları, ilk rəngləri, ilk qoxusu, ilk səsi və s. içindədir.

Beşikdə uzandığı anda belə amillər bu olduqca həssas varlığın energetik sistemini tənzimləyir. Energetik müdafiə aləmi yaradır. Ona görə də çalışmaq lazımdır ki, uşağı əhatə edən bu ilklər çox gözəl olsun: evdəki səslər çox asta, ahəngdar olsun; hər tərəf təmiz olsun, hər yandan təmizlik ətri gəlsin. Xüsusi ilə ana üst-başı pinti ola bilməz. Körpə ən əvvəl ananın ətrini təmizlik içində almalıdır..... otaq temeraturu ana bətninin temperaturuna yaxın olmalıdır.

Adət-ənənəmizə görə körpə anadan olan evə 40 gün gedib- gələn də az olmalıdır. Kimsə zərurət üzündən gəlirsə, qapının ağzında gözləyir və körpəni onun üstünə gətirirlər. Bundan sonra həmin adam qırxlı körpə olan evə daxil olur. Buna da "müasir insanlar" gülür, köhnəlik hesab edirlər. Nahaq! Çünki, körpə evdə, yataqda uyuduğu, uzandığı zaman, qeyd etdiyimiz kimi, onun ətrafında bir energetik, müdafiəedici aləm yaranır. Kənardan gələnin energetik sistemi ilk dəfə həmin körpənin o tarazlaşmış müdafiə aləmini qarışdırıb fəsad verə bilər. Amma onların ilk təmasında, özü həmin insanın üstünə gəlirsə bu təhlükə azalır. Bir var, sakit bir gölə bir daş atılsın, o zaman oradakı bütün varlıqlar pərən-pərən düşür. Bir də var göl özü əvvəldən hazırlansın. O zaman o, gölə düşən daşdan heç bir nizam pozulmaz. Bu körpədə həmin yeni adamın energetik sisteminə qarşı da müdafiə sistemi yaranır. Daha ikinci dəfə həmin adam təhlükəli olmur. 40 gün ərzində körpə yer üzü şəraitinə adaptasiya olunur və yaranmış energetik müdafiə sistemi daha davamlı, dayanıqlı olur. Bundan sonra artıq onu həyata hazırlamağın başqa üsulları haqda danışmaq olar. Amma, təbii ki, müzakirəyə maraq olsa...



Vaqif Qarayev: “Bizim xalqda 40 müqəddəs rəqəm sayılır deyə, 1 ayı “artırıb” 40 gün ediblər”


Pediatr Vaqif Qarayev “Şərq.az”a açıqlamasında bildirdi ki, tibbdə “40 gün” anlayışı yoxdur:

“Dölün mayalanma günündən körpə doğulanadək və ondan sonrakı dövrlər var. Mayalanma və dölün inkişaf mərhələsi bətndaxili dövr, körpə anadan olduqdan sonra ilk günlər perinatal dövr və sonrakı 28 gün. Bu, 1 aylıq müddətdir. Bizim camaat onu “eləyib” 40 gün. Amma tibbdə “40 gün” anlayışı yoxdur. Bizim xalqda 40 müqəddəs rəqəm sayılır deyə, 1 ayı “artırıb” 40 gün ediblər. Körpənin uyğunlaşma, müdafiə mexanizmlərinin möhkəmlənməsi 1 ay müddətində baş verir. Buna tam mükəmməlləşmə demək olmaz, ancaq körpə 1 aylığında artıq özünü qoruya bilir.  Pediatriyada neonalogiya elmi var və bu, çox böyük bir elm sahəsidir. Körpə doğulduqdan sonrakı ilk günlərdə məhz neanatoloqlar tərəfindən müayinə edilməli, nəzarətdə saxlanmalıdır. Uşaqların xəsətliklə mübarizələri də yaş dövrünə uyğun olur. Yeni doğulan körpə, misal üçün, sətəlcəmi 3-4 aylıq körpə ilə müqayisədə tamam fərqli keçirir. Eləcə də digər xəstəlikləri”.



“Bizdə “qayda” belədi də. Birinin övladı oldumu, yekə-yekə xalalar tökülüşüb gəlir ki, uşağı görməyə gəlmişik”


V.Qarayev bildirdi ki, yeni doğulmuş körpəni görməyə gedilməsə yaxşıdı:

“Bizdə “qayda” belədi də. Birinin övladı oldumu, yekə-yekə xalalar tökülüşüb gəlir ki, uşağı görməyə gəlmişik. Hər gələn də uşağı öpür. Nəinki kənar şəxslər, heç doğma ata-ana da körpəni öpməmlidir. Çünki körpənin dərisi təsəvvür olunmayacaq dərəcədə kövrəkdir. Xüsusilə də indi, qrip, soyuqdəymə yayıldığı vaxtda körpənin görüşünə gedilməməlidir. Yeni doğulmuş körpə həssasdır, müqaviməti zəifdir. Nə vacibdi? Xəstəsən, otur evdə. Amma bu o demək deyil ki, körpə təmiz havaya çıxarılmamlıdır. Çox zaman valideynlər, nənələr körpəni ətrafdakılardan qorumağı, təbiətdən də qorumaq kimi başa düşürlər. Bu, səhvdir. Körpə anadan olduqdan 2-3 sutka sonra təmiz havaya çıxarılmalıdır. Uşağın yanına heç kəs gəlməsin, o demək deyil ki, qapı-pəncərəni bağlayıb uşağı içəridə saxlamalısan. Körpə anadan olduqdan sonrakı 2-3 gündə artıq təbiəti duymalı, oksigen qəbul etməlidir”.