Parlament nəhayət məclisə oxşadı

Deputatlar ilk dəfə kütləvi şəkildə qanuna etiraz etdilər

"Saxta əlillik ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanların haqqı tapdalanıb"

Musa Quliyev təkləndi: "Sanki tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur. Belə deyil, hörmətli həmkarlar. Mən də müsəlmanam, a şirvanlılar!"


Dünən Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. 9 məsələnin daxil edildiyi gündəlikdə əsas müzakirələr “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklər ətrafında gedib. Cari məsələlərlə bağlı çıxışdan öncə Milli Məclisin sədri Sahibə Qafarova Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Spiker bildirib ki, iclas Azərbaycan Respublikasının tarixində dönüş yaratmış bayram ərəfəsində keçirilir: “1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qaytarılması xalqımızı uçurumun bir addımlığından geri qaytardı. Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin mahiyyəti böyükdür. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqın yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. Müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur. Ulu öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində 30 il işğaldan sonra ərazi bütövlüyümüz təmin edildi. Bu, Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Azərbaycan böyük coğrafiyada söz sahibi olan dövlətdir. Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı təbrik edirəm”.

“Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə işləmir”

Millət vəkili Əli Məsimli deyib ki, yaxşı olardı ki, əlilliyin meyarları ilə bağlı qərarlar deputatlara verilərdi, sonra bu dəyişikliklər müzakirə olunardı: “İlk baxışda bu, forma dəyişikliyi kimi görünsə də, model dəyişikliyidir. Burada 31-60 faiz heç də 3-cü kateqoriyaya, 61-80 faiz ikinci kateqoriyaya aid olmadığı üçün bu qanunun tətbiqi zamanı problemlər əmələ gələcək. Əlillik ətrafında yaranan sosial narazılıqları aradan qaldırmaq üçün bir sıra əlavə dəyişikliklər edilməlidir. Əlilliyin müdafiəsinə dair qanunda işləməyən maddələr var. Qanun 3 ildir qəbul olunub. İşləməyən maddələri işlək hala salmaq üçün addımlar atılmalıdır. Əlillərin işlə təmin edilməsini, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsini həyata keçirməliyik. Saxta əlilliklə bağlı rəqəmlər onu göstərir ki, nazirliyin özündə də bu məsələ ilə bağlı tam təfəkkür yoxdur. Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə də işləmir. Üçüncüsü, saxta əlillik ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanların haqqı tapdalanıb. Bunun cavabını kim verəcək?! Bu məsuliyyət məsələsi də həllini tapmalıdır. Həmin insanların hüquqlarının müdafiəsi üçün onları bu vəziyyətə məhkum edən insanlar məsuliyyətə cəlb olunmalıdır”.

“İxracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var”

Deputat Elşad Mirbəşiroğlu bildirib ki, Vətən müharibəsində inamlı qələbəmiz ölkə iqtisadiyyatının dayanıqlılığını növbəti dəfə göstərmiş oldu: “Ölkənin yeni çağırışlar qarşısında olduğu şübhəsizdir. Bunun üçün də milli inkişafın yeni prioritetləri müəyyənləşdirilib. 2 fevral tarixində prezident tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiq edilib. Bu sənəd çərçivəsində ixrac potensialının gücləndirilməsi təklif olunub. Ölkənin iqtisadi artım potensialı daha ciddi addımların atılmasını zəruri edir. Azərbaycan brendinin dünyada tanıdılması əsas məsələlərdən biridir. Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Təklif edirəm ki, aidiyyəti qurumlar Azərbaycanda ixracat qurumlarının inkişafı sahəsində addımlar atsınlar. Gələcəkdə Azərbaycanın beynəlxalq əməkdaşlığı üçün bu çox vacibdir”.

