Ali Baş Komandana məktub:"Tezliklə möhtəşəm qələbəni qeyd edəcəyik"

Ölkə ictimaiyyəti, Türkiyə vətəndaşları Azərbaycan Prezidentinin bütün qərarlarını dəstəkləyir

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə ard-arda sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr ölkə ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Müqəddəs Vətən müharibəsi apardığımız ərəfədə Azərbaycan, Türkiyə və İtaliya vətəndaşlarından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına müraciətlər gəlməkdə davam edir. "Sherg.az"müraciətlərdən bir neçəsini təqdim edir.

Tərtər rayonundan Qaradağlı kəndindən Abdullazadə Leyla: Möhtərəm cənab Prezident. Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını düşmənlə döyüşlərdə qazandığımız qələbə münasibətilə təbrik edirik. Tezliklə tam qələbə sevincini yaşamağı, öz dədə-baba torpaqlarımıza qayıtmağı Uca Tanrıdan diləyirik. 30 ildir ki, gözlədiyimiz günü bizə yaşatdığınız üçün Sizə - Ali Baş Komandana minnətdarıq. Düşmənin yaşayış məntəqələrimizi atəşə tutması bizi əsla qorxutmur. Torpaqlarımızı geri alandan sonra əvvəlkindən də yaxşı ev-eşik quracağıq. Bu gün bütün Azərbaycan xalqının bir arzusu var - əzəli, əbədi Qarabağımızı düşmən işğalından azad edək, çoxdan bəri həsrət qaldığımız doğma torpaqlarımıza qovuşaq, üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalansın. İnanırıq ki, tezliklə Sizin rəhbərliyinizlə qələbə qazanacaq, Qarabağ torpaqlarımızda möhtəşəm qələbəni qeyd edəcəyik. Tərtərlilər həmişə Sizinlədir.

Gəncədən şəhid anası Kərimova Xalidə:

Hörmətli cənab Prezident. Mənim bir oğlum Vətənimiz uğrunda şəhid olub. Digər oğlum isə Qarabağ müharibəsi əlilidir. Onun əməliyyata ehtiyacı var idi. Çox çətin əməliyyat olduğunu deyirdilər. Bu yaxınlarda oğlum Göygöl Rayon Mərkəzi Xəstəxanasında uğurla əməliyyat olundu.

Buna çox sevindim. Əziz Prezidentimiz, biz şəhid ailələri Sizin diqqət və qayğınızı hər zaman öz üzərimizdə hiss etmişik. Sizdən çox razıyıq. İnşallah, Qarabağı da bütünlüklə qaytararsınız, şəhid analarının qisası alınar. Sizə yeni uğurlar arzulayıram.

Lerikdən Elvin Nuriyev yazır: Hörmətli cənab Prezident. Yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə layiqli cavabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə fəxr edirik. Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. İyul döyüşlərində qazandığımız qələbə vadar etdi ki, mən də ordumuza könüllü yazılım. Vətənin müdafiəsinə getmək üçün əmrinizi gözləyirəm.

Ağdaşdan Türyançay qəsəbəsindən Pərviz Abdullayev:

Hörmətli cənab Prezident. Biz bu günü səbirsizliklə gözləyirdik. Mən bir vətəndaş olaraq Sizin verdiyiniz bu qərarla qürur duyuram və arzu edirəm ki, çox qısa bir zamanda Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızda qələbəmizi qeyd edək. Sizə dərin minnətdarlığımı bildirir və növbəti uğurlarınızı gözləyirik. Qarabağ Azərbaycandır!

Türkiyənin Mersin şəhərindən Muhammet Ali Aktaş:

Hörmətli cənab Prezident. Türkiyədə yaşayan qardaşınız olaraq bu həyəcanlı günlərdə Azərbaycan xalqının yanındayam. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın azad olunması, azərbaycanlıların evlərinə qayıtması Sizin uğurlu siyasətinizin və əsgərlərinizin hünəridir. Zəfər çalacağınıza əminəm və bu yolda bütün qərarlarınızı dəstəkləyirəm. Məni də əmrinizə hazır olan əsgəriniz hesab edə bilərsiniz. Bir daha Azərbaycan xalqına ehtiramımı bildirir, uğurlarınızın davamlı olmasını arzulayıram.

Türkiyənin Ərzurum şəhərindən Aydın Polat: Hörmətli cənab Prezident. Mən “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş”nin Azərbaycan Respublikasındakı filialının müdiri olaraq bu məktubu yazmaqla Sizə dərin hörmətimi və dəstəyimi bildirmək istəyirəm. Biz Türkiyə şirkəti olaraq artıq 13 ildir Azərbaycan Respublikasında yol tikintisi və yenidən qurulması layihələrini həyata keçiririk. Biz bu müddət ərzində heç bir zaman özümüzü xarici ölkədə hiss etməmişik və hər zaman doğma ölkəmizdəki kimi münasibət görmüşük. Azərbaycan və Türkiyə hər zaman bir bədəndə iki can olmuş və hər mövqedə bir-birinə dəstək nümayiş etdirmişdir. Bu günlərdə can Azərbaycan öz haqqı olan torpaqlarını erməni işğalından təmizləmək və ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır. Mən öz şəxsimdə və eyni zamanda, rəhbəri olduğum şirkətin imkanları üzrə hər zaman Azərbaycan dövlətinin yanında olduğumuzu bildirmişik. Allah bu yolda bizə, əsgərlərimizə dözüm və güc versin. Tezliklə Qələbə xəbərini şəxsən Sizdən almağın intizarındayıq. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, yaşasın bütöv Azərbaycan. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!

İtaliyanın Napoli şəhərindən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia: Hörmətli cənab Prezident. Ölkəniz üçün ciddi, eyni zamanda, qürurlu məqamda “Napoli-Bakı” Assosiasiyasının Azərbaycanın və xalqınızın yanında olduğunu ifadə edirik. Münaqişənin tez bir zamanda həll olunması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq davasında İtaliyanın və napolilərin Sizi tam dəstəklədiyini bildiririk. Bir daha Napoli-Bakı Asossiasiyası və Azərbaycanın bütün italyan dostlarının lazım ola biləcək istənilən dəstəyə hazır olduqlarını bildirirəm. Azərbaycanın yanındayıq.