Dövlət sadə bir qayda tətbiq edir: qoruyucu maska taxmaq lazımdır

"Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələrin tətbiq  edilməsində əsas  məqsədi əhalini qoruyucu maskalardan istifadəyə təşviq etmək idi.  Vətəndaşların özünü qorumasına hesablanan  bu təcrübə özünü doğrultmadı".
Bu sözləri “Sherg.az”a açıqlamasında jurnalist Azər Həsrət deyib.  
Əhalinin karantin qaydalarına, xüsusən də  maskadan istifadəyə biganə yanaşmasından danışan A. Həsrət bildirib ki, insanlar nə qapalı məkanlarda, nə də ictimai nəqliyatda  maskadan istifadə edir: 

"Halbuki dövlət bizim hər birimizi qorumaq üçün çox sadə bir qayda tətbiq edir: qoruyucu maska taxmaq lazımdır.

 

Amma kimə deyirsən? Bizim insanımız bunu anlamamaq inadkarlığından əl çəkmir! İnsanlar maskaları  yalnız polisdən-nəzarətdən çəkindikləri üçün üzərlərində gəzdirirlər. Elə ki, nəzarətsiz bir yerə çatdılar, maska unudulur.

Heyrət edirəm belə yaratıqlara! Dünyada milyonlarla insanın yoluxduğu, 100 minlərlə insanın öldüyü faktı gün kimi aydın olduğu halda bunlar yenə də öz cəhalətindən əl çəkmir! Və bunun nəticəsində heç bir günahı olmayanlar yoluxur – ölür!

Məsuliyyətli olaq, deyəcəm. Amma nə faydası?!  O cahillər yenə də öz bildiklərini edəcəklər, yenə də virusun yayılmasına öz “töhfə”lərini verəcəklər. Bildiyiniz kimi  dünən dünyada yoluxmayla bağlı yeni antirekord qeydə alındı: 208 min 865 nəfər.
Onlardan 572 nəfər Azərbaycanın payına düşür. Bu maska cahilləri öz inadkarlıqlarına davam etsələr, yaxın günlərdə gündəlik yoluxanlarımız artıq yüzlərlə deyil, minlərlə olacaq”