Xarabalıq bir ərazini abadlaşdırmaq daha yaxşıdı

“Yaşıl Cənnət” üçün məkan heç də düzgün seçilməyib

"Paytaxtımızın girişində - dənizkənarı yol boyu Su İdmanı Sarayı ilə Gəmi Təmiri zavodunun arasında biabırçı, bərbad hissə boş qalıb"


Bakının yeni simvolı olacaq “Yaşıl Cənnət” (Green Paradise) yaradılır. Türkiyənin memarlıq şirkəti Tuncer Çakmaklı Architects, artıq Bakı meriyası tərəfindən təsdiqlənən “Yaşıl Cənnət”in yaradılması üçün bir layihə təqdim edib. Qeyd edək ki, “Yaşıl Cənnət”in sahəsi 16 450 kv.m olacaq. Layihə Səbail rayonunda, Dövlət Bayrağı Meydanından bir qədər aralıda həyata keçiriləcək. İşin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. 

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı  "Şərq"ə açıqlamasında qeyd edib ki, yeni layihə həm  maraqlı, həm gözəl, həm də çox vacib bir layihədir. O vurğulayıb ki, məkan baxımından yer heç də düzgün seçilməyib:

"Bulvarın Dövlət Bayrağı Meydanı hissəsi və yaxınlığı onsuz da abaddır, gözəldir, yaşıllıqdır. Lakin ondan bir qədər aralıda paytaxtımızın girişində - dənizkənarı yol boyu Su İdmanı Sarayı ilə Gəmi Təmiri zavodunun arasında biabırçı, bərbad hissə boş qalıb. Həmin mənzərələri gördükdə şəhərə girən adamın ürəyi lap bulanır. Görünən isə odur ki, Bakının Cənub girişi günü-gündən müasirləşən, abadlaşan paytaxtımızla müqayisədə çox geridə qalıb. Bibiheybət məscidindən Su İdmanı Sarayınadək uzanan təxminən 2 kilometr məsafədə boz çöllər, ötən əsrin 30-40-cı illərindən qalma istifadəyə yararsız, hələ də sökülməyən mənasız tikililər, neft gölməçələri insanı məyus edir. Təəssüflə deməliyik ki, bu ərazi Bakının 20-ci əsrin əvvəllərindəki miskin mənzərəsini xatırladır. Şəhərimizə gələn qonaqların ilk gördüyü mənzərə və paytaxtımızla bağlı ilk təəssüratları da, buradan başlayır. Bununla da Bakı haqda ilk təəssürat belə dəhşətli olur. Paytaxtımızda bundan bərbad, xarabalıq, çöllük yer yoxdur. Özü də şəhərin mərkəzinə lap yaxın bir yerdə. Ərazidə köhnə, artıq heç nəyə yaramayan neft buruqları var. Qeyd edim ki, onların çoxu artıq sökülüb, qalanları da bir işə yaramır. Xüsusilə yay aylarında neft buruqlarının ətrafındakı gölməçələrdən buxarlanan kəskin qoxulu qaz şəhərin ekologiyası və ətrafda yaşayan sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.  Neft Şirkətinin ordakı qurğuları hər gecə havaya böyük həcmdə zəhərli qazlar buraxır ki, yaxınlıqda yaşayan binaların sakinləri az qalır boğulub ölsün. Bu xoşagəlməz qoxunu həmin sahədə inşa edilmiş jurnalist binalarının sakinləri də mənzillərində hiss edirlər. Bəzi məlumatlara görə, ərazidə zəif miqyaslı radioaktiv fon da mövcuddur. Küləkli havalarda ətraf toz-dumana bürünür, necə deyərlər, göz-gözü görmür. Baxımsız, qumsal ərazidən qalxan toz-torpaq şosse yolunu görünməz edir və ətrafdakı binaların mənzillərinə dolur. Hətta bu ərazi gecələr kriminal hesablaşmalar üçün də istifadə olunur. Maraqlıdır, ərazidəki cinayətkarlıq mənbəyi olan tamamilə köhnə, uçuq, istifadəsiz tikililər kimə lazımdır? Qaranlıq vaxtı belə istifadəsiz və yararsız binalara narkomanların yığışdığı haqda də xəbərlər yayılır. Şübhəsiz, ərazi abadlaşdırılsa, burada yaşıllıq və park salınsa, mövcud problemlər də aradan qalxar". 

E.Bayramlı əlavə edib ki, dənizlə yol arasında 2 km-ə yaxın eni olan bu ərazini abadlaşdırmaq, orada park, idman meydançaları, dənizə yaxın hissədə isə çimərliklər yaratmaq olar:

"Neft buruqlarının xeyli hissəsi fəaliyyətini dayandırıb. Əlbəttə, neft ehtiyatlarına malik buruqların ətrafını abadlaşdırmaq, buranı açıq neft muzeyinə çevirmək, ərazidə idman meydançaları və parklar salmaq olar. Qeyd edim ki, həmin ərazi çox böyükdür. Qısası, onsuz da abad bir ərazini yenidən abadlaşdırmaqdansa, xarabalıq bir ərazini abadlaşdırmaq daha yaxşıdır. Necə ola bilər ki, bu sahəyə məsul şəxslərin və layihəyə yer seçənlərin, bu, ağlına gəlmir? Yəni dəniz kənarında bu qədər nəhəng ərazilər ola-ola, niyə hər tərəfdən buxtaya iri bir süni hissə salıb təbii mənzərəni korlayırlar? Əminəm ki, bu suallara cavab verilməyəcək. Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Biz də elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən bir sıra problemlər aradan qaldırılsın".