"YAŞAT" Fonduna hər kəs 10 manat ianə etsin!


"Adil müəllimin səsinə 1 milyon adam səs versə, bu, 10 milyon manatın toplanması deməkdir"

“Biz xalq olaraq tarixi qələbəni yaşadanları heç zaman unutmayacağıq". Bunu Milli Məclisin sədr müavini Adil Əliyev parlamentin dünən keçirilən iclasında deyib. Onun sözlərinə görə, qələbəni yaşadanlar hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Torpaqlarımızın düşməndən azad edilməsi aparılan uğurlu islahatların nəticəsidir. Hər kəsdən xahiş edirəm ki, 10 manat olmaqla “YAŞAT” Fonduna ianə edək və bununla da qəhrəmanlarımıza, onların ailələrinə dəstək olaq”.

Təkliflə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, "Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə fikirlərini bölüşüb. O, ilk olaraq qeyd edib ki, "YAŞAT" Fonduna ianə etmək hər bir azərbaycanlının borcudur:

"Vətəndaş məsuliyyətinin fərqində olan insanlar mütəmadi bu Fondun hesabına pul köçürürlər. Təbii ki, məbləğin az və ya çox olması bir o qədər də böyük əhəmiyyət kəsb etmir. Vacib olan şəhid ailələrini, qayğıya ehtiyacı olan qazilərimizi unutmamaqdır. Atalar sözündə deyildiyi kimi, "Dama-dama göl olar". Adil müəllimin səsinə 1 milyon adam səs versə, bu, 10 milyon manatın toplanması deməkdir. Bu məbləğlə də minlərlə şəhid ailəsinin, qazinin problemini həll etmək olar".
S.Verdizadə maraqlı bir təklif də irəli sürüb: “YAŞAT” Fonduna sıravi vətəndaşlar 10, deputatlar isə 100-200 manat ianə etsin. Və bir də məmurlardan xahiş edirəm ki, xalqdan oğurladıqları pulların cəmi bir faizini "YAŞAT" Fondunun hesabına köçürsünlər. Yığılan məbləğlə müharibənin bütün yaralarını sağaltmaq mümkündür".