Söz sahibi bizik!

Regiondakı proseslər xeyrimizə işləyir

Azərbaycan və Türkiyə Rusiyanı fakt qarşısında qoymalıdır ki, oyunlarından əl çəksin


Ötən gün Rusiya Prezidenti Vladimir Putin “Birbaşa xətt” verilişində Rusiya vətəndaşlarının suallarını cavablandırıb. V.Putin heç kimin - nə Ermənistanın, nə də Azərbaycanın, nə də Dağlıq Qarabağ sakinlərinin böhranın dərinləşməsində maraqlı olmadığını bildirib. Rusiya lideri söyləyib ki, dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq: "Buna görə də, indi tərəflər problemlərin həlli üzərində işləyir. Xüsusi üçtərəfli işçi qrup yaradılıb, məsələlərin həlli üçün hər şeyi edəcəyik”.

Mövzu ilə bağlı suallarımızı cavablandıran  BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putinin  "Qarabağ böhranının dərinləşməsində heç kimin maraqlı olmadığı" fikri, təbii ki, gerçəkliyinə ümid etdiyimiz fikirdir. O qeyd edib ki, dünyada gedən geosiyasi proseslərin təhlili onu göstərir ki, hansısa regionda stabilliyin olmasını istəyən və istəməyən qüvvələr var:

"Çünki hər bir siyasi oyunçunun öz marağı olur. Bu baxımdan, Putinin ifadə etdiyi fikrə bu maraqlar çərçivəsindən qiymət vermək lazımdır. Rusiyanın Cənubi Qafqaz siyasətinin mahiyyəti tarixən şovinist siyasət olub, xırda xalqları idarə etmək istəyi olub. Bu, Rusiyanın milli təhlükəsizlik məsələsi olub. Rusiya çalışır ki, öz sərhədlərini qorumaq üçün təhlükəsizlik zolağı onun sərhədlərindən mümkün qədər kənarda olsun. Rusiyanın mərkəzi ərazilərinin tarixi relyefi düzənlik ərazilərdən ibarət olduğu üçün təbii maneələr, yəni dağlar dənizləri yoxdur. Tək maneə meşələr və sərt soyuq iqlimdir. Bu baxımdan tarixən işğalçı qüvvələr asanlıqla onun ərazilərini işğal edirdilər. Buna görə rus rəhbərləri məcbur müdafiə xəttini Ural dağlarına, Orta Asiya və Qafqaz regionunda, eləcə də şimal dənizlərə və okeanlara qədər uzadıb ki, bu da Rusiyanın ərazisini ucsuz-bucaqsız edib. Bu baxımdan, Rusiya istəsə də nəinki Qafqaz, eləcə də digər ərazilərinin təhlükəsizliyini hansısa xoş münasibətlərə görə riskə ata bilməz. Rusiya bu məqsədlə öz xalqını ucsuz-bucaqsız ərazilərdə olan təbii xammala rəğmən normal yaşada bilmir ki, öz geniş ərazilərini müdafiə etsin. Çünki bu, külli miqdarda maddi vəsait tələb edir. Bir sözlə, Putinin səsləndirdiyi fikir nə qədər normal fikir olsa da, inanılması məntiqlə zor məsələdir".

A.Qasımov əlavə edib ki, regionda gedən proseslərin hara getməsinə Azərbaycanın bilavasitə təsiri şübhəsizdir:

"Proseslər bizim istədiyimiz formada gedir, çünki bu prosesləri başladan və idarə edilməsində əsas rol oynayan Azərbaycandır. Hesab edirəm ki, Qarabağ məsələsində yekun addımların atılması istiqamətində danışıqlar gedir. Bu, Azərbaycan-Türkiyə-Rusiya XİN və dövlət rəhbərlərinin başlayan görüşləri nəticəsində müəyyən ediləcək. Rusiya təbii ki, Ermənistan və Qarabağ ermənilərinin adından istifadə edib süni manevrlər edəcək ki, bu da Rusiyanın hər zamankı hərəkətidir. Bu baxımdan, Azərbaycan və Türkiyə Rusiyanı fakt qarşısında qoymalıdır ki, Rusiya Qarabağdakı oyunlarından əl çəksin.  Rusiya Prezidentinin səsləndirdiyi fikirdən istifadə edib, bunu onların özünə qarşı istifadə etmək lazımdır. Yəni regionda stabilləşdirici, barışdırıcı, sülhyaradıcı addımları artırıb, Ermənistanla ikitərəfli əlaqələri bərpa etmək yolunda işlər görmək lazımdır. Bu vaxt Rusiya öz sözünün əleyhinə gedən addımlar atmaqdan çəkiləcək, çünki bu, onun özünə qarşı işləyəcək".