Dövlət rəhbərinə məktub var: “Daim Azərbaycanın haqq səsi, Sizin sadiq söz silahdaşınız olacağıq”

Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib. 145 illik tarixə malik Milli Mətbuatımızın inkişafında müstəsna xidmətləri ilə seçilən media nümayəndələri “Əməkdar jurnalist” fəxri adına, “Tərəqqi” medalı və Prezident təqaüdünə layiq görülüblər. 
“Sherg.az”ın xəbərinə görə, bununla bağlı bir qrup jurnalist  Prezidentə təşəkkür məktubu ünvanlayıb.
“Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov Prezidentə məktubunda diqqətə çatdırır: 

“Hörmətli cənab Prezident, Sizin və hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanda medianın inkişafına dövlət səviyyəsində göstərdiyiniz qayğı və diqqət bu sahənin müasir standartlara uyğun inkişafını stimullaşdırmaqla yanaşı, jurnalist peşəsinin nüfuzunun artmasına xidmət edir.Müstəqillik dövründə mətbuatımız sözün əsl mənasında önəmli keyfiyyət transformasiyasından keçib, beynəlxalq inteqrasiyaya istiqamətlənib və bu gün nüfuzlu informasiya kommunikasiya resursları ilə bir sırada dayanmaq üçün ciddi səylər göstərir. Ötən gün milli mətbuatımızın 145 illiyi münasibətilə media nümayəndələri mükafatlandırıldı, onların məsuliyyət, dəqiqlik, qərəzsizlik, vətənpərvərlik tələb edən fəaliyyəti yüksək qiymətləndirildi. Azərbaycan mətbuatında sözü, qələmi ilə tanınan, haqq səsimizin ölkə hüdudlarından kənarda səsləndirilməsində diplomatlar qədər önəmli rol oynayan media işçiləri orden və medallarla təltif edildilər, fəxri diplomlarla, fəxri adlara və fərdi təqaüdlərə layiq görüldülər. Mənim üçün çox şərəfli və qürurvericidir ki, həmkarlarım arasında mənim də adım yer alıb. Özümün və rəhbərlik etdiyim böyük media ailəsinin adından Sizə, cənab Prezident, bu diqqətinizə görə böyük minnətdarlığımı ifadə edir və bildirirəm ki, bundan sonra da Vətənimizin rifahı, parlaq gələcəyi naminə qarşımıza qoyulan məqsəd və istiqamətlərdə fəaliyyətimizi əzmlə davam etdirəcək, daim Azərbaycanın haqq səsi, Sizin sadiq söz silahdaşınız olacağıq”.