Azərbaycana təzyiq mümkün deyil

Heç kim rəsmi Bakının qərarlarına təsir göstərə bilməz

"Bu qərarı Lavrovun bölgəyə səfəri ilə bağlamaq da düzgün deyil"


Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm sayəsində 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən erməni hərbçilərdən üçü azad edilib. Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılıb. Azad edilən ermənilər bunlardır: Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyan. İstintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib. Hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri də təsdiqlənib.

Məsələ ondadır ki, Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən adekvat cavab verilmir. Rəsmi Bakının bütün xoşməramlı addımlarına rəğmən, erməni tərəfi müxtəlif təxribatlarla üçtərəfli sazişin müddəalarının reallaşmasına maneçilik törədir. İlk növbədə Ermənistan üçün həyati əhəmiyyət kəsb edən regional əməkdaşlıq prosesinin başlanmasına əngəllər yaradır, təxribatlar hazırlayır. Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir.

Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir. Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində heç bir məlumat verilmir. Şübhə yox ki, əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri ötən gün Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib. Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də susqunluq nümayiş etdirir.

Buna baxmayaraq, Ermənistan aylardır uydurma “əsir” mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir və açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıb.

Son günlər ermənilərin beynəlxalq təşkilatlardakı, o cümlədən ABŞ Konqresi və Avropa Parlamentindəki dostları “əsirlər” mövzusunda Azərbaycana təzyiqi artırıblar. Halbuki, 10 noyabrdan sonra Azərbaycan sərhədini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmır. Əfsuslar olsun ki, Qərb bu həqiqəti qəbul etmək istəmir. Deməli, bu vəziyyətdən çıxış yolu tapmalı, siyasətdə manevr imkanlarımızı artırmalıyıq. Əlimizdə olan ermənilərlə bağlı strategiyamız müəyyənləşməlidir. Eyni zamanda, əməllərində cinayət tərkibi təsdiqlənməyən ermənilər hissə-hissə Ermənistana təhvil verilə bilər. Bu qərarı aprelin 8-də planlaşdırılan, lakin son anda baş tutmayan razılaşmanın indi yerinə yetirildiyi kimi də qiymətləndirə bilərik. Həmin tarixdə Muradovun əliboş qayıtmasına İrəvanın Bakının şərtlərini yerinə yetirməkdən son anda imtina etməsinin səbəb olduğu ehtimalı var idi. Mümkündür ki, indi Bakı istəyini alıb. Yəni üç erməninin qarşılığında minalanmış ərazilərin xəritəsi, ən azından bir hissəsi verilir. Yaxud, erməni qoşunlarının çıxarılması prosesinə qarşılıq bu addım atılır. Ən mühüm məqam isə üç diversantın Rusiya XİN rəhbəri Sergey Lavrovun bölgəyə səfərə başlamasından bir gün öncə azad edilməsidir. Məlumatlara görə, Lavrov məhz erməni qoşunların Qarabağdan çıxarılmasından, Ermənistanın Qarabağda hərbi varlığının başa çatmasından sonrakı dövrü müzakirə etmək üçün regiona gəlir. Söhbət Xankəndinin taleyindən gedir. Rəsmi Bakı yalnız 4-cü bəndin icrasına başlanandan sonra nələrisə müzakirə edə bilər və gözləniləndir ki, Lavrovun İrəvan və Bakı səfəri ilə bu prosesə start verilsin, yaxud konkret vaxt müəyyənləşdirilsin. Üç erməninin azad edilməsi də Bakının xoş niyyətini nümayiş etdirməsi, İrəvana “razılaşmalara əməl ediləcəksə, bu addımların davamı ola bilər” mesajının verilməsi, o cümlədən, Paşinyan hakimiyyətinə razılaşmalara əməl edə bilməsi üçün erməni ictimaiyyəti qarşısında əsas yaradılmasıdır. Azərbaycanın cari hədəfi Ermənistanın Qarabağdakı hərbi varlığının aradan qaldırılmasıdır. Yalnız bundan sonra Xankəndinin idarəçiliyini müzakirə etmək mümkün olacaq. Lavrovun səfəri və nəticələri proseslərin inkişafını müəyyənləşdirəcək amildir. 

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının ekpert-analitiki Anatoli Nikoforov rusdilli caliber analitik informasiya resursuna verdiyi müsahibəsində bir sıra maraqdoğuran məsələlərə toxunub. Onun sözlərinə görə, Azərbaycanla münasibətlər qurulub, ancaq Ermənistanla nə baş verdiyini anlamaq çətindir.

Nikoforov əlavə edib ki, əlbəttə, Moskva qarşılıqlı, sərfedici iqtisadi layihələri inkişaf etdirmək üçün öz ətrafında partnoyrlarının olmasını istəyir və Sergey Lavrovun həm Ermənistana, həm də Azərbaycana səfər məqsədi rus siyasətinin sabitlik göstəricisidir: “Moskva söz yox ki, Bakı və İrəvan ilə yaxşı münasibətlərdə olmaqda maraqlıdır. Yeri gəlmişkən, Azərbaycanla münasibətlər qurulub, ancaq Ermənistanla nə baş verdiyini anlamaq çətindir. Azərbaycanla müharibə göstərdi ki, Ermənistan qaçdı, ayağı ilişərək yıxıldı və “burnunu əzdi”.  

Nikoforov bu məsələdə Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətə düşdüyünü və buna görə heç kimin deyil, məhz özünün günahkar olduğunu ifadə edib.

