Hərbi Dəniz Qüvvələrinin TƏLİMİ: “İndi tər tökən, döyüşdə qan tökər” 

Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edir. Dünən təlimlərin ikinci mərhələsi üzrə tapşırıqlar icra olunub.
Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub.

Bütün tapşırıqlar yerinə yetirildikdən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vurulub. Görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqlarının icra səviyyəsi qiymətləndiriləcək.

Təlimlərin əhəmiyyətini “Sherg.az”a şərh edən Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev bildirib ki, quruda güclü ordumuz olduğu kimi Hərbi Dəniz Qüvvələrimiz də kifayət qədər təcrübəli və güclüdür:

“Bu baxımdan Hərbi Dəniz Qüvvələrimizin keçdiyi təlimlər alqışalayiq bir addımdır. Bildiyimiz kimi, Azərbaycanın tək quruda yox, bəzi ölkələrlə hətta su sərhədləri var. 

Azərbaycan zəngin bir ölkə olduğu üçün bir çox qonşu ölkənin gözü bizdədir və bizim də zəif olmamağımız üçün mütəmadi təlimlərdən keçməyimiz önəmlidir. Necə deyərlər “təlimdə tər tökən, döyüşdə düşmənin qanını tökər”.

Dünənki təlimlərin məqsədi isə Hərbi Dəniz Qüvvələrinin bütün heyətinin- zabit, gizir və əsgərlərinin döyüş hazırlığı və peşəkarlığını inkişaf etdirməkdir”.

--