Həkim: "Bu işdə vətəndaşlar bizə kömək etməlidirlər"

"İnsanlar məsuliyyət nümunəsi göstərməlidirlər"

"Əks halda hər ailədə ən azı bir nəfərin öldüyünü görə bilərik”





“Düşünürəm ki, ölkədəki mövcud vəziyyəti, yoluxma sayını, insanlarin sosial məsuliyyətsizliyini nəzərə alaraq xüsusi karantin rejiminin uzadılması məqsədəuyğundur.

Bu sözləri "Sherg.az"a həkim-infeksionist Natiq Əliyev ölkədə karantin rejiminin avqustun 1-dək uzadılması ilə bağlı danışarkən deyib. 
  Həkimin fikrincə, qərar indiki vəziyyətin gətirdiyi zərurətdir:

“Sosial məsuliyətsizlik insanın tək özü və ailəsi üçün deyil, ümumilikdə cəmiyyət üçün təhlükəlidir. Çünki bir insanın yoluxması ailədaxili yoluxmalara səbəb olur. Rejimin sərtləşdirilməsi yoluxma sayının azalmasına hesablanıb. Bu isə səhiyyə sisteminin iş yükünü azaldacaq. TƏBİB –in qərarları xəstəxanada ehtiyacı olan insanların düzgün və vaxtında müalicə almasına yönəlib”.

O, laqeydliyin ciddi fəsadlarla nəticələnməsi ilə bağlı xəbərdarlıq da etdi:

“Biz hələ xeyli əvvəldən hər evdə yoluxmanın olacağını deyirdik. İndi içində olduğumuz situasiya məhz budur. Məqsədimiz isə ölüm hallarını azaltmaqdır. Bu işdə vətəndaşlar da bizə kömək etməli, məsuliyyət nümunəsi göstərməlidirlər. Əks halda hər ailədə ən azı bir nəfərin öldüyünü görə bilərik”.