Ehtiyatlı olun: "Fişinq" dələduzluğu avam insanları "tor"una salır

Son günlər internet üzərində "Fişinq" xarakterli aldadıcı reklam məlumatları yayılır. İnternetdən istifadə edən zaman qəfil ekrana çıxan banerlərdə “Bu gün “Samsung S 10” və ya “iPhone 11 Pro”nun qalibi seçildiniz. Mükafatı başqasına verməzdən əvvəl “OK” düyməsinə klikləyin”, - mesajı çıxır. 

Daha sonra istifadəçiyə "hədiyyəni" əldə etmək üçün şəxsi məlumatlarla bağlı müəyyən xanaları doldurmaq təklif olunur. Bu xanaları doldurarkən istifadəçilərin bank kartları və digər hesabları ilə bağlı məlumatlar həmin saxta məlumatı yayan şəxslərin əlinə keçir. Nəticədə şəxsin hesabından pul çıxılır.

Bu cür məlumatlar bəzi hallarda AzEduNet şirkətinin adından edilir. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Hacıyev AYNA-ya bildirib ki, artıq bir neçə internet istifadəçisinin bu cür mesajlara aldandığı və bank kartlarından pul çəkildiyi barədə şirkətə məlumatlar daxil olub.

Bildirilib ki, AzEduNet internet üzərində fiziki şəxslərin məlumatlarının toplanılması yolu ilə hər hansı kampaniya və müsabiqə həyata keçirmir: 

"Yayılan "Fişinq" xarakterli məlumatlardır. Bu məlumatlarda AzEduNet-in adının hallanması yolverilməzdir. Bu əməlləri törədənlər internet üzərindən dələduzluq yolu ilə insanların şəxsi məlumatlarını toplamağa çalışan şəxslərdir".
AzEduNet internet istifadəçilərini bu cür məsələlərə diqqətli yanaşmağı və şəxsi məlumatlarını etibarlılığı şübhə doğuran internet resurslarında paylaşmamağı tövsiyə edir.

Qeyd edək ki, "Fişinq" ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) internetdə "tələ" quraraq, bu tələyə düşən internet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla internet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və internetə çıxış üçün lazım olan informasiyaları öyrənir.
Bu, Türkiyə televiziyalarında kibercinayətlə məşğul olan bir nəfərin yaxalanmasını əks etdirən sosial çarxı yada salır. Kibercinayətkar əhaliyə müraciətlə “oyanın, ay camaat. Heç kim heç kimə havayı – pulsuz-pənəsiz heç nə  bağışlamaz” deyir. Qardaş ölkədə kibercinayətkarlıqla tv-lərdə mübarizə aparılır. Əhali məlumatlandırılır. Bizdə isə məlumatlandırma hələ ki, çox zəifdir.  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında insanların düşünüb tapdığı texnologiyaların insanların özünə qarşı çevrildiyini bildirdi:

"Kibercinayətkarlıq 21-ci əsrin əsas bəlalarından birinə çevrilib. Texnologiyalar insanların rahatlığı üçün icad edilir, amma bir çox hallarda əksinə, ziyan verməyə başlayır. “Fişinq” dələduzluq da bunlardan biridir. Onlayn alış-veriş sistemi yaradılıb ki, insanlar əyləşdikləri yerdəcə alış-veriş edə bilsinlər. Amma dələduzlar, “ağıllı başlar” bundan məharətlə bəhrələnir, bank rekvizitlərini elektron sistemə daxil edən vətəndaşın özəl məlumatlarına giriş əldə edib, ondan istifadə edir. Başqasının pulunu çalırlar. İnternet yaranandan belə hallar var. Kibercinayətlər birbaşa sosial şəbəkə üzərindən həyata keçirilir. Problem bundadır ki, bizim əhali onlayn alış-veriş edəndə razılaşdırma bölməsini oxumur. Cəld düymələri basır, məqsədinə tez çatmaq istəyir, şəxsi bank hesabını da daxil edir və beləliklə tora düşür. Məlumatlar ümumi bazaya daxil olur və başqaları tərəfindən ələ keçirilir. Halbuki, bir çox resurslarda xüsusi xəbərdarlıq bölümü var. Orada mümkün təhlükələr barədə yazılır. Vətəndaş onlayn alış-veriş edərkən məhsul təklif edən şirkətin təqdim etdiyi razılaşma şərtlərinə fikir verməli, onları diqqətlə oxumalıdır. Diqqətsizlik və məlumatsızlıq şəxsi hesablardan pul çəkilməsinə, vətəndaşın aldadılmasına səbəb olur".