Yəni qeyd etməyə çalışıb ki, Ermənistan uğradığı ağır və çıxılmaz vəziyyətinə görə məhz öz rəhbərliyini, siyasi dairələrini günahlandırmalı, səhvlərindən nəticə çıxarmalıdır: “Ermənistan kiçik, zəif ölkə kimi Rusiyadan başqa heç yerin marağında deyil. Beynəlxalq ictimaiyyətə belə bir siqnal verilir ki, baxın, Ermənistan hətta Rusiyanın xarici işlər nazirini “persona non-qrata” elan etməkdən belə çəkinmir. Lakin bütün bunlar Krılovun məşhur “Fil və Moska” təmsilində deyildiyi kimi, gülünc və axmaqlıqdır”. 

Politoloq Tofiq Abbasov “Şərq”ə bildirib ki, Azərbaycanın əlində olan olan ermənilərin cinayət əməlləri müxtəlifdir. Ekspertin sözlərinə görə, müharibədə, yaxud ondan sonra ələ keçirilən erməni hərbçilərinin hamısı birbaşa diversiya və ya terrorçuluq fəaliyyətində iştirak etməyib. Analitikin sözlərinə görə, burada söhbət Azərbaycan vətəndaşlarına və əsgərlərimizə xətər yetirməyən erməni hərbçilərin Ermənistana təhvil verilməsindən gedir:

“Saxlanılan bütün erməni hərbçilərlə bağlı uzun müddətdir ciddi araşdırmalar aparılır. Bu işə təhlükəsizlik orqanları da cəlb olunublar. Əgər lazım bilinirsə və məqamı yetişirsə, hansısa erməni hərbçinin Ermənistana verilməsi, mübadilə prosesi baş tutur. Heç kim bunun təsadüfən ortaya çıxdığını, yaxud hansısa təzyiq vasitəsi kimi məcburiyyətindən edildiyini iddia etməməlidir. Məncə, bu qərarı Lavrovun bölgəyə səfəri ilə bağlamaq da düzgün deyil. Rəsmi Bakı bütün addımlarını müstəqil şəkildə öz şəxsi iradəsi əsasında atır və heç kim bizim qərarlarımıza təsir göstərə bilməz. Bu məqam dövlət rəhbərliyi tərəfindən də dəfələrlə bəyan edilib. Sadəcə anlamaq lazımdır ki, Ermənistanın siyasəti başıpozuq siyasətdir. Orada proseslər vahid mərkəzdən idarə olunmur. Ermənilər təfriqələr hesabına məqsədlərinə nail olmağa çalışırlar. Amma rəsmi Bakının siyasəti tam fərqlidir və özünü doğruldur. Biz düşünülmüş siyasət icra edirik. Dövlətimizin konturları, prioritetləri bəllidir. Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, düşmən törətdiyi hər təxribatın cavabını mütləq alacaq. İndiki halda üç erməninin Ermənistana təhvil verilməsi çox humanist addımdır. Deməli, həmin şəxslərlə bağlı araşdırmalar sonlanıb və vahid qərar qəbul olunub. Lakin digər erməni diversantları ilə bağlı başqa qərar olacaq. Hələlik bu barədə danışmaq istəmirəm, çünki hər şeyin vaxtı var”. 

Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə vurğulayıb ki, Azərbaycan üç erməni diversantını azad etməsi ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus xüsusi texnika və artilleriya vasitələrinin Xankəndidən çıxarılmasına cavabdır: “Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus texnikalar qalmaqdadır.

Onların Azərbaycan ərazisində olması Ermənistanın birbaşa 10 noyabr razılaşmasını pozmasıdır. Ermənistan tərəfi hərbi texnikanı çıxarır. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələrinə gəldikdə isə ilin axırına kimi bu silahlıların da ləğv edilməsinə Azərbaycan çalışacaq.

Azərbaycan konkret şərtlərlə hərəkət edir və diversantların qaytarılması erməni tərəfi şərtlərə əməl etməklə həyata keçirilib. Digərlərinin geri verilməsi də zamanla həll ediləcək. İlk növbədə bu, Nikol Paşinyanın hakimiyyətdə qalmasına zəmin yaratmalıdır. Çünki Paşinyan hakimiyyətdə qalacaqsa, Qarabağla bağlı proseslərdən geri çəkiləcək. Qeyd edim ki, Azərbaycan hazırda iki məsələnin üzərində dayanıb, Sərsəng su anbarına və Xocalıya nəzarəti bərpa etmək. İki strateji nöqtə nəzarətimizə keçdikdən sonra erməni separatçıları ərazini tərk edəcək”.

Siyasi şərhçi Rusif Məmmədsoy isə düşünür ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini verəcəyini vəd edib:

“Əks halda üç erməninin Ermənistana qaytarılmasının başqa açıqlaması yoxdur. Azərbaycan tərəfinin həmin diversantları qeyd-şərtsiz qaytaracağını zənn etmirəm. Nikol Paşinyan üçün bu məsələ çox vacibdir. Qarabağ azad edilib və Nikol anlayır ki, xəritənin verilib-verilməməsi heç nəyi dəyişmir. Lakin erməni hərbçilərin qaytarılması seçki öncəsi Paşinyan üçün çox əlverişli şərait yaradar. Təbii ki, hansı razılaşma əldə olunub, dəqiq deyə bilmərik. Ancaq istənilən halda hər hansı razılaşma olmadan heç bir ermənini qaytara bilmərik”.