“Sahibkarlar şəhid ailələrini və qaziləri işə götürsünlər”

Deputat Musa Quliyev deyib ki, sahibkarları şəhid ailələrini və qaziləri işə götürməyə çağırıb: “Məşğulluq marafonu başlayıb. Burada məqsəd 44 günlük Vətən müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir. Bu gün Azərbaycanda büdcədən maliyyələşən 3700-dən çox təşkilat fəaliyyət göstərir. Bu müəssisələrdən hər biri ən azı 2-3 şəhid ailəsi üzvlərini və qaziləri işə götürərsə, biz bu missiyanı tamamlaya bilərik. Mən Azərbaycandakı sahibkarlara, Azərbaycan-Amerika ticarət palatasına, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinə, özəl şirkətlərə müraciət edirəm. Biz bu missiyanı həyata keçirsək, dünyaya da bəyan edəcəyik ki, Azərbaycan dövləti, vətəndaşı şəhidinin, qazisinin yanındadır. Hamını bu marafona qoşulmağa dəvət edirəm”.

“Əlilliyin qiymətləndirilməsi bir orqana həvalə olunsun”

Deputat Bəhruz Məhərrəmov əlilliyin qiymətləndirilməsinin bir orqana həvalə olunmasını təklif edib. O bildirib ki, bu sahədə inzibati və cinayət tədbirlərini də sərtləşdirməliyik: “Bununla da saxta əlilliyi alana da, verənə də qarşı ciddi tədbirlər görülmüş olar. Digər tərəfdən Prezident İlham Əliyevin sərəncamı ilə icra hakimiyyəti orqanlarında Vətən müharibəsi qəhrəmanları ilə bağlı şöbə yaradıldı. Bu, digər şirkətlər üçün də yol xəritəsi olmalıdır”.

“Beynəlxalq standart adı ilə əhalini narazı salmaq olmaz”

Millət vəkili Sabir Rüstəmxanlı vurğulayıb ki, dəyişikliklər sosial narazılıqların artmasına səbəb olmamalıdır: “Bu, çox həssas məsələdir, son dərəcə ciddi məsuliyyətlə yanaşılmalıdır. 44 günlük Vətən müharibəsindən yüksək əhval-ruhiyyə ilə çıxmış xalqı narazı salmaq, cəmiyyətdə narazılıq dalğasını gücləndirmək yolverilməzdir. Birinci oxunuşda deputatların səsləndirdiyi fikirlərin heç biri nəzərə alınmayıb. Ölkədə ən mübahisəli, xalqı narazı salan sahələrdən biri sosial yardımların paylanma məsələsidir. Bununla bağlı nələr baş verir, yaxşı bilirik. Kasıb, bir tikə çörəyə möhtac insanların kartlarının vəzifə sahibi olanların ciblərində yığılıb qaldığının da şahidi oluruq. Mən bilmirəm, bizim vətəndaşlarımız bundan udacaq, ya uduzacaq. Elə deyilir ki, qanun beynəlxalq standartlara uyğundur. Qanunun lehinə səs vermək çətindir. Bu məsələdə biz istəsək də, istəməsək də, insanlarda bir narazılıq yaranacaq. Çünki uzun illər eyni sistemlə pensiya almış insanlar yeni sistemlə qarşılaşacaq. Nazirlik dəyişikliklərə aydınlıq gətirməlidir. Dəyişikliklərin nə qədər insanı əhatə etdiyi deyilməlidir. Televiziyalar vasitəsilə camaata dəyişikliyin mahiyyəti çatdırılmalıdır. Bu cür qanunlar qəbul edilərkən Azərbaycanın vəziyyəti nəzərə alınmalıdır. Beynəlxalq standart adı ilə əhalini narazı salmaq olmaz, indiki məqamda ümumiyyətlə olmaz. İndiki mərhələdə təqaüdlərin müəyyənləşməsində obyektivlik tətbiq etmək mümkündür. Amma bu, son dərəcə həssaslıqla olmalıdır. Qanundan sonrakı nəticələr, faiz məsələsinin nə olması, hansı qurumlar tərəfindən ediləcəyi aydın olmayana qədər mən bu qanuna səs verə bilmərəm”.

