13 deputat əlilliklə bağlı yeni qanunun əleyhinə səs veriblər

"Spiker Sahibə Qafarova layihənin yenidən komitə iclasında müzakirə edilməsini təklif edib"


Milli Məclisdə əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edilib. Lakin 13 deputat əlilliklə bağlı yeni qanunun əleyhinə səs verib. Qanuna səs verməyən deputatlar sırasında Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aqil Abbas və digər millət vəkilləri olub. 

Millət Vahid Əhmədov əlilliklə bağlı yeni qanun layihəsinə qarşı çıxaraq müvafiq komissiya yaradılmasını təklif edib: “Keçmiş nazir Səlim Müslümov pensiya ilə bağlı elə bir layihə təqdim etdi ki, bu günə qədər onun altından çıxa bilmirik. Qanun layihəsi paket şəklində verilməlidir. Təklif edirəm ki, bir komissiya yaradılsın.

Əmək və əhalinin sosial müdafiəsi naziri özü gəlib bu məsələni məruzə etsin. Burda faizlər haqqında danışdılar. Baxaq görək ki, faizləri müəyyən etməklə nəyə nail olduq?!  Bizi Avropa ilə müqayisə edirlər. Avropaya çatmağımıza hələ çox var. Bu qanun üzərində ciddi iş getməlidir”. 

Millət vəkili Aqil Abbas da layihəyə səs verməyəcəyini söyləyib:

“Deputatların hamısı "Əlillik haqqında" qanun layihəsini tənqid edir, sonda isə deyirlər ki, çox mütərəqqi layihədir. Birinci Qarabağ savaşının veteranları 28 ildir veteran kağızı ala bilmir. Vətən müharibəsi 7 aydır bitib, iştirakçılar elə bir deputat yoxdur ki, əlində sənədlə onun qapısını döyməsinlər. Buna niyə baxılmır? Əlilliyin təyin olunması ilə bağlı mütəxəssislər var, dəvət edilsinlər. Layihəyə bir də baxsınlar”.

Mübahisəli qanun layihəsinin yenidən müzakirə olunmasına qərar verilib. Spiker Sahibə Qafarova əlilliklə bağlı qanun layihəsinin yenidən komitə iclasında müzakirə edilməsini təklif edib. Parlament sədri Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə bildirib ki, üçüncü oxunuşdan öncə komitə iclası geniş formatda keçirilməlidir:

“Çünki çoxlu suallar ortaya çıxır. Üçüncü oxunuşdan öncə geniş formatda müzakirə vacibdir”. Deputat Musa Quliyev isə təklifin müvafiq olduğunu qeyd edib. 

Məlumat üçün bildirək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq. Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.