Qəddarlaşmışıq! – 16 yaşlı qızın ərə verilməsində hamı günahkardır - SOS


“Sabah o qız yetkinlik yaşına çatmayan bədəni ilə övlad dünyaya gətirsəydi, o uşağın fiziki, əqli, psixoloji problemlərinin olmayacağına kimsə qarantiya verə bilərdimi?”



“İnanın, 16 yaşlı qızın aqibəti və nənənin öz nəvələrini öldürməsi xəbərlərini eşidəndən sonra özümə gələ bilmirəm”. Bunu Sherg.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. Ekspertin sözlərinə görə, günah sadəcə oğlan və qız tərəfində yox, bütün ictimaiyyətdədir: “İnsanlar necə vəhşiləşib, necə qəddarlaşıblar?! Bir-birinə qarşı qansızlaşıblar. Baş verənləri təəssüf hissi ilə müşahidə edirik. Əlimizdən bir iş gəlmir. Çünki səlahiyyətimiz yoxdur. Sadəcə yaza və deyə bilərik. Səlahiyyəti olan orqanların fəaliyyətsizliyindən isə yorulmuşuq. Nə qədər fatimələr ölməlidir, nə qədər körpələr həyatlarını itirməlidir ki, müvafiq qurumlar bu işə qol qoysunlar?! Cəza sistemi tətbiq edən orqanlar cəzaları sərtləşdirmək üçün əlavə nə gözləyirlər?

Toplum olaraq 16 yaşlı qızın ərə verilməsini müşahidə edirik. Halbuki, belə məqamlarda polisə xəbər verməli, həyəcan siqnalı çalmalıyıq. Azyaşlı qızın ərə verilməsində məsuliyyət hamımızın boynuna düşür. Sabah o qız yetkinlik yaşına çatmayan bədəni ilə övlad dünyaya gətirsəydi, o uşağın fiziki, əqli, psixoloji problemlərinin olmayacağına kimsə qarantiya verə bilərdimi? Azyaşlı qızın doğuşda ölməyəcəyi, ağır psixoloji prosesi keçəcəyi təminatı var idimi? Yetkinlik yaşına çatmayan bir qız doğuşda özü də ölə bilər, körpəsi də”. 



Lalə Mehralı: “Valideynlər uşaqlara psixoloji təsir göstərirlər. “Səni mən böyütmüşəm”, “mən yedirtmişəm, geydirmişəm”, “əziyyətimi yerə vurma” və s. ifadələrlə mənəvi terror edirlər”


L.Mehralı bildirib ki, 18 yaşında evləndirilən oğlanın ailə saxlamaq barədə ən kiçik təsəvvürü olmur: 

“O yaşda oğlan ailənin qayğılarını çəkmək haqda sadəcə psixoloji, mənəvi deyil, hətta maddi gücə də malik deyil. Valideyn ümidinə ailə saxlayanların aqibəti isə yaxşı olmur. Cütlüyün arasında nə baş verdiyini, psixoloji, yoxsa fiziki təsir göstərildiyini bilmirik. Ancaq hər nə olubsa, nəticədə bu cür qəddarlıq ortaya çıxıb. Yaxından tanıdığım bir ailə övladını bu yaşda evliliyə məcbur etmişdi. Valideynlər uşaqlara psixoloji təsir göstərirlər. “Səni mən böyütmüşəm”, “mən yedirtmişəm, geydirmişəm”, “əziyyətimi yerə vurma” və s. ifadələrlə mənəvi terror edirlər. Qızlar da müti olur. Xüsusən, regiondakı qız uşaqları boyun əyməkdən başqa çarə görmürlər. Özüm müşahidə etdiyim bir ailədə 16 yaşında evlilik oldu. Hətta icra orqanları toya gəldilər və 300 manata məsələni “bağladılar””. 



“300 manat müqabilində 16 yaşlı qızın evlənməsinə göz yumulursa, deməli, kökündən laxlama var”


Sosioloq vurğulayıb ki, rüşvətin kökü kəsilmədikcə, bu cür problemlərin kökü kəsilməyəcək: 

“300 manat müqabilində 16 yaşlı qızın evlənməsinə göz yumulursa, deməli, kökündən laxlama var. Halbuki, dövlət başçısı tərəfindən yerli icra orqanlarına rüşvətə son qoyulması ilə bağlı mühüm tapşırıqlar və neqativ halların qarşısını almaq üçün səlahiyyətlər verilib. Asanlıqla tədbir görə bilərlər. Lakin bəzi yerli orqanlar etimaddan sui-istifadə edirlər və azyaşlıların həyatının puç olmasında bilavasitə rol oynayırlar. Eyni zamanda 16 yaşlı qızın öldürülməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumat  ötürür, məsələni ört-basdır etməyə çalışırlar. Əgər hər kəs öz işini vicdanla görsə, bu cür vəhşiliklər baş verməz. Əks halda buna bənzər problemlərin kökü kəsilməyəcək”.