“Veteranların müavinəti 130 manata qaldırılsın”

Deputat Siyavuş Novruzov müharibə veteranlarının müavinətinin 130 manata qaldırılmasını təklif edib: “Çernobılda 8000 nəfər iştirak edib, onlardan 5000-ə yaxın əlil olan var. Birinci Qarabağ müharibəsində 80 min nəfər iştirak edib, 15 min əlil var. Ümumilikdə götürəndə bu kateqoriya əlillərin sayı 21 minə qədərdir. İkinci Qarabağ müharibəsi ilə bağlı statistika hələ hazır deyil. Əlillər arasında fərq qoyulmasına qarşıyam. Amma bu cür həssas təbəqəni incitmək, onların yenidən yoxlamadan keçirilməsi bu insanlara təsir edir”. S.Novruzov əlillərin sayına görə ölkələr arasında müqayisə aparılmasına qarşı olduğunu da qeyd edib: “Bəzi ölkələrdə heç müharibə olmayıb, müharibədə iştirak edənləri yoxdur. Azərbaycanda isə əlillərin bir qismi müharibə əlilləridir. Hazırda müharibə veteranlarına kommunal xərclərin ödənilməsi ilə bağlı 80 manat müavinət verilir. Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal xərclər 130 manata çatdırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının qarşılanmasına nail ola bilərik”.

“31 faizlə 60 faiz eyni pensiya alacaq?!”

Deputat Qüdrət Həsənquliyev də bildirib ki, qanun o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi: “Burada 100 faiz sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilməlidir. İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün orqanizmin neçə faizi öz funksiyasını itirməlidir? İkincisi, nazirlik bu dəyişikliklərdən əvvəl bizə maliyyə əsaslanması təqdim etməliydi. Komitə sədri Musa Quliyev ötən iclasda dedi ki, bəlkə də bu qanunun qəbulundan sonra əlillərin sayı artacaq. Mən də deyirəm ki, ola bilsin əlilliyi olanların, əlilliyə görə pensiya alanların sayı azalacaq. Bu kimi halların olmaması üçün nazirlik bizə maliyyə əsasnaməsi təqdim etməliydi. Bilməliydik ki, nə qədər vəsait artacaq, yaxud azalacaq. Nazirlikdən suallarımıza cavab gəlmədikcə, bu qanun layihəsinin lehinə səs verməyəcəm”.

“Bunu ÜST müəyyən edib, özümüzdən çıxarmamışıq”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə narazılıq doğuran məqamlara aydınlıq gətirib. Deputat bildirib ki, qanun layihəsində faizlərin toplanması orqanizmin müxtəlif orqanlarının müxtəlif formada itirilməsi əsasında olacaq. Burada sadə hesab olmayacaq. Yəni orqanizmin hər hansı orqanının ən yüksək pozulanı əsas götürüləcək. Bunu biz müəyyən etməmişik. ÜST müəyyən edib. Bu qanun qəbul edildikdən sonra 6 ay müddətində tətbiqi sahəsində iş gedəcək. Burada TƏBİB-in, Səhiyyə Nazirliyinin, ƏƏSMN-in əməkdaşlarının iştirakı ilə treninqi keçiriləcək. Sual olunur ki, qanun qəbul olunandan sonra ölkədə əlillik artacaq, azalacaq, maliyyə tutumu artacaq, azalacaq? Bunların heç biri olmayacaq. Bu, sadəcə, bir alətdir. Biz indiyə qədər informasiyanı qəzetdən alırdıqsa, indi telefondan alırıq. Bu, müasirliyin tətbiqidir. Burada orqanizmin funksiyalarının 100 faiz itirilməsi pozulması ilə əvəz olunacaq. Bu, bütün orqanizmi əhatə etmir, bir orqanın itirilməsi nəzərdə tutulur. Əlillik təyin olunarkən orqanizmin müəyyən hissəsini itirməsi götürülür”.

“Belə deyil, hörmətli həmkarlar”

M.Quliyev qeyd edib ki, bura Milli Məclisdir, kim istəyər qanuna səs verər, kim istəməz səs verməz: “Elə təsəvvür etdim ki, sanki tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur. Belə deyil, hörmətli həmkarlar. Mən də müsəlmanam, a şirvanlılar! Spiker Sahibə xanımın təklifinə qatılıram. Gələn həftə çox genişləndirilmiş komitə iclası keçirək, əlaqədar qurumları çağıraq və bütün suallara aydınlıq gətirək”.