Bakıda işıqforların işində problem yarandı - AÇIQLAMA


“Yağışlı hava ilə əlaqədar olaraq Bakıda bir sıra küçə və prospektlərdə işıqforların işində fasilələr yaranıb”.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bəzi küçə və prospektdə işıqforların işində fasilələr yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təmir briqadaları işıqforların fəaliyyətinin bərpası istiqamətində iş aparır:

“Rəşid Behbudov küçəsi, Seyid Əzim Şirvani küçəsi, Qara Qarayev prospekti və digər ərazilərin müəyyən hissəsində işıqforların işində problem yaranıb”.

“Sürücülərdən xahiş edirik ki, işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, Tbilisi prospektində də işıqforların işində problem müşahidə olunur.

Bundan başqa, hazırda Ziya Bünyadov prospektinin hər iki istiqamətində, Moskva prospektinin mərkəz istiqamətində, Heydər Əliyev prospektində kənar yolda, Babək prospekti - H.Əliyev prospekti istiqamətində, Binəqədi şosesinin mərkəz istiqamətində, Y.Səfərov küçəsi - Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti - “Koroğlu” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.