Avtomobillərdə də “qara qutu” olacaq! – “Hadisənin birbaşa səbəbi araşdırılır”

“Amma həmin sistem ölkəmizə bir əsrdən sonra gəlib çıxar”


Avropa Birliyinin qəbul etdiyi qərara əsasən, 2022-ci ilin may ayından etibarən avtomobillərdə "qara qutu” yerləşdiriləcək. “Qara qutu” avtomobillərdə 41 məlumatı toplayacaq. "qara qutu”lar bu məlumatları qəzadan 5 saniyə öncəyə qədər toplaya biləcək.
Avropalı ekspertlər hesab edir ki, "qara qutu”ların toplayacağı məlumatlar ölümə və ya ağır yaralanmaya səbəb olan qəzaların sayını azaldacaq. Əldə ediləcək məlumatlarla qəzanın baş vermə səbəbi daha dəqiq müəyyənləşdiriləcək və buna uyğun olaraq qabaqlayıcı tədbirlər görüləcək. 

Avropada bir ədəd "qara qutu”nun qiyməti 70 avro olacaq. Məlumatlara əsasən, hazırda Avropada istehsal edilən bəzi avtomobillərə "qara qutu” yerləşdirilir. Həmin avtomobillərdə cihaz avtomobilin ön hissəsində, sürücü və sərnişin oturacağının arasında yerləşdirilir. 


“Qara qutu”nun ölkəmizdə tətbiqi ilə bağlı “Sherg.az”a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda belə texnologiyaların tezliklə tətbiqi real görünmür:

“Dünyanın bir çox ölkəsi inkişaf etmiş texnologiyalardan səmərəli şəkildə istifadə edir. Belə texnologiyalar ölkəmizdə tətbiq edilə bilər. Sadəcə olaraq bugünkü Azərbaycan reallıqlarını götürəndə maşınlarda taksometr, takoqraf kimi cihazların qurulmasını hələ təmin edə bilməmişik. Halbuki həmin cihazlar yük maşınları və sərnişin avtobuslarının hərəkətini bir növ nəzarətdə saxlayır. Taksometr və takoqrafın özü də bir “qara qutu”dur. Takoqrafda sürücünün iş və istirahət rejimi avtomatik qeydə alınır. 20-ci əsrin sonlarında həmin texnologiyalar var idi, lakin indi 21-ci əsrin əvvəli olsa da, biz hələ bu qurğuları tətbiq etməmişik.Yəqin ki, Avropa Birliyi ölkələrində tətbiq olunacaq “qara qutu” ölkəmizə bir əsrdən sonra gəlib çıxar”.

E.Muradlı təəssüflə qeyd edib ki, ölkəmizdə nəqliyyat sektorunda inkişaf zəif gedir:

“Ümumilikdə isə “qara qutu” çox yaxşı texnologiyadır. Yol-nəqliyyat hadisələrinin səbəbini birbaşa aşkarlamaq üçün vasitədir. Bəzən deyirlər ki, sürücü sürət həddini aşdı və ya manevr qaydasını pozduğu üçün öldü. Lakin “qara qutu”da qeydə alınan məlumatlar başqa səbəbləri üzə çıxarır. Məsələn, sürücünün sükan arxasında yatdığı və yaxud ürək tutmasından sonra öldüyü məlum olur.

Lakin qeyd olunur ki, yol-nəqliyyat hadisəsi baş verdi və sürücü hadisə yerində öldü. Dərindən araşdırma zamanı isə məlum olur ki, sürücü hadisə baş verməzdən əvvəl dünyasını dəyişib.

Bu cür sistemlər hadisənin birbaşa səbəbini araşdırır. İnkişaf etmiş ölkələr belə texnologiyaları ona görə tətbiq edir ki, hadisələrin ən dəqiq səbəbini öyrənsin və bunun qarşısını ala biləcək sistemlər, texnologiya və qaydalar tətbiq etsinlər.

Biz isə 20-ci əsrin sonlarında dünyanın əksər ölkəsində istifadə olunan takoqrafı 21-ci əsrin əvvəli olsa da, hələ tətbiq edə bilməmişik”.