Millət vəkili: “Doğrudanmı, evdə qalmaq bu qədər çətindir?!"

“Dünyada baş verənlərdən nəticə çıxarmalıyıq. Dözmək, səbr etmək lazımdır"

"Dövlət hansı qaydaları müəyyən edibsə, onlara əməl etməliyik”



“Çox yaxşı haldır ki, dövlət başçısı cənab İlham Əliyev koronavirus bəlasının, yoluxmanın qorxulu olduğunu, sürətlə yayıla biləcəyini və böyük fəsadlar törədə biləcəyini vaxtında qiymətləndirdi və düzgün addımlar atdı”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib. 

Deputat bildirib ki, pandemiya təhlükəsi gündəmə gələndən sərhədlər bağlandı, karantin elan olundu və insanlar mütəmadi maarifləndirildi: 

“Televiziyalar, qəzetlər, saytlar cəmiyyətin təşvişə düşməməsi üçün maarifləndirmə işləri aparır. Dövlət jurnalistlərin köməyi ilə bu xəstəliyin nə qədər davam edəcəyini və bununla necə mübarizə aparılacağını anladır. İndiki vaxtda virusun vaksini yoxdur. Yoluxmaların qarşısını almaq və onu yavaşıtmaq üçün yeganə yol sosial təcrid prinsipidir. İlk gündən cənab prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə yaratdırdı. Onların tövsiyyələrinə və tədqiqatlarına uyğun düzgün addım atılması üçün göstəriş verdi. Bu addımların atılmasının təminatı üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu Qərargah bütün qurumların qarşısına vəzifələr qoydu və necə hərəkət etmək lazımdırsa, onun yollarını göstərdi. Dövlət bu işləri görəndən sonra vətəndaşa “evində otur” dedi. Ancaq “evində otur” deməklə də kifayətlənmədi və evdə qalanların əməkhaqqısının ödənməsinin, işləməyənlərə müavinət verilməsinin mexanizmini hazırladı. Qısa zamanda Koronavirusla Mübarizə Fondu və daha sonra işçi qrupları yaradıldı və dövlət tərəfindən bu işə 2,5 milyard vəsait ayrıldı. Bu da ona xidmət edir ki, işləməyib evdə oturanların ziyanı ödənilsin, işə gedə bilmədiyi üçün maaş almayanların pulu verilsin. Dövlət xaricdəki vətəndaşlarını da ölkəyə gətizdirir, karantində saxlayır və yoluxanları müəyyən edərək müalicə edir. Eyni zamanda tənha və ahıl insanların sosial şəraitini yaxşılaşdırır. Yəni dövlət nə lazımdırsa, çox yüksək səviyyədə və ardıcıllıqla həyata keçirilir. Görülən işləri saymaqla bitirmək olmur”. 

Baş redaktorun sözlərinə görə, burada vətəndaşın üzərinə də böyük məsuliyyət düşür: 

“A kişi, sənə nə deyirlərsə, onu elə də. Otur evində, ailənin yanında, həm özünü, həm ailəni, həm də ətrafını qoru. İndiki halda özünütəcrid insanın öz sağlığını, doğmalarının və bütövlükdə cəmiyyətin sağlamlığını qorumaq üçün ən sadə tədbirdir. Əfsuslar olsun ki, bəzi insanlarımıza təhlükə çatmır. Onlar hələ də pandemiyanı yüngül hesab edirlər. Baxmayaraq ki, dünyada baş verənlərlə bağlı gündəlik informasilar yayılır. ABŞ kimi nəhəng səhiyyəsi olan bir dövlətdə nə qədər yoluxan və ölənlər var. İtaliyada insanlar sürətlə həyatlarını itirirlər. Qonşu İranda dəhşətli vəziyyət yaranıb. Hamının əlində telelefonu, interneti var. Bütün günü televiziyalar, media orqanları əhaliyə məlumat verir, çağırış edirlər. Hər kəsin hər şeydən xəbəri var. Nəzərə alaq ki, virusun hardan, necə yoluxduğu tam dəqiqləşməyib. Düzdür, deyirlər daha çox hava və təmasla yoluxur. Amma bəzi məqamlar tam aydınlaşmayıb. Ən əsası isə virusun vaksini tapılmayıb. Vaksinin tapılması üçün bir ildən çox, təxminən 18 ay müddət lazım olduğu deyilir. Anlamıram, doğrudanmı evdə oturmaq bu qədər çətindir?”.

B.Sadıqov vurğulayıb ki, bəzi adamlarda vətəndaş məsuliyyəti yoxdur: 

“Sanki insanlarda bir-birini, yaxınlarını qorumaq qayğısı çatışmır. Çoxları deyirlər ki, “mənə heçnə olmaz”. Axı haradan bilirsən ki, sənə heçnə olmaz?! Bəyəm, yoluxanlar əvvəlcədən bundan xəbərdar idilər, yaxud özləri istəyirdilər? Onlar da deyirdilər ki, heçnə olmaz, boş şeydir. İndi qəzetlərin çıxmağına icazə verilib. Biz də risk edirik, ancaq gigiyenik qaydalara və sosial təcrid prinsipinə ciddi əməl edirik. Çünki qəzetimizi jurnalistləri qoruya-qoruya çıxartmalıyıq. Belə vaxtda vətəndaşları maarifləndirmək, ayıltmaq üçün fəaliyyət göstəririk. Baxırsan, hələ də küçədə maşınlar, insanlar qaynaşır. Soruşursan, deyir “hava almağa çıxmışam”, nə bilim “səhhətimlə bağlı gəzməliyəm” və s. Ay adam, koronavirus səni tutsa, səhhətin haqqında fikirləşməyə vaxtın olmayacaq. Yaşlı adamsan, otur evində”.

Milli Məclisin üzvü fürsətdən istifadə edərək bir daha Azərbaycan vətəndaşlarına müraciət edib: 

“Dözmək, səbr etmək lazımdır. Dövlət hansı qaydaları müəyyən edibsə, onlara əməl etməliyik. Kimlər evdə qalmalıdırsa, qalsınlar və ailələrinə, övladlarına vaxt ayırsınlar. Hamımız dünyada baş verənlərdən nəticə çıxartmalıyıq. Bilməliyik ki, hələlik Azərbaycanda proses biz istəyən səviyyədə getmir, yoluxmaların sayı artır, itkilər var. Cənab Prezident 6 yeni xəstəxananın quraşdırılması ilə bağlı tapşırıq verib. Əlavə olaraq 97 milyon manat vəsait ayrıldı ki, xaricdən zəruri tibbi avadanlıqlar gətirilsin. Bunun hamısı hesablanmış şəkildə, ÜST-nin proqnozlarına əsasən həyata keçirilir. Dövlət deyir və qayğı göstərir. Amma insanlar öz ailələrinə qayğı göstərmək istəmir. Ona görə hamımız dövlətimizin yanından olmalıyıq. Koronavirusla zarafat etməsinlər. Bu qədər məsuliyyətsiz olmasınlar, biganə yanaşmasınlar”.