245 nəfər arasında 11 nəfər şəhid və qazi ailələrinin üzvləri var

Azərbaycan vətəndaşlığına qəbul edilən şəxslər dövlətin sosial siyasətinin bütün üstünlüklərindən istifadə edə biləcəklər

Bu günlərdə Prezident İlham Əliyev 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi də keçirilib. Vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfəri şəhid və qazi ailəsinin üzvləri olub. Tədbirdə iştirak edən şəhid və qazi ailələrinin  hər birinə qəhrəman Vətən övladları yetişdirdiklərinə görə minnətdarlıq ifadə olunub. 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial məsələlər üzrə fəlsəfə doktoru Azər Allahverənov  "Şərq"ə açıqlamasında bildirib ki,  Azərbaycanla sıx bağlı olan bu şəxslərin hər birinin ölkədə yaşamasının hüquqi statusu artıq dəyişir. O qeyd edib ki, onlar tam hüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər bütün sahələrin imkanlarından yararlana biləcəklər:

"Vətəndaşlığa müraciət edən şəxslər arasında həm qazi, həm də şəhidlərin  ailə üzvləri olub. Qeyd edim ki, bütün prosedur qaydalara uyğun olaraq aparılıb. Yəni vətəndaşlığın qəbulu üçün müəyyən şərtlər var. Həmin tələblərə uyğun olaraq  hər bir şəxs barədə ayrıca olaraq qərar verilir.  Bu dəfə 245 nəfər arasında 11 nəfər şəhid və qazi ailəsinin üzvləri var. Artıq həmin şəxslər də dövlətin bu sahədə həyata keçirdiyi sosial  siyasətin bütün üstünlüklərindən istifadə edə biləcəklər. Həmçinin onlar sosial xidmətlərdən maksimum yararlana biləcəklər".