Suqovuşan zəfərinin yaşatdıqları


Suqovuşan! Artıq burada yalnız su qovuşmur! Ömür ömrə qovuşur, qan qana qovuşur, torpaq torpağa qovuşur Suqovuşanda!

Suqovuşan öz doğma ruhuna, doğma sakinlərinə qovuşur! Bu tarixi görüşməni yaşadığımız üçün çox xoşbəxtik! Bu xoşbəxtliyi bizə yaşadan ordumuza, dövlətimizə və dövlət başçımıza minnətdarıq!

Sherg.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təqdim etdiyi “Suqovuşan zəfərinin yaşatdıqları” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Dünən gecə Ali Baş Komandanımız xalqımıza qələbə müjdələri verdi: öncə Suqovuşan, ardınca da Talış (Tərtər), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycuq (Cəbrayıl), Aşağı Əbdürrəhmanlı (Füzuli) kəndləri! Ön cəbhədə yeni çatışmaların başladığı 27 sentyabrda isə Müdafiə naziri Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandana azad olunan ilk yaşayış məntəqələrimiz və strateji önəm daşıyan yüksəkliklər barədə məlumat vermişdi. Beləliklə, 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımıza, 1 həftədən də qısa müddət ərzində başlatdığımız zəfər yürüşü uğurla davam edir!

Bu günsə Ali Baş Komandanımız Cəbrayıl şəhərimizin azad edildiyini elan etdi. Bu həm dünənki qurtuluşların parlaq davamı, həm də hadisələrin mümkün inkişaf tempini, hər açılan sabaha sarsılmaz inamımızı təcalla etdirir! Təlaş içində sağa-sola saldıran düşmən, bu gün Gəncəyə, Beyləqana raket atmaqla düşdüyü girdabı göstərmiş oldu! - Öz qanlı əməlində boğulmaq yolunu, daha doğrusu, yolsuzluğunu bir özünə təmin etmiş oldu!

Ali Baş Komandanına, dövlətinə, ordusuna inan xalqın fərdləri, heç də hər ölkədə, hər xalqda rastlanmayan böyük coşğu ilə qələbənin təminində öz töhfəsini vermək üçün can atır.

Suqovuşan və digər azad edilən ərazilərimizin, özəlliklə Arazboyu, Xudafərin yerləşdiyi Cəbrayılın strateji önəmi barədə hərbçilərimizin, ekspertlərin rəyləri ilə tanış olduqca, təkzibedilməz şəkildə görünür ki, “hüququndan keçən əsgər”lərimiz tarix yazır. Ələ keçirilən düşmən döyüş bayraqları, çoxsaylı silah-sursat, hərbi texnika göstərir ki, düşmən öz hərbçi namusunu hifz etmək iqtidarında deyil. Görürük ki, azad olunan yerlər kilid nöqtələrə malikdir və digər – daha böyük ərazilərimizin azad olunması üçün fövqəladə əhəmiyyət daşıyır. Digər yandan, cəbhənin gerisindəki mülki əhalimizin düşmən atəşindən daha etibarlı müdafiəsi imkanları genişlənir; habelə düşmənin döyüş ruhunun haqq etdikləri şəkildə sıfırlanması prosesi güclənir.

Artıq Ermənistanda ermənistanlılıq qalmayacağı gün uzaqda deyil. Bu aqibəti haqsızlıqla, soyqırımı aktları törədə-törədə illərlə onlar özləri yaratdı; Ermənistan sülhə gəlməyərək, hətta bizi daha yeni torpaqların işğalı ilə hədələyərək, bizə hərbdən başqa seçənək qoymadı! Onsuz da kövrək xarakterli olan atəşkəs rejimini az qala hər gün pozan Ermənistan silahlı qüvvələri, öz təcavüzkarlığını “guya demokrat” Paşinyanın səbatsız davranışları ilə tamamlayaraq, bu il özəlliklə daha sıx-sıx hücumlar, təxribatlar törətməkdəydi. İyulda Tovuzda sərhəd toqquşması, avqustda Goranboyda diversiya-kəşfiyyat həmləsi, nəhayət, sentyabrda işğal altındakı Qarabağ torpaqlarından genişmiqyaslı hücum və hərbi təxribatlarla danışıq, sülh anlayışının onlar üçün əyləncə, başqatma vasitəsi olduğunu bir daha sübut etdilər. Bununla da, bizim əks-həmləmiz, bütün cəbhə boyu güclü hücumumuz qaçılmaz oldu.

