Bakıda küçədə qalan ukraynalının köməyə ehtiyacı var

Bakıda küçədə yaşayan Ukrayna vətəndaşına kömək lazımdır.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.
Söhbət Bakının Nəsimi rayonu, Süleyman Rəhimov 184 ünvanından gedir. 

Sakinlərin sözlərinə görə, dörd aya yaxındır küçədə yatan kişi iflic olub, hərəkət etməkdə çətinlik çəkir:
“Adının Sergey (Saşa) olduğunu deyir. Onun sözlərinə, görə, Ukrayna vətəndaşıdır. Ayağa dura bilmir. Üst-başı çirk içərisindədir. Bundan əvvəl yolun o biri tərəfində yatıb-dururdu. Pandemiya dövründə bu, təhlükəlidir. O, həm özü xəstəliyə yoluxa bilər, həm də ətrafdakı insanları yoluxdura bilər. Yaxşı olardı ki, onu buradan götürüb, yardım etsinlər”.

Hər kəsin Saşa deyə səslədiyi 34 yaşlı Sergey iflic olduğunu deyir:

“Mən Safarov Sergey Yuliyeviç artıq dörd aydır buradayam. Ukrayna vətəndaşıyam. Evliyəm, 14 yaşlı bir qızım var. Qızım anası ilə Şirvanda yaşayır. Əvvəl Mərdəkanda qalırdım, tikintidə işləyirdim. Sonra qəza oldu.
Sol qolumu biləkdən kəsdim. İndi əlim işləmir. Oradan işdən çıxdım. Kirayədə qaldığım evdən də çıxdım. Bir müddətdir burada qalıram. Amma Şirvanda ailəmlə danışmışam. Gəlib məni aparacaqlar.
Qohumum həkimdir, o, özü mənə baxacaq. Burada, sadəcə, yatıram, heç kimə heç nə demirəm. Heç kimi narahat etmirəm. Ailəmi gözləyirəm, sabah, ya biri gün gəlib aparmalıdırlar”.