Şəhidlər su içində: "Bu, dövlətin qayğısına kölgə salır” - VİDEO

Elman Nəsirov: “Yolverilməz haldır. Ona görə məsələ araşdırılıb, müsbət həllini tapmalıdır”  

“Müvafiq qurumlar ictimaiyyətə açıqlama verməlidir”


Qaradağ rayonunda Vətən savaşında canından keçən 17 şəhidin məzarını su basıb. Şəhid ailələrinin ürək dağlayan görüntüləri sosial şəbəkələrdə  yayılıb. Hər kəs məlum videonu qəzəblə qarşılayıb. Axı torpaq, millət uğrunda şirin canını qurban verən oğullarımız o bataqlığa yaraşırmı?

Əlbəttə yox! Şübhəsiz ki, tanrı onlara cənnətində yer verib. Lakin bəyaz kəfən içində, müqəddəs nəşləri suyun altında qalıb. Analarının fəryadı, haqlı etirazları ürəyimizə od salıb. Hamımız utanırıq! Üzümüz də yoxdur ki, “bağışlayın” deyək. Zatən niyə əfv etsinlər ki bizi?!

Bu rəzalətlə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Nəsirov söyləyib ki, şəhidlər tarixi zəfərimizin memarlarıdır:

“Onlar vətən yolunda canlarını fəda ediblər. Onu da  deyim ki, Prezident cənab İlham Əliyevin şəhid ailələrinə yüksək səviyyədə göstərdiyi qayğı da hər kəsə məlumdur. Son illərdə  doqquz min şəhid ailəsi mənzillə təmin edilib.

Ölkə başçısının  bir neçə gün öncə imzaladığı Fərmanda da şəhid ailələrinə evlərin verilməsi, onlara sosial  qayğının artırılması məsələsi öz əksini tapıb.

Cənab Prezidentin  fəaliyyətinin əsasında şəhid ailələrinə və müharibə veteranlarına dəstək durur. 17 şəhid ailəsinin etirazına gəlincə, bunu mən də eşitmişəm. Şəhidlərimizin dəfn olunduğu ərazinin su basma təhlükəsi ilə bağlı məlumatlar yayılıb. Ailələrinin etirazlarından da xəbərdaram.

Hesab edirəm ki, bu məsələ ciddi araşdırılmalıdır. Ardınca müvafiq qurumlar ictimaiyyətə açıqlama verməlidir. Fikrimcə, burda anlaşılmazlıq var.  Çünki  şəhid ailələrinə yüksək səviyyədə diqqətin göstərildiyi bir zamanda həmin hadisə dövlətin onlara olan qayğısına kölgə salır.
Bu yolverilməzdir! Ona görə məsələ araşdırılıb, müsbət həllini tapmalıdır”.