İndi danışıqlardan, sülhdən danışmaq Ermənistan üçün əyləncə mövzusu olmayacaq, artıq buna həyati ehtiyacları var. İlk prezidentləri Petrosyanın illər öncə dediyi “sonralar yalvaracağımız şərtlərə indi razı olmalıyıq” şəklindəki açıqlamalarını Ermənistan başbilənlərinin indilərdə xatırlayıb-xatırlamadığını deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, cəbhədə yeni situasiya yaranıb; artıq heç nə öncəki kimi olmayacaq. Bizim uzunmüddətli dözümümüzdən, beynəlxalq hüquqa çağırışlarımızdan nəticə çıxarmağa qabiliyyəti çatmayan, özlərini “keçilməz sədd”lərə, “qalib tərəf üstünlüyü”nə inandıran Ermənistan tərəfi, indi buyursun, düşünmək üçün nə qədər qiymətli vaxt və digər şanslar itirdiyini yaxşı-yaxşı hesablasın.

Ermənistan sanki həmişə erməniyanlı olacağına inandıqları beynəlxalq konyunkturaya, havadar dəstəyinə, erməni diaspor və lobbi güclərinin maddi və digər dəstəklərinə bel bağlayırdı; bizlər haqqın nazilsə də üzülmədiyinə, ədalətin qələbəsinə inanır, haqlı mövqeyimizə, öz daxili gücümüzə arxalanırdıq. Budur, Ermənistan hakimiyyəti, “ictimai-siyasi fikir mərkəzləri” bizləri gücsüz, arxasız, sadəlövh hesab etməkdən nəhayət usanmış olmalıdır...

Biz dövlət olaraq, xalq və ölkə olaraq hər zaman məhz haqq-ədalətin zəfərinə inandıq; beynəlxalq hüququn təntənəsinə inandıq; öz gücümüzə arxalandıq və əlbəttə, zəfər üçün hazırlaşdıq! İstərdim, özəlliklə vurğulayaq ki, bu gün ön cəbhədə qazandıqlarımız arxa cəbhədə illər uzunu qazandığımız iqtisadi gücün bəhrəsidir həm də! Həm də, beynəlxalq səviyyədə aparılan işin bəhrəsidir bu! Dövlət-xalq birliyinin bəhrəsidir ki, bu gün meyvələrini dəririk. Son illər ərzindəki hərtərəfli islahatlar kursunun da bu işdə özünəməxsus rolu var. Əlbəttə, ən başda haqlı olmağımızın və bu haqlılığın dövlət, ordu gücü ilə ifadəsi, təcallasıdır bu gün yaşadığımız qürur!

Bir daha Ali Baş Komandanımızı, bütün ordu mənsublarımızı – generallarımızı, zabitlərimizi, gizir, çavuş və əzgərlərimizi, şəhid ailələrimizi ürəkdən təbrik edib, yeni qələbələrə sarsılmaz inamımızı ifadə etmək istərdim! Yaralı hərbçilərimizə, mülki vətəndaşlarımıza tezliklə öz sağlamlıqlarına qovuşmalarını diləyir, şəhidlərimizin ruhuna dərin ehtiramımı bildirirəm!

Əziz gənclərimizi, ümumən xalqımızı, Azərbaycansevərlərin hər birini İlham Əliyevin Cəbrayılın azad edilməsi münasibəti ilə xalqa müraciətini təkrar dinləməyə, öyrənməyə çağırıram - Bu, günümüzün güzgüsüdür!

Bizim işimiz haqq işidir, biz mütləq qalib gələcəyik!

Dövlətimiz var olsun!