Vətəndaşların sağlamlığı dövlət üçün ən vacib məsələdir - Millət vəkili

"Atılan addımlar da əhalinin təhlükəsizliyin, səhhətinin qorunması üçündür"

"Sirr deyil ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurub".

Bu sözləri Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşündə bəyan edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb:

"Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq edib. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunub ki, iş yerləri ixtisar edilməsin. 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir".

Ölkə rəhbəri bəyan edib ki, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq:

"Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanılıb". Prezident əlavə edib ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.

Hökumət tərəfindən görülən işləri "Sherg.az"a dəyərləndirən Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Cavid Osmanov deyib ki, dövlət tərəfindən koroavirus pandemiyasına qarşı çox ciddi tədbirlər həyata keçirilir.

Deputat vurğulayıb ki, Azərbaycan hökuməti cənab Prezidentin tapşırığı əsasında hələ koronavirus pandemiiya elan olunmamışdan əvvəl çox təsirli və davamlı tədbirlər həyata keçirib: 

“Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, təhsil müəssisələrinin bağlanması, sərnişin daşımalarının dayandırılması, karantin rejiminin sərtləşməsi çox mühüm addımlar oldu. Dövlət başçısı dəfələrlə bəyan edib ki, aparılan siyasətin başlıca amili məhz insan faktorudur. Vətəndaşların sağlamlığı dövlət üçün ən vacib məsələdir. Atılan addımlar da əhalinin təhlükəsizliyin, səhhətinin qorunması üçündür. Martın 19-da dövlət başçısı Koronavirusa qarşı Mübarizə Fondunun yaradılması ilə bağlı sərəncam verdi. Büdcədən 20 milyon manat vəsait ayrıldı. Eyni zamanda həmin gün ilkin 1 milyard vəsaitin ayrılması ilə bağlı qərar verildi. Amma sonradan 4 işçi qrupu yaradıldı və ehtiyac yarandığı üçün 2,5 milyard manat əlavə vəsait ayrıldı. Bu proqramlar sahibkarlara yardım və iqtisadiyyatın davamlı inkişafını nəzərdə turur”. 

C.Osmanov bəyan edib ki, dövlət yaranmış problemlərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürüb: 

“Aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində addımlar atılıb. Artıq 190 manatlıq ödəmələr başlanılıb. Həmçinin, məşğulluğun artırılması üçün 50 min yeni iş yerinin açılmasına qərar verilib. Qısa zamanda ölkə maska istehsalına başlayıb. Yeni klinikalar açılıb, əlavə 10 xəstəxananın qurulması barədə qərar verilib. Tibbi ləvazimatların alınması üçün əlavə 97 milyon manat vəsait ayrılıb. Bu da vətəndaşın birbaşa dövlət tərəfindən əhatə olunmuş böyük bir qayğının nəticəsidir. Bugün dövlət başçısı tərəfindən atılan silsilə addımlar dünyanın ən inkişaf etmiş ölkələri tərəfindən sonradan tətbiq olunur.  Ona görə də vətəndaşlar cənab Prezidentin addımlarını çox yüksək dəyərləndirir və ölkə başçısının siyasətini dəstəkləyirlər”.