Şəhid xanımlarını tənqid etməyin !- "Onlar qəhrəmanlarını yaşatmaq istəyirlər"

Vətən müharibəsində şəhadətə ucalan oğullarımızın xanımları onların adına İnstaqramda səhifələr açıblar. Həmin profillərdə həyat yoldaşlarının fotolarını, videolarını paylaşıb, xatirələrindən yazırlar. Əksər sosial şəbəkə istifadəçisi də igidlərin sevdiklərinə dəstək olur, təskinlik verirlər. Lakin millətimizin “üz qaraları” da yox deyil. Məsələn, yaxın günlərdə bir şəhidin xanımnın paylaşımı diqqətimi çəkdi.

Postuna yazılan rəyin fotosunu səhifə izləyiciləri ilə bölüşüb. Oxudum, lakin oxumaz olaydım. Şəhidin ömür-gün yoldaşının dırnağının uzunluğu, məlum “comment”in müəllifinin “ gözlərini çıxardıb”. Kədərli qadına irad  bildirib. Şəhidin məğrur xanımı da o utancverici rəyi cavabsız qoymayıb və yazıb : Mən bu uzun dırnaqlarla həyat yoldaşımın məzarını da təmizləyirəm”.  Axı nə deyək? Nə yazaq? Şəhidin gözü yaşlı qadınını bu duruma salanlarda vicdanmı axtaraq?

Məlum durumla bağlı “Sherg.az”a danışan şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova bu məsələni aşağılayıcı hesab edib:

“O xanımlar həyat yoldaşlarını tanıtmaq, yaşatmaq istəyirlər. Bu da onlara bir təsəllidir. Biz də “Zəfər Şəhid ilələrinə dəstək  ictimai birliyi”nin Feysbuk səhifəsində şəhidlərimizin fotolarını paylaşırıq.

Sosial şəbəkə istifadəçilərinin xoş olmayan rəylərinə gəlincə, əsas dərdimiz itirdiyimiz oğullarımızdır. Onların xanımlarının da bir qadın kimi faciələri, yaralarıdır.

Biz də bir Vətən oğlu itirmişik. Bu belə rəyləri yazanların da dərdi olmalıdır. Mən şəhidlərimizin rəsmlərinə baxanda ancaq onun simasını görürəm, başqa nəyəsə fikir vermirəm. Həm də şəhidlərimizin üzlərindəki nur bir-birinə bənzəyir, insana fəxarətə bəxş edirlər. Şəhid ailələri, xanımları müzakirə olunmazdır. Birmənalı şəkildə bunu düzgün saymıram”.