Gözləntilər çoxdur

Vətəndaş cəmiyyəti sektoru da yenilənməli və peşəkar insanların sayı artırılmalıdır


Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib. Məlumat üçün bildirək ki, yeni tərkibdə xeyli tanınmış simalar var. Əsasən, Şuranın tərkibində ictimaiyyətdə daha çox tanınan, vətəndaş cəmiyyətinin inkişafı üçün aktiv fəaliyyət ortaya qoyan müstəqil fikirli QHT-çilər yer alıblar. Yeni tərkibdə təmsil olunanlardan biri də “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Əvəz Həsənovdur. 

QHT rəhbəri Əvəz Həsənov “Şərq”ə açıqlamasında deyib ki, son illərdə ölkədə gedən islahatlar fonunda vətəndaş cəmiyyəti sektorunda islahatların aparılması qaçılmaz hal almışdı. Onun sözlərinə görə, qurumda dəyişikliyin zəruri olması ilə bağlı dəfələrlə məsələ qaldırılıb:

“Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini həyata keçirən orqanda islahat labüd idi. Şükürlər olsun ki, nəhayət bu reallaşdı. Əminəm ki, agentliyin yaranması islahatların başlanmasında və gələcəkdə bu sahədə şəffaflığın və peşəkarlığın artmasında, təminatın güclənməsində böyük rol oynayacaq.

Mən QHT-lərlə bağlı təkliflərimi mütəmadi gündəmə gətirərək Müşahidə Şurasına üzv olmuşam. Hər zaman demişəm ki, bu sahə yenilənməli və peşəkar insanların sayı artırılmalıdır.

Eyni zamanda beynəlxalq əlaqələrin genişləndirilməsi də çox vacibdir. QHT sektorunda çalışan şəxslərin potensialı, təminatı gücləndirilməlidir ki, təşkilatlar layihələrin icrasında uğur əldə edə bilsinlər.

Dövlət rəhbərliyi agentlik yaratmaqla bizə bu şansı verdi və istəyini ortaya qoydu. Müstəqil düşüncəli, QHT sektorunda göz önündə olan insanların quruma cəlb edilməsi agentliyin fəaliyyətinə müsbət töhfə verəcək, həm də sərbəstlik olacaq. Gözləntilər çoxdur.

Şuranın yeni üzvləri qurumu inkişaf etdirməlidir. İdarə Heyəti Şura üzvlərinin əlində cəmləşəcək, vətəndaş cəmiyyəti bundan xeyir görəcək. Bütün məsuliyyət yeni üzvlərin üzərinə düşür”.