““Xocalı” soyqırımı haqqında müxtəlif dillərdə filmlər çəkilsin”

Fevralın 26-ı “ Xocalı” soyqırımının iyirmi doqquzuncu  ildönümüdür. Bu münasibətlə  həmin gün ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər faicənin 29-cu ilinə həsr ediləcək.


Bununla bağlı Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçiriləcək.

“Sherg.az”la həmsöhbət olan BDU-nun Jurnalistika fakültəsinin  professoru, tarixçi-alim Nəsiman Yaqublu  “Xocalı”nın 20-ci əsrdə  azərbaycanlılara qarşı törədilmiş ən böyük qətliam olduğunu söyləyib:

“Təəsüf ki, cinayətkar  ermənilərin cəzalandırılmasına nail ola bilməmişik.  Xocalı soyqırımı ilə bağlı əlimizdə faktlar, fotolar, videolar  var.  Beynəlxalq  təşiklatlar bu məsələdə  Azərbaycana yetərincə dəstək vermirlər.

Biz unutqan olmamalıyıq. Çalışmalıyıq ki, “Xocalı” soyqırımı ilə bağlı tədbirlər hazırlayaq və dünya ictimaiyyətinin diqqətini cəlb edək. 
İnanıram ki, bir gün Xocalıda toplaşıb, orda soyqırımın qurbanlarına abidə ucaldacağıq. Hələ ki, bunları Azərbaycanın digər bölgələrində həyata keçirməliyik. 

Soyqırımı ilə bağlı tədbirlərin intensivliyini artırmaq, beynəlxalq təşkilatlarla əlaqələri gücləndirmək, “Xocalı” haqqında müxtəlif  dillərdə kitabların çap edilməsi, filmlərin çəkilməsi işlərinə baxılmalıdır. 

Hər azərbaycanlı bilməlidir ki, 1992-ci il fevralın 26-da 600-dən çox günahsız insan ermənilər tərəfindən milli, dini mənsubiyyətinə görə qətlə yetirilib, biz bunu gənc nəslin beyninə həkk etməliyik”.

Nəsiman müəllim həmçinin  Xocalı soyqırımı ilə bağlı ilk kitabı 1992-ci ildə özünün yazdığını da vurğulayıb:

“Qeyd etmək istəyirəm ki, Xocalı faciəsi ilə bağlı müxtəlif ölkələrdə diaspora təşiklatlarımız, səfirlərimiz  fəaliyyət göstərməlidir. Tədbirlərə yalnız azərbaycanlıları deyil, başqa xalqların nümayəndələrini, xarici media mənsublarını da dəvət etməlidirlər”.