Ölkə başçısına yazırlar: “Sizin siyasətinizi dəstəkləyirik və əmrinizi gözləyirik”

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir. 
İmişli rayonundan İsmayıl Mehrəliyevin ölkə başçısına məktubunda deyilir:
“Hörmətli cənab Prezident, məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuz vaxtında və layiqli cavab verərək düşməni böyük itkilərlə geri çəkilməyə məcbur edib. Azərbaycan Ordusu düşmənin istənilən hücumuna cavab verə biləcək gücdə olduğunu bir daha sübut etdi. Bildirmək istəyirəm ki, hər zaman Sizin siyasətinizi dəstəkləyirik və əmrinizi gözləyirik. Cənab Prezident, Sizin rəhbərliyinizlə ordu quruculuğunda aparılmış böyük islahatların nəticəsidir ki, bu gün hər bir Azərbaycan vətəndaşının qürur duyduğu ordusu var və buna görə bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması naminə canından keçmiş bütün əsgər və zabitlərimizin qisasının alınacağına əminəm. Azərbaycan Respublikasının vətəndaşı və əsgər kimi Sizin müvafiq göstərişinizlə Vətənin müdafiəsinə hər zaman hazıram”.