Polis əməliyyat keçirdi: bir yük maşını həcmində narkotik aşkarlandı

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində böyük həcmdə narkotik maddə dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Lent.az -a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərinin kultivasiyası və satışı ilə məşğul olan rayon sakini Ceyhun Cəbrayılovun yaşadığı ünvana baxış keçirib. Bu zaman C.Cəbrayılovun yaşadığı evdən satış məqsədi ilə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, həyətindən xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi hündürlüyü 80-280 sm arası olan 361 ədəd çətənə kolları aşkarlanıb.

Aşkarlanan narkotik maddələr və çətənə bitkiləri qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı C.Cəbrayılov törədiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.