Birgə təlimlərin intensivliyi artacaq:“Ordumuzun Türkiyə modelinə keçməsi...”


Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda iyunun 28-də başlayan "Mustafa Kamal Atatürk – 2021" birgə döyüş atışlı taktiki təlimləri davam edir. Döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur. İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.

Hərbi ekspert Ədalət Verdiyev təlimlərin əhəmiyyətini “Sherg.az”a şərh etdi: 

“Bu, hər iki ölkənin döyüş əməliyyatları zamanı qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, habelə qərargahların və komandirlərin qərar qəbul etmə bacarıqlarının inkişaf etdirilməsi baxımından çox mühümdür.

Taborların döyüş əməliyyatları həm artilleriya bölmələri, həm də döyüş və nəqliyyat helikopterləri ilə dəstəklənib. Hazırlıqlara PUA-ların və 50-əyədək avtomobil texnikasının cəlb edilməsi təlimlərin hücum xarakterli olduğunu göstərir. Fikrimcə, təlimlərin intensivliyi artacaq. Azərbaycan ordusunun Türkiyə modelinə keçməsi üçün buna ehtiyac var.

Onu da deyim ki, Türkiyədə “Anadolu qartalı-2021”, Azərbaycanda isə "Mustafa Kamal Atatürk – 2021" təlimlərinin eyni anda keçirilməsi rəsmi İrəvana həm də siyasi mesaj kimi qiymətləndirilməlidir”.