Namərd virus...

Gerçək ziyalımızı asanlıqla tapıb apardı

Koronavirusla uzun sürən mübarizə təkcə Dilavərin deyil, hamımızın məğlubiyyəti ilə bitdi


Azərbaycanın tanınmış tarixçi-alimi, AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli dünən 62 yaşında koronavirusdan dünyasını dəyişib. Tanınmış alim bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.

Ancaq bir aydan çoxdur klinikada ciyərlərindən müalicə alan tarixçinin həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, alim uzun müddətdir EKMO tibbi aparatına qoşulu vəziyyətdə idi. Dilavər Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib və təhsilini həmin fakültənin aspiranturasında davam etdirib. 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində aparıcı mütəxəssis vəzifəsində işləyib.

2004-cü ilədək Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasında müəllim işləyib. “Beynəlxalq Osmanlı Öncəsi və Osmanlı Dövrü Araşdırmaları Komitəsi”nin üzvü, “Dünya Uyğarlığı içərisində Türk uyğarlığı” beynəlxalq türk qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, Bütöv Azərbaycan Ocaqlarının ideologiya üzrə başqan müavini idi. Alimin 125 məqaləsi, bir monoqrafiyası və bir kitabı işıq üzü görmüşdü. Dilavər Əzimli həm də milli-azadlıq hərəkatının fəallarından biri olub. Tarixçinin xeyli müddət komada qaldıqdan sonra dünyasını dəyişməsi xəbəri ailəsi, dostları, yaxınları ilə yanaşı, ölkə ictimaiyyətini, məsləkdaşlarını, onu tanıyan hər kəsi kədərə qərq edib. Çoxsaylı tanınmış simalar sosial şəbəkə hesablarında dəyərli tarixçi-alimin vəfatından dərin məyusluq hissi duyduqlarını paylaşıblar. 

Elşad Paşasoy: “Çox üzücü xəbər oldu. İnanırdıq ki, xəstəliyə qalib gələcək, amma olmadı. Azərbaycan daha bir aydınını, alimini, vətənsevər ziyalısını itirdi. Bir neçə il əvvəl vaxtsız itkisilə üzləşdiyimiz əzizimiz Hakim Qəmbərlidən sonra tariximizin daha bir qiymətli araşdırıcısı - Dilavər Əzimli həyata vida etdi. Allah rəhmət eləsin, biz sizi unutmayacağıq!

Qorxmaz İbrahimli: “Təkcə Azərbaycan milli tarix elminə deyil, eləcə xalqın özünə ağır itki üz verib. Bir millət dəyərli aydınını itirib. Dilavər bəy dostum, tələbə yoldaşım, milli azadlıq mübarizəsində arxadaşım idi. Çox erkən, işlərini hələ bitirmədən bizi tərk elədi. Bir daha nurlu üzünü görməyəcəyik əziz qardaşımızın...

COVİD-19 necə canlarımızı əlimizdən almağa davam edir. Dərin hüznlə millətimizə, ailəsinə və dostlarımıza başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Azər Sarıoğlu: “Dünya daha bir insanı itirdi və daha da eybəcərləşdi. Ruhun şad olsun, gözəl insan. Bu dünya sənə layiq deyildi. Ən yaxşısı daha gözəl, layiq olduğun yerə - haqq dünyasına qovuşmaqdır. Ora sənin kimi saf, əsl insanların Vətənidir. Allahın rəhməti səninlə olsun!”.

Bahəddin Həziyev: “Bu adam Dilavər Əzimlidir. Dilli-dilavər, xasiyyətcə mülayim, daxilən zəngin, gerçək bir ziyalı. Belə bir deyim var: “Alim olmaq asandır, insan olmaq çətin”. Əlbəttə, vəzifədə oturub sərvət toplamısansa, elmi işini başqasına yazdırıb “alim” olmaq, universitetdə aylarla qapısını tanımadığın kafedra qamarlamaq asandır. Ancaq Dilavər Əzimli kimi gerçəkdən alim olmaq, illərlə gözünün nurunu töküb bir yerlərə gəlmək çox çətindir. Bilirsiniz, akademik titulunun rəsmi adı "Milli Elmlər Akademiyasının həqiqi üzvü" adlanır. Ancaq araşdırsan, görərsən ki, hamısı, ya da çoxu yalançı "alim"lərdir. Akademiyanın da, elmi təfəkkürümüzün də, müstəqillik şüurumuzun da, milli dəyərlərimizin də, türkçülüyün, Turançılığın da həqiqi üzvlərindən biri Dilavər idi. Tələbəlik illərimizin, hərəkat dövrümüzün yoldaşı, həmişə dostumuz, sevimlimiz haqqında keçmiş zamanda danışmaq istəmirəm. Bu namərd virus cəmiyyətdə Dilavəri asanlıqla tapdı, apardı. Nə qədər də yazsam, üzüntümü heç bir sözlə tam ifadə edə bilmərəm. Böyük itkidir”. 

