Deputatlar vətəndaş təşəbbüsünü bəyəniblər

Novruz bayramı Gürcüstanda da milli bayram kimi qeyd oluna bilər

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı qanunvericilik təşəbbüsünə baxılıb. Müzakirələr zamanı deputatlar vətəndaş təşəbbüsünü müsbət qiymətləndiriblər. Komitə sədri Mixeil Sarcveladze isə bildirib ki, təklif kifayət qədər əsaslandırılmayıb və əlavə arqumentlər tələb edir.

O, məsələ ilə bağlı müzakirələrin davam etdirilməsinə ehtiyacın olduğunu vurğulayıb. Komitə üzvləri qanun layihəsinin müzakirəsinə təşəbbüskarların da dəvət olunması və onların da fikirlərinin öyrənilməsi təklifi ilə çıxış ediblər. Qeyd edək ki, layihənin müəllifi ictimai fəal Samirə Bayramovadır. Sənəddə martın 21-nin Gürcüstanda qeyri-iş günü elan edilməsi təklifi də yer alıb.

Tarixçi-alim Kərəm Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, Tiflis şəhəri 1801-ci ilə kimi müsəlman şəhəri olub. K.Məmmədov qeyd edib ki, hətta gürcü çarları çap etdikləri pulun bir tərəfində "La ilahə illəllah" yazdırırdılar:

"Gürcüstanda hər il Novruz bayramı qeyd edilir. Novruz bayramı şənliklərinə gürcülər də qoşulur və baharın gəlişini birgə qeyd edirlər. İndi təbii ki, Gürcüstan parlamentində Novruzun milli bayram elan olunması ilə bağlı qanunvericilik təşəbbüsünə baxılıb. İnanıram ki, gürcü həmkarlarımız gələcəkdə Novruz bayramının qeyd olunmasını və önəmini anlayarlar".