“Cəmiyyətimizdə intiharın eqoistik halı yayğındır” 

“Şəxsi uğursuzluğuna görə öz ölümü ilə başqalarını cəzalandırmaq istəyi”

“İstər ailə, istər cəmiyyət ilə konflikt halında olan, öz eqosunu yeritmək, yaxud xilas etmək üçün vurnuxan gənclər, buna nail olmadıqda qarşı tərəfi cəzaladırmaq qərarına gəlirlər. İntihar bu qərarlardan biridir”



Ötənlərdə Bakıda “Azure” biznes mərkəzində şəxsin intihar etməsinin görüntüləri yayılıb. 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atmazdan əvvəl məktub yazıb.
Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

Təbii ki, yaşanan bütün intihar hadisələri üzücü xəbərlər sırasındadır. Lakin gənc yaşda birinin canına qıyması olduqca sarsıdıcı haldır. Xüsusilə, həmin gənc yaşının ən gözəl çağlarında yaşamaqdan imtina edirsə, deməli, cəmiyyətdə ciddi hadisələr baş verir. Bilinmir ki, günahkar ailələrdir, yoxsa toplum?

Tanınmış şair-publisist Aqşin Yenisey “Sherg.az”a bildirib ki, intihar bütün hallarda sosial hadisədir:

“Bunu fikrə yüz il əvvəl tarixdə ilk dəfə intihar statistikalarını araşdıran fransız sosioloq Emili Drukheym gəlmişdi. Yəni intiharlarda heç də qatil qurbanın özü deyil, qatil cəmiyyətdir, icmadır, ailədir, dost çevrəsidir, nə bilim, sevgilidir və. s. Ona görə intiharı təkcə fərdin zəifliyinin, yaxud cəsarətinin ayağına yazmaq düz deyil.

Konkret bizim cəmiyyətə gəlincə, müşahidələrim əsasında deyə bilərəm ki, cəmiyyətimizdə daha çox intiharın eqoistik halı yayğındır.

Şəxsi uğursuzluğuna görə öz ölümü ilə başqalarını cəzalandırmaq istəyi. İstər ailə, istər cəmiyyət ilə konflikt halında olan, öz eqosunu yeritmək, yaxud xilas etmək üçün vurnuxan gənclər, buna nail olmadıqda qarşı tərəfi cəzaladırmaq qərarına gəlirlər. İntihar bu qərarlardan biridir.


Bəzi hallarda intiharla yanaşı, cinayətə də əl atırlar. Bir neçə il əvvəl Nepal şahzadəsi Dipendra sevdiyi qızla evlənmyə razı olmadıqları üçün əvvəlcə öz ailə üzvlərini gülləbaran edib, sonra özünü öldürmüşdü. Mentalitetimizin, cəmiyyətimizin sosioloji problemləri araşdırılmadığı üçün biz intiharların yerli səbəbləri haqqında heç bir bilgiyə sahib deyilik.

Sadəcə, müşahidələrimizə və şəxsi təcrübələrimizə əsaslanıb fikir yürüdə bilirik. Təcrübələrim isə bunu deyir ki, Azərbaycanda intihar hadisələrinin çoxu, sadəcə, cəhalət üzündən baş verir: həm cəmiyyətin, həm ailənin, həm də fərdlərin cahilliyi ucbatından”.