Bəybala Mirzəyev: “Qısa ömrün son akkordu... Əminliklə deyə bilərəm ki, bu gün millətimizə gerçəkdən də böyük bir itki üz verdi. Qara xəbərin sarsıntısı necə ağır olurmuş, İlahi! "Dilavər rəhmətə getdi" sözünü dilə gətirmək, bu ölümə inanmaq, "Allah rəhmət eləsin" demək də olmur. "COVİD 19"-la uzun sürən mübarizə təkcə Dilavərin deyil, əslində bizim hamımızın məğlubiyyətimizlə bitdi. Çünki o, milli maraqlarımızın ən qətiyyətli müdafiəçilərindən, yorulmaz təbliğçilərindən biri idi. 

Bilirəm, hamımız gec-tez öləcəyik. Çünki son ucu ölümlü dünyanın qonaqlarıyıq. 
Amma Dilavər Əzimli kimi insanlarımızın mümkün qədər çox yaşamasını istərdim. Millətə fayda verən insanlarımızın uzun ömür sürməsi nə gözəl olardı. 
Amma nə yazıq ki, dualarımız da kəsərsiz oldu.. Bax, beləcə, Bütöv Azərbaycan sevdalısını itirdik” .

Bəxtiyar Tuncay: “Kim deyirsə “Covid 19” boş şeydir, çox böyük səhv edir. Bu lənətəgəlmiş xəstəlik əziz dostumuz və gösəl insan Dilavər Əzimlini əlimizdən aldı. Üzüntümü dilə gətirməyə söz belə tapa bilmirəm. O, ölməməliydi, amma Allahın yazısını kimsə dəyişmək iqtidarında deyil. Hərəyə bir doğum və ölüm zamanı, yeri və şəkli müəyyən edilib. Kimsə onu dəyişmək, pozmaq, yenidən yazmaq gücündə deyil. İnşəallah, o biri dünyada yenidən görüşərik. Yaxşı adam idi, odur ki, cənnətdə olacağını düşünürəm”. 

Elnur Elturk: “Dilavər Əzimlini itirmək çox ağırdır. Dilavər bəy Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olub. Müstəqillik hərəkatının güclənməsində xüsusi rolu var idi. Belə dəyərli şəxsiyyəti itirmək cəmiyyət, millət üçün ağırdır.
Allah rəhmət eləsin!”.

Vəsilə Vahidqızı: “İki gündən bir dostumuz Arzu Qaziyevadan həyat yoldaşı Dilavər müəllimi soruşurdum. Ağlaya-ağlaya danışırdı, ümidini itirməməyə çalışırdı, Allaha sığınırdı... Allah rəhmət eləsin! Dilavər Əzimli həqiqi alim idi, yaxşı adam idi. Onun dünyadan getməsi bir ailə üçün, cəmiyyətimiz üçün, elmimiz üçün böyük itkidir. Çox kədərliyəm”. 

Zahid Nurəliyev: “Bəlkə də qəddar görünə bilər, amma ölümə, xüsusən də yaxşı insanların ölümünə fəlsəfi yanaşıram. Ola bilsin, uşaq ikən atamı itirməyim belə kədərli xəbərlərə immunitet yaradıb məndə. Dilavər Əzimli işıqlı insan, dəyərli alim idi. Mən onun bu dünyadan daha yaxşı, daha işıqlı dünyaya getdiyinə inanıram. Sadəcə təəssüflənirəm ki, bir daha onunla qarşılaşmayacam, söhbət etmək imkanımız olmayacaq”. 

Tanınmış tarixçimiz Dilavər Əzimlinin vaxtsız ölümü həqiqətən hamımız üçün ağır itki oldu. Dilavər müəllim sadəcə tarixçi kimi deyil, həm də böyük ziyalı, sadə və səmimi şəxsiyyət, dövlətinə, millətinə qəlbən bağlı, vətənpərvər insan kimi də cəmiyyətin sevgisini, rəğbətini qazanmışdı.
“Şərq” qəzeti olaraq hər daim tarixi bilgilərinə baş vurduğumuz dəyərli alimin ölümündən hədsiz kədərləndiyimizi ifadə edir, ailəsinə, yaxınlarına, onu sevənlərə baş sağlığı, səbr diləyirik.

Məkanın cənnət olsun, Dilavər müəllim!